Layihənin adındakı “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsi nəyə hədəflənib?
Hələlik nə rəsmi Bakı, nə də Ermənistan hakimiyyəti tərəfindən münasibət bildirilməyən bu plan ətrafında ictimai diskussiyalar davam edir. Ortalıqdakı yeganə fakt ondan ibarətdir ki, Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı “Lavrov planı” adlanan sənəd Xankəndidəki separatçıların nümayəndəsi Tiqran Petrosyan tərəfindən yayımlanıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfindən hazırlandığı deyilən layihənin adında onun “Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin məskunlaşması üçün” təklif edildiyi vurğulanır. Madrid prinsipləri əsasında hazırlandığı ehtimal olunan layihədə yazılanları diqqətlə oxuduqda aydın olur ki, Azərbaycan qanunvericiliyi səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarının, eləcə də Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun ölkə qanunları çərçivəsində təmin ediləcəyi vəd olunur. 14 maddədən ibarət olan “Lavrov planı”, yaxud təkliflər layihəsi “Azərbaycan SSR-in keçmiş Qarabağ vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.
Təklif olunan layihədə ermənilərin açıq şəkildə Azərbaycan ərazisində yaşayacağı, ölkəmizin ərazi bütövlüyünü tam tanıyacağı və ən əsası, onların bizim daxili qanunlarımızla hərəkət edəcəklərinın göstərilməsi müsbət haldır. Bəzi ekspertlər “Lavrov layihəsi”nin ermənilərin Sovetlər dönəmindəki “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yenidən dirçəldirməsi cəhdi kimi qiymətləndirirlər. Həmin layihədə, guya, ermənilərə vilayətin hüquq-mühafizə orqanlarında vəzifələrin verilməsi bəndinin yer aldığı söylənilir. 14 maddəlik layihənin bir çox müddəalarının Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili siyasətinə zidd olduğu, ermənilərə əlahiddə səlahiyyətlər tanımaqla ölkəmizdə yaşayan digər xalqların bərabərlik prinsipinin pozulması demək olar. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ ermənilərinin Azərbaycanın Konstitusiyasına uyğun olaraq söz, vicdan azadlığı, təhsil almaq və s. hüquqları olacaq. Yəni, digər etnik azlıqlar kimi ermənilərə də eyni şərait yaradılacaq, amma, yalnız qanunda göstərilən hüdudlarda. Fəqət, Qarabağ iqtisadi rayonumuzda yaşayan ermənilərin Ermənistana getmələri üçün Laçın yolunun tamamilə açıq saxlanması, gediş-gəlişin sərbəst olması qəbuledilməzdir. Ən azı ona görə ki, bu, Azərbaycanın daxili təhlükəsizliyinə zidd məqamdır.
Separatizmə yol verilməyəcək
Moskvanın ortaya atdığı həmin təklif layihəsinin mükəmməl olmadığını, onun beynəlxalq hüququn normalarına uyğun hazırlanmadığını deyənlər də az deyil. “Lavrov planı” hərtərəfli analiz edildikdə layihənin 4 və 10-cu maddələrində qərəz elementlərini aşkar etmək mümkündür. Yəni Moskvada hazırlanmış 14 maddəlik sənəddə Qarabağ ermənilərinə bəzi imtiyazlar tanınır ki, bu da ekspertlərin fikrincə, etnik separatizm toxumlarının saxlanılmasına hesablanıb. Xankəndidəki separatçı rejimin nümayəndələri yerli ictimai fəallarla təmaslarında yeni planı rəsmi Bakı və Qarabağ erməniləri arasında sülh müqaviləsi layihəsinin surəti kimi təqdim edirlər.
Rusiyanın təklif etdiyi sənəddə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən yalnız məhkəmə tərəfindən sübut olunmuş cinayətləri törətmiş ermənilərin cinayət təqibinə məruz qalması nəzərdə tutulur. Başqa sözlə, separatçı rejimin Azərbaycana qarşı müharibələrdə iştirak etmiş, amma hərbi cinayəti olmayan məmurları cəzadan azad ediləcəklər. Düzdür, Kremlin təklif etdiyi layihədə separatçıların danışıqlarda tərəf kimi iştirakı, eləcə də Azərbaycandan kənarda ikinci erməni dövlətinin yaradılması ilə bağlı mülahizələr yer almayıb.
Xankəndidə yayılan məlumatlardan belə anlaşılır ki, layihə Bakı tərəfindən dəstəklənir, amma separatçılar tərəfindən rədd edilir. Bu barədə qondarma rejimin kiçikçaplı məmurlarından sayılan Vahan Poqosyan fikirlərini paylaşıb: “Əslində, çıxış yolu yoxdur, ona görə də imzalamaq lazım gələcək”. Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasını nəzərdə tutan layihənin həm də bölgədə yeni müharibə təhlükəsinin qarşısının alınmasına hesablandığını da söyləmək mümkündür. Əgər “Lavrov planı”nda beynəlxalq hüquqda təsbit olunmuş və dövlətin mənafeyinə ziyan vurmayan haqların tanınmasından söhbət gedirsə, onu nəzərdən keçirməyə və uyğun qərar qəbul etməyə dəyər. Hazırda Qarabağ iqtisadi rayonumuzda yaşayan ermənilərin bələdiyyə qurumları var. Həmin yerli özünüidarəetmə qurumunun qərarı ilə onların ərazisində, yol nişanlarında, yönəldici plakat və banerlərdə, inzibati-coğrafi adlarda və s. yerlərdə Azərbaycan dili ilə yanaşı, erməni dilindən də istifadə olunacaq. Azərbaycan Konstitusiyası milli azlıqların məktəbinin olmasına icazə verir. Aydın məsələdir ki, başqaları kimi ermənilər də Azərbaycanın dövlət dilini zəif bilsələr, işlə təminat məsələsində problemlə üzləşəcəklər. Yəni, idarəetmə strukturunda müəyyən mənsəb sahibi ola bilməyəcəklər. Bu səbəbdən, Azərbaycan dilini mükəmməl öyrənməli olacaqlar.
Xüsusi imtiyazlar müzakirə mövzusu deyil
Xankəndi–Bakı dialoqunu canlandırmağa hesablanan “Lavrov planı”nın 12-ci bəndində Ermənistan və Azərbaycan arasında imzalanacaq ayrıca sazişlə Qarabağda yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi təklifi yer alıb. 13-cü bənddə isə daha maraqlı hüquqi məqamlar var. Deməli, Qarabağın erməni əhalisi sərhədi keçərək digər dövlətin ərazisində yaşayan şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyətə malik insanlarla azad və dinc münasibətlər qura, əlaqə saxlaya bilər. Həmçinin, sonuncu – 14-cü bənddə erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması təklif edilir. “Lavrov planı”nın sual doğuran, mübahisələndirilə biləcək incəliyi budur. Layihənin digər 11 bəndi də bu və ya digər şəkildə etnik separatizmi stimullaşdıracaq amillərə yol açan təsiri bağışlayır. Ən ümdəsi isə bu təkliflər paketi Rusiyanın “aparıcı vasitəçi” kimi Qarabağda uzun müddət qalmasına şərait yaratmağa hesablanıb. Bakı üçün ən məqbul variant Qarabağdakı erməni icması ilə kənar aktorların iştirakı olmadan, tet-a-tet danışmaq, onların Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra respublikamızın digər milli azlıqları, etnik-dini qurumları kimi bərabərhüquqlu və təhlükəısiz yaşamasını təmin etməkdir.
Əksər siyasi şərhçilərin gəldiyi qənaət belədir ki, ortaya çıxarılan sənəddə daha çox Rusiyanın strateji maraqları önə çəkilib. Əslində, “Lavrov planı”ndakı bu müddəaların altında Moskvanın bir növ görünməyən niyyətləri “cücərir”.
Bu amilə diqqəti yönəldən politoloq İlqar Vəlizadə Moskvanın öz təkliflərini mütləq həqiqət, yaxud imperativ kimi qəbul etdirə biləcəyinin mümkünsüzlüyünü vurğuladı:
“Təklif olunan sənədin ayrı-ayrı maddələrində Qarabağ erməniləri üçün statusdan yüksək imtiyazlar irəli sürülür. Doğrudur, münaqişənin həllində əsas vasitəçi kimi Rusiya bu təkliflərlə müzakirələrdə iştirak edə bilər, amma ermənilərin bu günü və gələcəyi ilə bağlı məsələlər Azərbaycanın hakimiyyət orqanları tərəfindən ölkənin Konstitusiyasına uyğun şəkildə verilməlidir. Geniş şəkildə “Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindəki erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” kimi adlandırılan və 14 maddədən ibarət bu sənədin maddələri mahiyyətcə başlıqla üst-üstə düşmür. Bir dövlət tərəfindən digər dövlət üçün müəyyən planın tərtib olunması, onun ərazi vahidinin formalaşdırılması üçün xüsusi bir müddəanın hazırlanması və qonşu dövlətin bu müddəalarla razılaşdırılması cəhdi normal deyil”.
Milli siyasətin sovet formulu?
Yeri gəlmişkən, “Lavrov planı” BMT TŞ-də məlum dinləmələrindən əvvəl təklif edilmiş sənəd layihəsidir. Amma, hələlik nə Azərbaycan, nə də Ermənistan bu layihəyə rəsmi səviyyədə münasibət bildirib. Rusiyanın baş diplomatının açıqlamasına görə, bu, üç ölkənin Xarici işlər nazirlərinin görüşündə ortaya çıxan bir sənəddir: “Azərbaycan Xarici İşlər Nazirliyi bu təklif-layihəyə cavab verə bilər. Fəqət, indiyə qədər reaksiya olmayıbsa, deməli, məsələyə o qədər də ciddi yanaşma yoxdur”. Politoloq İlqar Vəlizadə münaqişənin tarixinə diqqəti çəkərək deyir ki, “Dağlıq Qarabağ” adlı bir ərazi vahidi məhz Sovet İttifaqı dönəmində Azərbaycana zorla tətbiq olunub və Moskva bu ərazi vahidinin qarantı kimi çıxış edib:
“Sovet dövründə tətbiq olunan xalqlar siyasəti nəzərdə tuturdu ki, müxtəlif millətlərin bir-biri ilə münasibətlərinin tənzimlənməsində Moskva xüsusi rol oynamalıdır və oynayırdı da. Guya, bu yolla SSRİ-də mili-siyasi sabitlik tənzimlənirdi. İndi isə vəziyyət dəyişib. Azərbaycan, Rusiya və Ermənistan müstəqil dövlətlərdir. Ona görə də suveren bir dövlətin ərazisində baş verən proseslərə müdaxilə etmək qəbuledilməzdir. Beynəlxalq prinsiplərə görə, bir dövlət digər dövlətin daxili işlərinə qarışmamalıdır. Bu planda isə bəzi maddələrdə müdaxilə elementi var ki, bu, yolverilməzdir”.
Aydın məsələdir ki, Azərbaycan heç bir halda suveren hüquqlarını bu və ya başqa formada məhdudlaşdıracaq hər hansı bir sənədin tətbiq edilməsinə razılığını verməyəcək. Bizim ali qanunumuz sayılan Konstitusiyamızda hər şey aydın şəkildə göstərilir. Burada bir millət digər millətlərdən fərqli tutulmur, hamısı Azərbaycan dövlətinin ərazisi daxilində bərabərhüquqlu vətəndaş kimi yaşayır. Elə bütün ölkələrin öz hüquqları və hüdudları çərçivəsində yaşayıb fəaliyyət göstərməsi daha doğru olar. Bu halda Cənubi Qafqazda vəziyyətin və münasibətlərin tənzimlənməsi missiyası bölgədə maraqlı tərəflərin boynuna düşməz. Bakının beş ay bundan əvvəl İrəvana təklif etdiyi və 5 bəndən ibarət sülh sazişinin mətni hər iki tərəf üçün daha məqbuldur.
Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir və erməni icması burada yaşayan digər azsaylı xalqlardan artıq deyil. Bəlkə də bunun əksinədir. Ona görə ki, onlar bölgədə yaşanan bütün münaqişələrin və faciələrin baiskarlarıdır. İndi durub onlara xüsusi imtiyazlar, səlahiyyətlər vermək qətiyyən olmaz. Bu, sonrakı dövrlər üçün saatlı bomba effektini verəcək əlavə problemlər deməkdir. Bəli, onlar Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməli və bu şərtlər daxilində yaşamalıdırlar. Bunun alternativi yoxdur!
Fikrət SADIXOV,
politoloq:
Sergey Lavrovun irəli sürdüyü təkliflər nə Ermənistanın xeyrinədir, nə də Azərbaycanın. Əsas məqsəd bölgədə Rusiyanın maraqlarını qorumaqdır. Kreml yaxşı başa düşür ki, hazırda yaranmış olduqca mürəkkəb geosiyasi vəziyyət fonunda, xüsusilə də Ukrayna cəbhəsində durumu nəzərə alsaq, Rusiyanın regiondakı rolu zəifləyə bilər. Sülh missiyasının ağırlığını indi Vaşinqton və Brüssel öz üzərinə götürüb və daha səmərəli danışıqlar məhz onların meydançalarında gedir. Bu təkliflərdə müəyyən müsbət məqamlar da ola bilər. Amma layihədə Azərbaycanın maraqlarına zidd, bizi qane etməyən təkliflər yer alır. Etnik ermənilərin Qarabağın rəsmi qurumlarında təmsil olunması, hansısa dövlət strukturlarında fəaliyyət göstərməsi məsələnin ikinci dərəcəli tərəfidir. O məqama çatanadək biz gərək Ermənistanla münasibətlərimizi normallaşdıraq və sülh sazişini imzalayaq. Bu zaman İrəvan özünün iddialarından əl çəkməlidir. “Beynəlxalq mexanizm çərçivəsində”, “etnik təhlükəsizlik” kimi ifadələr arxa plana keçməlidir. Fikrimizcə, bu planda ən əsas məsələlərə toxunulmayıb. Yəni, Cənubi Qafqazda hadisələr hələ özünün sonuncu fazasına çatmayıb. Bir sıra problemlər həllini gözləyir. İndilikdə onlar Ağdam–Xənkəndi yolu ilə bizdən humanitar yardımı qəbul etmək istəmirlər. Laçın yolu ilə bağlı BMT-də hay-küy qaldırdılar. Bu məsələlər həllini tapandan sonra ola bilsin ki, “Lavrov planı”ndakı hansısa müsbət məqamlardan da yararlanmaq olar. İndi reallıq bundan ibarətdir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”




