Strateji sənəd bölgələrdə geniş müzakirə edilir və yüksək qiymətləndirilir
Abşeron–Xızı və Quba–Xaçmaz iqtisadi rayonları
İyunun 16-da Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonlarında Azərbaycan Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Qubada keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, habelə Abşeron, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarını təmsil edən fermer və sahibkarlar iştirak ediblər.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dövlətimizin başçısının kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər və bu istiqamətdə qarşıya qoyulan vəzifələr barədə danışıb, həmçinin yeni Dövlət Proqramının əsas məqsəd və hədəfləri haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, aqrar sahədə əldə olunmuş nəticələr növbəti mərhələdə daha yüksək məhsuldarlığın təmin edilməsini, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsini və özünütəminetmə səviyyəsinin artırılmasını zəruri edir. Prezidentin köməkçisi vurğulayıb ki, yeni Dövlət Proqramı aqrar sahənin dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və daxili istehsal potensialının artırılmasına xidmət edir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramı çərçivəsində fermerlər üçün nəzərdə tutulan yeni dəstək mexanizmləri, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat verib. Nazir müavini buğdaçılıq, bağçılıq, heyvandarlıq və quşçuluq sahələri üzrə müəyyən edilmiş hədəflərdən bəhs edərək, suvarma, texnika təminatı, saxlama infrastrukturu və güzəştli maliyyələşdirmə imkanlarının genişləndirilməsinin məhsuldarlığın artırılmasına və fermerlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət etdiyini bildirib.
Sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov aqrar sahənin dayanıqlı inkişafında su ehtiyatlarının səmərəli idarə olunmasının və etibarlı su təminatının əhəmiyyətindən danışıb. O, regionlarda həyata keçirilən su təsərrüfatı layihələri, suvarma infrastrukturunun modernləşdirilməsi və müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib. Agentlik sədri qeyd edib ki, Dövlət Proqramı çərçivəsində su resurslarından daha səmərəli istifadə, su itkilərinin azaldılması və kənd təsərrüfatı istehsalçılarının su təminatının yaxşılaşdırılması əsas prioritetlərdəndir.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov rayonda kənd təsərrüfatının inkişafı, mövcud aqrar potensial və Dövlət Proqramından irəli gələn vəzifələr barədə məlumat verib. O bildirib ki, Quba ölkənin əsas meyvəçilik mərkəzlərindən biri olmaqla yanaşı, bağçılıq, heyvandarlıq və emal sənayesinin inkişafı üçün geniş imkanlara malikdir. İlqar Mahmudov Dövlət Proqramının icrası məqsədilə rayonda müvafiq fəaliyyət planının hazırlandığını, kənd təsərrüfatı sahəsində ixtisaslı kadr hazırlığının gücləndirilməsi və aqrar potensialın daha səmərəli reallaşdırılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Müzakirələr zamanı çıxış edən fermer və sahibkarlar aqrar sahəyə göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış əlverişli biznes və investisiya mühitinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin kənd təsərrüfatı məhsullarının istehsal və emal imkanlarının genişləndirilməsi, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Çıxışlarda proqramdan irəli gələn vəzifələrin icrasında fəal iştirak etməyə, yerli istehsalın artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduqları ifadə edilib.
Müşavirənin yekununda Zeynal Nağdəliyev Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. O, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin edilməsi, aidiyyəti qurumlar arasında əlaqələndirmənin gücləndirilməsi və qarşıya qoyulmuş vəzifələrin operativ şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
Lənkəran–Astara iqtisadi rayonu
İyunun 16-da Lənkəran-Astara iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələri və fermerlərin iştirakı ilə regional müşavirə keçirilib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov çıxışında son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən sistemli islahatlar nəticəsində mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Qeyd edib ki, aqrar sahəyə dövlət dəstəyinin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrin istehsal və ixrac potensialı artmış, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunmuşdur. O, həmçinin vurğulayıb ki, qəbul edilmiş Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən edən strateji sənəd olmaqla məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli və ixracyönümlü istehsal modelinə keçidin sürətləndirilməsinə xidmət edir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcəyini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəyini qeyd edib. Dövlət Proqramı çərçivəsində buğda istehsalında məhsuldarlığın hədəf rayonlarda 50 sentnerə, 31 dəmyə rayonda, - hansı ki buna Lənkəran-Astara iqtisadi rayonu da daxildir, - 30 sentnerə çatdırılması, 22 rayon üzrə kombayn parkının 571 yeni kombaynla yenilənməsi, 84,9 min hektar sahədə lazer hamarlama texnologiyasının tətbiqi və intensiv bağçılığın genişləndirilməsi nəzərdə tutulur. Həmçinin bildirib ki, Dövlət Proqramı çərçivəsində 150 min ton əlavə taxıl silosu və 100 min ton yeni soyuducu anbar tutumunun yaradılması planlaşdırılır. Bu məqsədlə müvafiq avadanlıqların dəyərinin 40 faizinin dövlət güzəştləri, 40-50 faizinin isə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi vasitəsilə dəstəklənməsi planlaşdırılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov çıxışında Dövlət Proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılmasının və sudan faydalı istifadə göstəricisinin 45 faizdən 95 faizə yüksəldilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. O qeyd edib ki, Lənkəran-Astara iqtisadi rayonunda su təminatının yaxşılaşdırılması məqsədilə Viləşçay su anbarının genişləndirilməsi, yeni su anbarlarının tikintisi və mövcud suvarma infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Bildirib ki, 2025-ci ildə region üzrə 35,7 min hektar əkin sahəsi suvarılıb, o cümlədən 13,4 min hektar dənli bitki, 9 min hektar bostan-tərəvəz, 5,3 min hektar çoxillik əkmələr suvarma suyu ilə təmin olunub. Vurğulayıb ki, müasir suvarma texnologiyalarının tətbiqi, su ehtiyatlarının səmərəli idarəolunması və meliorasiya layihələrinin icrası regionun aqrar potensialının inkişafına, məhsuldarlığın artırılmasına və su itkilərinin minimuma endirilməsinə mühüm töhfə verəcək.
Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi xüsusi diqqət və bu istiqamətdə qəbul olunmuş Dövlət proqramları nəticəsində rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və digər ənənəvi kənd təsərrüfatı sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub. O qeyd edib ki, son illərdə çəltik əkin sahələri və məhsul istehsalı əhəmiyyətli dərəcədə artmış, yeni emal müəssisələri yaradılmış, çay plantasiyaları və intensiv sitrus bağları genişləndirilib, çiyələkçilik sahəsində yüksək nəticələr əldə olunub. O, həmçinin rayonun aqrar və aqro-emal potensialına diqqət çəkərək, məhsulların ixrac həcminin artdığını, soyuducu anbar infrastrukturunun inkişaf etdirildiyini, kənd təsərrüfatında məşğulluğun genişləndirildiyini bildirib.
Müşavirədə çıxış edən fermerlər və sahibkarlar rəhbərlik etdikləri təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və inkişaf planları barədə məlumat veriblər. Onlar kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulan yeni dəstək mexanizmlərinin istehsalın artırılmasına, təsərrüfatların genişləndirilməsinə və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcəyini qeyd ediblər. Çıxış edənlər, həmçinin regionun aqrar potensialının daha səmərəli reallaşdırılması istiqamətində Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasına fəal şəkildə qoşulacaqlarını və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün səylərini davam etdirəcəklərini bildiriblər.
Müşavirənin yekununda Natiq Əmirov Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə əsaslanan aqrar inkişaf modelinin formalaşdırılmasına xidmət etdiyini bildirib. O qeyd edib ki, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və saxlama infrastrukturunun inkişafı, heyvandarlıq və akvakultura sahələrinin genişləndirilməsi kimi vəzifələrin icrası mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyəti, eləcə də sahibkar və fermerlərin fəal iştirakı ilə mümkün olacaq.
Qarabağ iqtisadi rayonu
İyunun 16-da Qarabağ iqtisadi rayonunda Prezidentin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə keçirilib.
Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilib.
Ağcabədidə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələr, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarından olan fermer və sahibkarlar iştirak ediblər.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov dövlətimizin başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar, həmçinin Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının aqrar inkişaf perspektivləri barədə məlumat verib. O vurğulayıb ki, 2026–2030-cu illər üçün Dövlət Proqramı qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəd olmaqla, kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılmasını, emal imkanlarının və ixrac potensialının genişləndirilməsini, mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni nəzərdə tutur. Qeyd edilib ki, proqramda müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, toxumçuluq və damazlıq bazasının gücləndirilməsi, aqrar maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, emal və logistika infrastrukturunun inkişaf etdirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafı üzrə tədbirlər planlaşdırılıb. Bildirilib ki, regional müşavirənin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəf və vəzifələri müzakirə etmək, yerlərdə mövcud vəziyyəti qiymətləndirmək, fermer və sahibkarların rəy və təkliflərini dinləmək və proqramın icrası ilə bağlı qarşıda duran vəzifələri dəqiqləşdirməkdir.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramı çərçivəsində Qarabağ iqtisadi rayonu üzrə nəzərdə tutulan prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılmasını hədəfləyir. Qeyd olunub ki, proqram 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Təqdimatda buğda və pambıq istehsalında məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi, kənd təsərrüfatı texnikası parkının yenilənməsi, lazer hamarlama texnologiyasının tətbiqi, taxıl siloları və soyuducu anbar infrastrukturunun yaxşılaşdırılması, intensiv bağçılıq, heyvandarlıq və qoyunçuluğun inkişafı üzrə tədbirlər, eləcə də fermer və sahibkarlar üçün nəzərdə tutulan subsidiya və güzəştli maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov çıxışında Qarabağ iqtisadi rayonunun aqrar potensialının reallaşdırılmasında etibarlı və dayanıqlı su təminatının mühüm rolundan danışıb. O, region üzrə Agentliyin xidmət göstərdiyi ərazilərdə 249 min 307 hektar suvarılan sahə üçün cari ildə 1 277,651 milyon kubmetr suvarma suyunun təmin edilməsinin planlaşdırıldığını, Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında isə ümumilikdə 5272 kilometr suvarma infrastrukturunun mövcud olduğunu qeyd edib. Bildirilib ki, qeyd edilən rayonlar üzrə 29 Su İstifadəçiləri Birliyi 249 min 870 hektar xidməti ərazini əhatə edir və 256 kənd üzrə 78 min 147 su istifadəçisinə xidmət göstərir. Çıxışda Qarabağ suvarma kanalı, Baş Mil kanalı, Yuxarı Mil kanalı və Tərtərçay suvarma sisteminin regionun su təminatında xüsusi əhəmiyyəti, suvarma infrastrukturunun təkmilləşdirilməsi, su itkilərinin azaldılması, müasir suvarma texnologiyalarının tətbiqi və Dövlət Proqramının icrası çərçivəsində fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər barədə məlumat verilib.
Daha sonra çıxış edən sahibkarlar Ağcabədi rayonundan Vüqar Ağayev, Bərdə rayonundan Afəddin Hüseynov və Zaur İsmayılov, habelə Füzuli rayonundan fermer Facət Heydərov və Tərtər rayonundan fermer Arif Orucov Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və dövlət dəstəyinə görə təşəkkürlərini bildirərək, Dövlət Proqramının kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin genişləndirilməsi və investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Müşavirənin yekununda Şahmar Mövsümov Dövlət Proqramının yerlərdə səmərəli icrasının təmin olunması məqsədilə yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin həlledici əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin Dövlət Proqramının fermerlər və sahibkarlar arasında geniş təbliğinin təşkili, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılması istiqamətində özəl sektorun fəal iştirakının təmin edilməsi və aqrar dəyər zəncirinin bütün həlqələri üzrə əməkdaşlığın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, müşavirədə səsləndirilən rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim olunacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq.
XQ






