Türkiyə və Azərbaycanı bir-birinə bağlayan tarixi köklər və ortaqlıqlar o qədər güclü olmuşdur ki, bu birliyi rus işğalından sonrakı milli mənsubiyyətə görə basqılar dövründə, hətta sovetlərin dəmir hasarları arxasında unutdurmaq mümkün olmayıb.
Düşmən dairələrin türklüyə qarşı qurduğu məkrli oyunlar hər iki xalqın tarixində qanlı izlər qoyub. Bir vaxtlar Türkiyə Sarıqamış faciəsindən, Çanaqqala savaşından, Mudros acısından keçdiyi kimi, Azərbaycan da 1918-ci il qırğınlarının, müstəqilliyin başlanğıcında isə Meşəli, Xocalı, Ağdaban, Bağanıs Ayrım... soyqırımlarının dəhşətlərini yaşayıb, Qarabağ 30 il erməni tapdağında qalıb. Amma qürurla qeyd edilməlidir ki, hər iki dövlətin qurucularının – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Vətən sevgisi və xilaskarlıq missiyası xalqlarımızıa nicat və dünya birliyində layiqli mövqe qazandırdı.
Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları isə bu günün reallıqlarını ən yüksək səviyyədə ifadə edir. Bu baxımdan Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı bu gün dünyada misilsiz bir örnək təşkil edir.
Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun icraçı direktoru Əvəz Səfərovla söhbətimiz də bu barədə oldu. Əvəz müəllim hələ sovet dövründə uzun illər Rusiyanın Moskva şəhərində yaşayıb və müxtəlif rəhbər vəzifələrdə çalışıb. Harada olub-olmamasından asılı olmayaraq əməli fəaliyyətinin önəmli hissəsini azərbaycançılıq ideyalarının təbliğinə həsr edib, diaspor fəaliyyətinin güclənməsinə çalışıb.
Soydaşımız 2018-ci ildən Türkiyənin Ankara şəhərində yaşayır, bu ölkədə diaspor fəalı, dostluq-qardaşlıq carçısıdır. Söhbətə də elə bu fəaliyyətindən başlayır:
– Bu gün Azərbaycan–Türkiyə münasibətləri böyük türk birliyinin əsasını təşkil edır və bu əməkdaşlıq bütün dünyaya, eləcə də bütün türk ölkələrinə bir nümunədir. Azərbaycan və Türkiyə münasibətləri qardaşlığın elə zirvəsidir ki, tarixin bütün sınaqlarından üzüağ çıxmış və bu ənənə bu gün də ən yüksək səviyyədə davam etdirilir. Bir sözlə, Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin 32 illik tarixi olsa da, iki ölkənin qardaşlığının tarixi uzun illərə söykənir.
Bu tarix o qədər zəngin və əhatəlidir ki, bunların haqqında bir-iki cümlə ilə fikir söyləmək mümkün deyil. Qardaş Türkiyə 1919-cu ildən Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşına başladı, uzun və şərəfli bir yol keçərək 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Türk ordusu ölkəni işğal etmiş düşmənə qarşı 10-dan çox cəbhədə vuruşdu və qalib çıxdı.
Hələ onda Azərbaycan xalqının qəhrəman oğulları da bu savaşlarda bilavasitə iştirak etmiş, yeni qurulmuş Azərbaycan Sovet Respublikası Türkiyəyə böyük maddi yardım göstərmiş, hətta bunu qardaşın-qardaşa təmənnasız köməyi adlandırmışlar. Yaxud Birinci Dünya müharibəsi dövründə Avropanın bütün dövlətləri ilə (Almaniyadan başqa) vuruşan Türkiyə Qafqaza qoşun göndərmiş, Bakını bolşevik-daşnak işğalından azad etmişdir. Təkcə bu faktın Azərbaycanın ictimai-siyasi həyatında nə qədər böyük və misilsiz əhəmiyyəti olduğunu dəyərləndirməmək mümkünsüzdür.
–Əvəz müəllim, 100 il sonra bu tarix yenə təkrarlandı...
–Bəli, 100 il sonra təkrarlanan bu tarix bizi Şuşamıza, 30 il əsarətdə qalan Qarabağımıza qovuşdurdu. Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması bu günümüzün tarixidir. Qardaş ölkə artıq tarix olmuş Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə həmişə Azərbaycana arxa oldu. 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycan Türkiyənin qətiyyətli dəstəyini bir daha gördü. Müharibənin ilk günlərindən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla 80 milyondan çox türk xalqı Türkiyənin Azərbaycanın arxasında olduğunu bütün dünyaya bəyan etdi. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın haqq mübarizəsinə inam və güc verdi.
Azərbaycan xalqı 100 il əvvəl olan xilaskarlıq missiyasını unutmadığı kimi, bunları da yaddan çıxarmayacaq. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini qiymətləndirəndə deyirdi ki, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri durdurdu.
– Xatırlayırsızsa, meşə yanğınları, zəlzələ fəlakətləri olanda–Türkiyənin böhranlı günlərində Azərbaycan xalqı və dövləti kömək üçün səfərbər oldu.
–Düz deyirsiz, Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 48 min insanın həlak olması, 100 mindən artıq insanın yaralanması, genişmiqyaslı dağıntıların qeydə alınması Azərbaycanda da faciə ilə qarşılandı.
Fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Biz xilasedicilərimizin Hatay, Antakya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirakının şahidləriyik. Türkiyədəki səfirliyimizin işçiləri, eləcə də təmsilçisi olduğum Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun üzvləri də o günlərdə bir nəfər kimi səfərbər oldular.
– Yeri gəlmişkən, fondunuzun çoxsahəli səmərəli fəaliyyəti barədə soydaşlarımıza məlumat verin.
– Bizim fondun əsası 1997-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə qoyulub. Türk Dünyasının ən böyük siyasətçilərindən olan Ulu öndər Azərbaycan–Türkiyə birliyinin fəaliyyətini və gərəkliliyini hər kəsdən aydın görən bir siyasət adamı idi. Ona görə də dövlətlərarası münasibətlərin və xalqlarımız arasında əməkdaşlığın dərinləşməsində və inkişafında belə bir fondun yaradılmasını vacib hesab etmişdi.
Fondun əsas missiyası Türkiyə və Azərbaycan başda olmaqla, bölgədə sabitlik, sülh və əmin-amanlığın təmin olunması, ümumi olaraq iki ölkə, eləcə də türk coğrafiyası arasında iqtisadi, mədəni və bir sıra fəaliyyətlərin inkişaf etdirilməsinə nail olmaqdır. Fond bu sahədəki fəaliyyəti ilə xalqlarımızın birliyinə mühüm töhfələr verir.
Bu sahədə fondun həm zəngin təcrübəsi, həm də qurumun missiyasını həyata keçirən təcrübəli kadr potensialı var. Uzun illərdir ki, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fonduna (TADİV) professor Aygün Attar rəhbərlik edir. Həm Türkiyə ictimaiyyətinin, həm də Azərbaycan cəmiyyətinin vətənpərvər bir insan və türkçü kimi tanıdığı Aygün xanımın bu sahədəki fəaliyyəti olduqca təqdirəlayiqdir. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü olan Aygün xanım Azərbaycan əsilli elm və siyasət adamıdır.
Aygün xanım Azərbaycanda doğulub, Bakı Dövlət Universitetində ali təhsil alıb, AMEA-da elmi fəaliyyətlə məşğul olub. Siyasi və elmi fəaliyyətinin önəmli və əhəmiyyətli hissəsi Türkiyə ilə bağlıdır. Türkiyə Respublikasının Nazirlər Kabinetində çalışıb, Baş nazirin müşaviri vəzifəsinə qədər yüksələ bilib. Eyni zamanda Türkiyənin təhsil sistemində ən yüksək vəzifə tutan azərbaycanlı olub: Geresun Universitetinin rektoru vəzifəsində çalışıb.
Fondun Qəyyumlar Şurasının üzvü və sədr müavini Əmirulla Məmmədov da dünyada geniş tanınan insanlardandır. O, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin məşhur Bilkənd Universitetinin professorudur, Nanotexnologiya Elmi Mərkəzinin baş elmi işçisi vəzifəsini tutur. Digər üzvlərimiz haqqında, onların fəaliyyətləri haqqında da ətraflı danışmaq olar. Qısaca olaraq bəzilərinin adlarını çəkməklə kifayətlənirəm: Türkiyə Cümhuriyyətinin xarici siyasət və təhlükəsizlik şurasının üzvləri, professor İlyas Şafi və İlyas Topsakal, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Respublikasının Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri Rəşad Məmmədov, Azərbaycan və Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Necdət Ünüvar və başqaları.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz, ulu öndər Heydər Əliyevin sadiq davamçısı İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun fəxri üzvləridir.
– Fəaliyyətiniz dövründə Azərbaycanda vəTürkiyədə nə işlər görmüsünüz?
– Əlbəttə, çox işlər görülüb və görülməkdədir. Ən əsası odur ki, Azərbaycan–Türkiyə birliyinin möhkəmlənməsi uğrunda fəaliyyət təməl prinsipimizdir. Bu sahədə görülən ən xırda işin belə faydası var. Son genişmiqyaslı tədbirlərimiz “Heydər Əliyev ili” çərçivəsində olduğundan daha çox Ulu öndərin həyat və fəaliyyətinə həsr olunub. Bu ilin may ayında keçirilən “Heydər Əliyev həftəsi” Ulu öndərin 100 illiyinə həsr olundu. Azərbaycan və Türkiyənin millət vəkillərinin iştirakı ilə çoxsaylı görüşlər keçirildi, Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çəkilmiş bədii filmlər göstərildi, foto-stend və sərgilər təşkil olundu.
Bu təşkilati işlərin Ulu öndərin böyük irsinin Türkiyə ictimaiyyətinə təqdim olunmasında böyük əhəmiyyəti var. Heydər Əliyev yolu Azərbaycan–Türkiyə birliyinin inkişafına, əlaqələrin daha da böyüyüb genişlənməsinə xidmət edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə də başlanğıcını bu yoldan götürür.
Bu günlərdə isə Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) başkanı hörmətli Aygün xanımın təşəbbüsü və rəhbərliyi altında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakıda Atatürk Mədəniyyət Mərkəzində Türkiyə və Azərbaycan nümayəndə heyətləri arasında “Dəyirmi masa” keçirildi. Tədbir çərçivəsində işğaldan azad edilmiş torpaqların investisiya imkanları və türk şirkətlərinin bu əraziyə investisiyalarının artırılması əsas mövzu oldu. Bu tədbirin davamı olaraq Bakıda KOBİ-nin evsahibliyi ilə Azərbaycan Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyinin birgə toplantısı keçirildi. TADİV-in təşkilatçılığı ilə Türkiyədən gəlmiş 23 türk iş adamı və müxtəlif şirkətlərin nümayəndələri görüşdə iştirak etdi. Azərbaycanda sahibkarlığın inkişafı, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında biznes imkanları, biznes və investisiya potensialı, yerli və xarici iş adamlarına verilən dəstək barədə məlumatlar ətrafında müzakirələr aparıldı.
– Qarşıda daha hansı tədbirləriniz var?
– Daha böyük tədbirlərin həyata keçirilməsi üçün potensial imkanlarımız var. Fondun yerləşdiyi binada geniş və müasir texniki avadanlıqlarla təchiz edilmiş Azərbaycan evi, Qarabağ elm ocağı, Şuşa konqres salonu fəaliyyət göstərir.
Ümid edirəm ki, yaxın gələcəkdə tarixi və yaddaqalan tədbirimizi Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun növbəti toplantısını Qarabağda – Şuşada keçirmək bizlərə də nəsib olacaq.
– Maraqlı söhbət üçün sağ olun. Şuşa tədbirinizin yüksək səviyyədə keçməsini arzu edir, sizə fəaliyyətinizdə yeni uğurlar diləyirik.
Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”



