Bu sual valideynləri ciddi düşündürür
Təhsil hər bir ölkənin həyatının zəruri və mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi tələbatımıza və gələcək hədəflərimizə uyğun qururuq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, indiyə qədər yaradılmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir.
Məktəb insanın həyatında həlledici rol oynayır, onun şəxsi, intellektual, sosial və peşəkar inkişafına əhəmiyyətli töhfə verir. Bu müqəddəs ocaqda yeni nəsilə bilik və tərbiyə, sosial bacarıq, ictimai həyata hazırlıq, karyera imkanları, vətəndaşlıq məsuliyyətləri aşılanır. Buna görə məktəb mövzusu həmişə və hamı üçün aktualdır. Günün təhsillə bağlı daha bir maraqlı sualı “Məktəb, yoxsa lisey, gimnaziyalar?” formatında müzakirə olunur. Suala aydınlıq gətirmək üçün “gimnaziyanın orta məktəblərdən fərqi nədir?” sualını qismən aydınlaşdıraq.
Gimnaziyalar akademik və intellektual biliklərə üstünlük verən, adətən, xüsusi istedadı olan şagirdlərin təhsil aldığı orta təhsil müəssisəsidir. İbtidai təhsil ( IV sinif) pilləsini tamamlayan hər bir şagird Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada həyata keçirilən qəbul prosesində iştirak edərək lisey və gimnaziyalara daxil ola bilər. Valideynlərin övladının təhsilini məktəbdə, yoxsa gimnaziyada davam etdirməsi sualına cavab olaraq, tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdiyim S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nümunəsində, onun nizamnaməsi və dövlət tələbləri əsasında aydınlıq gətirmək istəyirəm.
İlkin olaraq qeyd edim ki, seçim edərkən öncə şagirdin fərdi xüsusiyyətinə, istək və maraqlarına diqqət etmək lazımdır. Çünki məktəb şagirdin şəxsi keyfiyyətlərinin formalaşmasında, təhsildə nailiyyət əldə etməsində, xüsusən ali məktəbə qəbul kimi bir çox məqsədlərinin həyata keçməsində məqsəd deyil, hədəfə aparan bir vasitədir.
Ölkəmizdə 2 formada gimnaziyalar var: dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan və bu imkanları olmayanlar.
Övladlarının orta təhsili üçün məktəb seçimi qarşısında olan valideynlərin sual və maraqlarını nəzərə alaraq, məktəb və gimnaziya arasındakı bəzi əsas fərqlərə diqqət yetirək.
Tədris planı. Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi tərtib edilmiş tədris planlarında lisey və gimnaziyaların əsas dərs saatlarının miqdarı orta təhsil müəssisələrinin tədris planından fərqli olaraq bir neçə saat artıqdır. Məsələn, riyaziyyat fənninin həftəlik dərs yükünün miqdarı orta məktəblərdə 5 saatdırsa, gimnaziyada bu 7 saatdan başlayır.
Layihə əsaslı fənlərin (STEAM, rəqəmsal bacarıqlar) keyfiyyətli tədrisi. Gimnaziyalarda digər məktəblərdən fərqli olaraq V, VI siniflərdə məntiq və V sinifdə etika dərsləri tədris olunur. İntellektual dərketmənin qanunları, metodları və formaları haqqında elm hesab edilən məntiq fənni tənqidi təfəkkürə əsaslanan elm olduğundan o, şagirdlərdə düzgün təfəkkürün formalaşmasında xüsusi rol olynayır. Habelə ənənəvi məntiq üzərində qurulmuş formal məntiq dərsləri V siniflər arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında şagirdlərin nəticələr göstərməsinə səbəb olur. VI sinifdə riyazi məntiqə əsaslanan fənnin proqramı isə riyaziyyat və informatika fənn olimpiadasında, həmçinin yuxarı (IX, X, XI) sinif şagirdləri üçün keçirilən respublika fənn olimpiadasına hazırlıq mərhələsi kimi qiymətləndirilir.
“Davranış və etika qaydaları” fənni üzrə tədris proqramı da Təhsil İnstitutu tərəfindən hər il yenilənib təsdiqlənir. Gimnaziyalarda, adətən, əsas xarici dillə yanaşı, ikinci əcnəbi dil seçimi şagirdlərin və valideynlərin ixtiyarına verilir.
Şagirdlərin akademik inkişaf dinamikasını və tədrisin keyfiyyətini ölçmək məqsədilə ildə, ən azı, iki dəfə məktəb rəhbərliyi tərəfindən monitorinqlər, habelə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan SMİ (səviyyə müəyyənetmə imtahanı) həyata keçirilir. Şagird nailiyyətinin təhlil və müqayisələri aparılır, nəticədən asılı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Gimnaziyada pedaqoji heyət iki qrupa bölünür: fənn müəllimləri və sinif rəhbərləri. Gimnaziyada da orta ümumtəhsil məktəblərində olduğu kimi, eyni dərsliklər əsasında dərs saatlarına və cədvəllərinə uyğun olaraq müvafiq fənlər peşəkar fənn müəllimləri tərəfindən tədris edilir. Onların tədris prosesinin orta ümumtəhsil məktəblərindən fərqi odur ki, tədris müasir təlim texnologiyaları əsasında aparılır. Sinif rəhbərləri heç bir fənn tədris etmirlər. Onlar tərbiyəçi-müəllim kateqoriyasına daxil olub məktəbdə şagirdlərin davranış, təhsil və inkişaf prosesini təşkil edirlər.
Gimnaziya 7/24 açıq məktəbdir. O, qeyri-ərazi məktəbi olduğu üçün uzaq (əsasən bölgələrdə, şəhərətrafı kəndlərdə) məsafədə yaşayan şagirdlərə yataqxana şəraiti yaradılır. Gimnaziya şagirdləri xüsusi mühafizə sisteminin – mühafizəçilər, güvənlik kameraları, gecə gözətçiləri və dayələrin nəzarətindədir. Gimnaziyada tədris birnövbəlidir. Həftədə 5 gün 8.30-dan etibarən tədris prosesinə başlanılır. Dərslər bitəndən sonra etüd dərslərinə qalan şagirdlər yeməkxanaya, digərləri isə evlərinə ötürülür. Etüd dərsləri 17.00-da bitir, şagirdlər sinif rəhbərləri tərəfindən valideynlərə təhvil verilir.
Gimnaziyada psixoloq və həkim xüsusi əhəmiyyətli əməkdaş hesab olunur. Yataqxanada yerləşən, valideyn himayəsindən uzaq olan şagirdlərə psixoloq, həkim dəstəyi və nəzarəti göstərilir. Güclü nizam-intizam və nəzarət, maddi-texniki baza, inkişaf proqramları, pilot layihələr, sağlam təhsil mühiti, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri olan gimnaziyalar tarixən də elit təbəqələrin təhsil aldığı müəssisə hesab edilib. Azərbaycanda ilk rusdilli orta təhsil müəssisəsi 1865-ci ildə Bakıda açılıb. Sonralar Gəncədə də belə bir gimnaziya fəaliyyətə başlayıb.
Beləliklə, ölkəmizdə uğurlu inkişaf mərhələləri keçən, nüfuzlu şəxsiyyətlər yetişdirən 150 yaşlı gimnaziya xüsusi məktəb nizamnaməsinə, dövrünün tədris ənənələrinə görə ən yaxşı məktəblərdən hesab edilib. Bu gün də gimnaziya təhsili yerli və xarici olimpiadalarda şagird nailiyyətlərinə, tədrisin keyfiyyətinə, sosial fəaliyyətlərin rəngarəngliyinə, yerli və beynəlxalq universitetlərə qəbul faizinə görə bir çox məktəblərdən öndədir.
Leyla HACIYEVA,
S.C.Pişəvəri adına gimnaziyanın tədris işləri üzrə direktor müavini

