Azərbaycan və Özbəkistan rəssamlarının birgə iştirakı ilə beynəlxalq onlayn sərgi həyata keçirilib

post-img

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “İpək yolu üstündə dostluq” adlı beynəlxalq onlayn sərgi həyata keçirilib.

Layihə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub. 

XQ xəbər verir ki, sərgidə Azərbaycan və Özbəkistanı təmsil edən ümumilikdə 18 peşəkar rəssamın müxtəlif yaradıcılıq üslublarını və estetik baxışlarını bir araya gətirən əsərləri nümayiş olunub. 

Rəsmlər Böyük İpək yolunun formalaşdırdığı ortaq sivilizasiya mühitini, bu konsteksdə Azərbaycan və özbək xalqlarının müştərək tarixi yaddaşını, mədəni-mənəvi irsini müasir bədii təfəkkür prizmasından əks etdirir.

Onlayn sərgi çərçivəsində layihənin ideya və bədii məzmununu tamamlayan kataloq təqdim olunub.

Kataloq Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Özbəkistanın mədəniyyət elçisi Günay Əfəndiyevanın ön sözü ilə açılır. Qeyd olunur ki, Azərbaycan–Özbəkistan rəssamlarının “İpək yolu üstündə dostluq” adlı birgə sərgisi iki qardaş ölkənin, qardaş xalqın mədəni birliyinin növbəti gözəl nümunələrindəndir. Deputat iki ölkənin sənətkarlarının eyni mədəni platformada bir araya gətirilməsinin, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinin önəminə diqqət çəkib.

O, bu təşəbbüsü Azərbaycan Respublikası ilə Özbəkistan Respublikasının diplomatik münasibətlərin qurulmasının 30 illiyinə töhfə kimi qiymətləndirərək, vurğulayıb:  “Layihə iki ölkənin müştərək tarixi dəyərlər və bu gün ortaq siyasi iradə üzərində yüksələn çoxşaxəli tərəfdaşlıq ruhunu sənətin universal dili ilə bir daha əks etdirir. Çox şadam ki, xalqlarımız arasında həyatın müxtəlif sahələri ilə yanaşı, təsviri sənət müstəvisində də yaradıcı dialoq uğurla inkişaf etdirilir.  Layihədə əməyi keçən bütün təşkilatçılara və iştirak edən istedadlı rəssamlarımıza təşəkkürümü bildirir, sərginin yaradıcı heyətinə ilham və qarşılıqlı əməkdaşlığın davamlı olmasını arzulayıram. Azərbaycan–Özbəkistan qardaşlığının sənətdə təcəssümü ortaq mədəni irsimizi bir daha canlandırsın!”

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov giriş sözündə layihəni iki qardaş xalq arasında dərin tarixi, mədəni və mənəvi əlaqələrin parlaq rəmzi kimi qiymətləndirir: “İncəsənət universal bir dil kimi Böyük İpək yolu boyunca əsrlər boyu formalaşmış dəyərlərin, ənənələrin və dünyagörüşünün ümumiliyini aydın şəkildə əks etdirir. Bu onlayn sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Bu illər ərzində ölkələrimiz qarşılıqlı hörmətə, etimada və dəstəyə əsaslanan möhkəm strateji tərəfdaşlıq münasibətləri formalaşdırıblar. Bu əhəmiyyətli mədəni layihənin təşkilinə bilavasitə dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, bu sərgi Özbəkistan ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsinə və humanitar əməkdaşlığın inkişafına növbəti töhfə olacaqdır”. 

Layihənin Azərbaycan üzrə kuratoru Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Özbəkistan üzrə kuratoru - Özbəkistan Rəssamlarının Yaradıcı Birliyinin üzvü Xurşed Xalilovdur. 

Onlayn sərginin kataloqunun tərtibatçısı Naxçıvan MR Rəssamlar Birliyinin fotoqraf-dizayneri Araz Xudiyevdir.

Qeyd edək ki, “İpək yolu üstündə dostluq” layihəsi uzunmüddətli mədəni təşəbbüs kimi planlaşdırılıb və təqdim olunan sərgi bu layihənin ilk hissəsini təşkil edir. 

















Mədəniyyət