Müsahibimiz Xalq yazıçısı Elmira Axundovadır
(əvvəli qəzetimizin 9 dekabr 2025-ci il sayında)
– Jurnalistlər siyasətdə iştirak etmir, amma yazdıqları siyasi hadisələrin axarına təsir edə bilir. Sovet dönəmindən jurnalist fəaliyyəti ilə məşğul olmusunuz, həm də İttifaq miqyaslı bir nəşrin xüsusi müxbiri olmusunuz. 1980-ci illərin sonunda Mixail Qorbaçov Heydər Əliyevi hakimiyyətdən getməyə məcbur edəndən sonra Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşməyə, erməni separatizmi alovlanmağa başlayanda respublikanın tanınmış ziyalıları, müdrik insanlar, xalqın böyük əksəriyyətinin yadına ilk düşən niyə məhz Heydər Əliyev olurdu? O vaxt bunun səbəbini nədə görürdünüz?
– Doğru deyirsiniz, 1990-cı illərin gerçək mənzərəsi belə idi. Bir qədər əvvələ getmək istərdim. 1979-80-ci illərdə mən Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan Yazıçılar Birliyi) gəldim. 2 il Azteleradio komitəsində işlədim, xoşum gəlmədi və ordan çıxdım. Həyat yoldaşım AYİ-nın katibi İshaq İbrahimovdan xahiş etdi ki, məni ora işə düzəltsin. O da məni sədr İmran Qasımovun yanına apardı. Onlar istəyirdilər ki, gəncləri işə götürüb İttifaqda yeni ab-hava yaratsınlar. Məni Kübra xanım adlı yaşlı bir qadının yerinə işə götürdülər. Burada çalışdığım dövrdə AYİ-nin xətti ilə bir çox maraqlı və mədəni tədbirlər keçirildi: “Vaqif poeziya günləri”, “Xalqların dostluğu ədəbiyyatların dostluğu”, klassiklərin yubiley mərasimləri, konfranslar və s.
Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olanda Mərkəzi Komitə həmin illərdə onlarla ədibimizə adlar, orden və medallar, təqaüdlər, mənzillər verirdi. Bunların təqdimatının yazılması mənə həvalə edilmişdi. Mən də bu təqdimatları rus dilində yazırdım. Sonra Mirzə İbrahimov AYİ-nin sədri olanda tapşırdı ki, təqdimatları Azərbaycan dilində yazım. Mənim (gülə-gülə deyir-İ.R.) qara günlərim bundan sonra başladı. İmran Qasımov rusdilli idi, MK-da oturanlara da bu sərf edirdi, çünki onlar da rusdilli idilər. Amma Mirzə İbrahimov öz dilimizin vurğunu idi. İkinci bir tərəfdən də Heydər Əliyev Azərbaycan KP MK-nın katibi seçiləndən sonra ana dilində danışmaq sürətlə populyarlaşmağa başlamışdı. O özü də yığıncaqlarda, görüşlərdə, respublika əhəmiyyətli mərasimlərdə ana dilində danışmağa üstünlük verirdi.
Mirzə İbrahimov çox qayğıkeş insan idi və mənə münasibəti də ata−bala münasibəti idi. Elə birinci gündən dedi: “Qızım, bu məktubları, təqdimatları Azərbaycan dilində yaz”. Əslində, o haqlı idi. Necə ola bilərdi ki, Azərbaycan Yazıçılar İttifaqında rus dilində məktub, təqdimat yazılsın. Bəlkə də Mirzə İbrahimov o vaxt AYİ-na gəlməsəydi, mən Azərbaycan dilini öyrənməzdim.
Biz təqdimatları yazırdıq, Mirzə müəllim baxırdı, düzəlişlərini edirdi, sonra Mədəniyyət Nazirliyinə göndərirdik. Nazirlikdə Xeyrulla Əliyev vardı, Azərbaycan dilini yaxşı bilirdi. Amma bu məktub və təqdimatlar Mədəniyyət Nazirliyinin şöbə müdirinin müavini Nəriman Məmmədova gəlirdi, o isə Azərbaycan dilini bilmirdi. Bir gün də Xeyrulla müəllim mənə zəng vurdu ki, Elmira xanım, bunları necə rus dilində yazırdın, elə də yazıb göndər. Dedim, edə bilmərəm, Mirzə müəllim qoymur, ancaq Azərbaycan dilində. O da qayıtdı ki, sən Azərbaycan dilində göndər. Amma rus dilində surətini də əlavə et.
Mən o zaman görürdüm ki, Heydər Əliyev yazıçılar üçün nə qədər iş görür. Birinə orden, birinə fəxri ad, birinə ev və sair. Elə Heydər Əliyev yazıçılar üçün yaradıcılıq evi açdı. Biz hər il orada istirahət etməyə başladıq. Nə mən, nə də o yaradıcı insanlar bunları unuda bilməzdik. Ona görə də Bayram Bayramovdan başqa heç kim ondan üz çevirmədi, əksinə, gizli-aşkar ona rəğbət və məhəbbətlərini bildirirdilər. Doğrudur, bir çoxları açıq-saçıq onu müdafiə edə bilmirdi, amma gizlin-gizlin ona üstünlük verirdilər.
Mənim bugünlərdə yeni kitabım çıxıb. Orda Rüstəm İbrahimbəyovun ulu öndərlə bağlı fikirləri yer alıb. Çünki Moskvada vəzifədən gedəndən sonra hamı Heydər Əliyevdən üz çevirəndə, onu axtarmayanda, Rüstəm İbrahimbəyov və Tahir Salahov onu axtarıblar, onun yanına gediblər, ürək-dirək veriblər. Tahir Salahov və Rüstəm İbrahimbəyov hərəsi iki dəfə gedib Barvixada ona baş çəkmişdilər. Azərbaycana gələndə, Mədinə Gülgünün dəfnində iştirak edəndə, nə qədər adam onun başına toplaşdı...
– Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 1991-ci ildə keçirilən IX qurultayında iştirakı o zaman yaxşı mənada çox böyük əks-səda doğurmuşdu. Bildiyim qədər onun qurultaya dəvət edilməsinin “günahkarlarından” biri siz olmusunuz. Bu təşəbbüs necə meydana çıxdı və yuxarılar bunu necə qarşıladılar?
– Doğru deyirsiniz, həqiqətən də bu təşəbbüs mənim tərəfdən irəli sürülüb. Mən bu hərəkətimlə fəxr edirəm. Neçə illər keçəcək, yenə bu hərəkətimlə qürur duyacağam.
Həmin vaxtlarda mən “Literaturnaya qazeta”nın xüsusi müxbiri kimi Azərbaycanda da, Moskvada da çox populyar olmuşdum. Ədəbiyyat, mədəniyyət, mənəviyyat və siyasi hadisələrlə bağlı çox aktual və maraqlı məqalələrim çap olunurdu və bunu həm yuxarılar, həm də ziyalılar çox bəyənirdilər. Hətta Ayaz Mütəllibovun hakimiyyəti illərində daxili işlər naziri Məhəmməd Əsədovla “Literaturnaya qazeta”da çox böyük bir məqaləm dərc edilmişdi. Rəhmətlik Məhəmməd Əsədov sonra mənə dedi: “Ayaz Mütəllibov mənə zəng vurub soruşur ki, axı Elmira Axundova bunu necə çap elətdirib?” Mən çəkinmirdim, qorxmurdum, çünki arxamda “Literaturnaya qazeta” vardı, o zamankı dövlət başçısı da mənim fəaliyyətimi bəyənirdi.
Buna baxmayaraq, əvvəldə qeyd etdiyim kimi, Heydər Əliyevlə müntəzəm əlaqə saxlayırdım. Ona zəng edirdim, o mənə telefon açırdı. Hətta bir neçə dəfə qardaşı Cəlal müəllimin evində də onunla görüşmüşdüm. Milli Məclisin sessiyalarında da onu tək buraxmırdım və fasilələrdə görüşüb söhbətləşirdim.
Səhv etmirəmsə, 1991-ci il martın əvvəllərində AYB-in qurultayı olmalı idi. Milli Məclisdə ona qarşı tərbiyəsizlik ediləndə, tribunada çıxışı zamanı sözünü kəsmək üçün ayaq döyəndə, ona söz vermək istəməyəndə, əlbəttə, o bundan çox üzülmüşdü və qərara gəlmişdi ki, daha parlamentin sessiyalarına gəlməsin. Mən ona yaxınlaşdım və gördüm ki, çox məyus olub, gərginlik içindədir. Dedi: “Elmira, axı nə üçün mənə qarşı belə ədalətsizliklər edirlər? Mən ömrüm boyu Azərbaycana, xalqıma xidmət etmişəm”. Hətta bir neçə dəfə mənə telefon açıb ürək ağrısıynan ona qarşı olan bu həqarətlərdən şikayətlənir, acısını bölüşürdü. Əlbəttə, mən elə bir vəzifə sahibi deyildim və ona heç bir köməyim dəyə bilməzdi. Amma könlünü almağa çalışırdım, istəmirdim belə bir şəxsiyyət ruhdan düşsün. Deyirdim, Heydər Əliyeviç, siz böyük şəxsiyyətsiniz, bunlara fikir verməyin, onları buna vadar edən adamlar var.
Öz-özümə düşünürdüm ki, hansı yolla olur-olsun, onun bu pərişanlığını aradan qaldırmaq, ruhdan düşməsinə imkan verməmək lazımdır. Bir gün də elə bu düşüncələr içində qurultaya dəvətnaməmi götürmək üçün Yazıçılar Birliyinə gəldim. O vaxtlar Anarla artıq çox yaxın dost idik. Ondan əvvəl də 4 il onunla bu qurumda işləmişdim. Elə Anar da məni “Literaturnaya qazeta”ya təklif edib zəmanət vermişdi. Gördüm ki, Anar müəllim Çingiz Abdullayevlə oturub dəvətnamələri bölüşdürürlər.
Dəvətnaməmi alıb oturdum və onlarla bir qədər söhbət etdim. Söhbətə heç bir aidiyyati olmadan, qəfildən dedim: “Anar müəllim, gəlin, Heydər Əliyevi qurultaya dəvət edək”. O, bir anlıq fikrə getdi və sonra özünə inamla dedi: “Niyə də yox. Dəvət edək”. Anar bunu etməyə də bilərdi və deyə bilərdi ki, respublika rəhbərliyinin ona münasibəti yaxşı deyil, bizə irad tutarlar, sonra bizim başımız ağrıyacaq və s. Amma o bu barədə bir kəlmə belə işlətmədi və Heydər Əliyevin qurultaya dəvət edilməsini cəsarətlə dəstəklədi. Bu artıq Anarın cəsarəti, hünəri idi.
Sonra qayıtdı ki, bəs necə dəvət edək, onu haradan tapaq? Anar doğrudan da bunu bilməyə bilərdi, amma mən bilirdim Heydər Əliyevlə necə əlaqə yaratmaq, görüşmək olar. Dedim: “Siz dəvət edirsinizsə, mən ona çatdıraram”. Anar müəllim dedi: “Mənim adımnan dəvət edin”.
Mən dərhal Cəlal müəllimin evinə getdim və Anar müəllimin dəvətini ona çatdırdım. Əvvəl bir qədər tərəddüdlə yanaşdı və dedi: “Elmira xanım, çox sağ olun, ancaq güman edirəm ki, mənim ora getməyim lüzumsuzdur. Çünki indi mən kiməm ki, oraya gəlim? Yazıçı deyiləm ki, oraya yazıçı kimi gəlim”. Sonra sual dolu baxışlarla mənə baxıb soruşdu: “Məni sən dəvət edirsən, yoxsa Anar?” Dedim: “Heydər Əliyeviç, mən kiməm ki, sizi qurultaya dəvət edim. Əlbəttə, Anar dəvət edir.” “Anar dəvət edir, – deyib bir anlıq dayandı və dedi.– Elmira, bilirsən ki, mən indi elə bir vəziyyətdəyəm, ona ziyan verə bilərəm.” Sonra ürəyindəki istəyi açıb ortaya qoydu: “Mən çox istərdim yazıçıların qurultayında iştirak edim. Yazıçılarımızla görüşüm, görüm necədirlər, necə yaşayırlar, hansı dərdləri, problemləri var. Amma vəziyyət sənə bəllidir. Sən yenə get Anar müəllimlə danış, gör nə deyir. Mənim narahatlıqlarımı da ona çatdır. Çünki onun üçün narahatam. Bəlkə, nəzakət xətrinə məni dəvət edir.”
Təkrar Anar müəllimin qəbuluna getdim. Dedim: “Anar müəllim, Heydər Əliyev tərəddüd edir. Sizə görə narahatdır və deyir ki, bəlkə nəzakət xətrinə məni dəvət edir. Birdən orada təxribat edərlər, onlara təzyiq göstrərlər”. Anar dedi: “Elmira, sən Heydər müəllimə çatdır ki, mən onu sidq−ürəkdən dəvət edirəm. Biz hamımız istəyirik ki, Heydər Əliyev bizim qurultayımızda iştirak etsin.”
Mən qayıtdım ki, Anar müəllim siz bir dəvətnamə yazın, mən özüm aparım verim, bu da olsun rəsmi dəvət”. Anar bir dəvətnamə uzadıb dedi: “Təşəbbüsün müəllifi sənsən, al özün ad−familyasını yaz”. Mən dəvətnaməni alıb, tələsik Heydər Əliyevin adını və familiyasını ora yazdım. Xəttim də elə yaxşı alınmamışdı (Gülür).
Dəvətnaməni götürüb Cəlal müəllimin evinə getdim. Heydər Əliyeviç orada idi. Dəvətnaməni ona uzatdım. “Bu nədir belə?” deyib aldı və açıb baxanda gözlərində sanki ulduz parladı. Sonra da Anarın bütün dediklərini Heydər Əliyevə çatdırdım.
Siz görəydiniz, qurultay başlamamışdan Heydər Əliyev Filarmoniyanın qapısından içəri girəndə yazıçılar onu necə böyük sevinclə, hərarətlə qarşıladılar. Mən sonra yazılarımda qeyd etdim ki, bundan sonra Heydər Əliyevin mənən dirçəlişi başladı. Qurultay başa çatandan sonra bu böyük insan axşama qədər bizimlə oturdu. Çıxışlara diqqətlə qulaq asdı, fasilələrdə foyelərə keçdi, yazıçılarla söhbətlər etdi, müzakirələr apardı. Səhv etmirəmsə, yazıçı Bayram Bayramovla da görüşüb hal-əhval tutdu. Yalnız orada olan bir-iki partiya məmuru onu görən kimi qaçıb getdilər.
– Prezident Heydər Əliyevi xarici ölkələrə səfərlərdə müşayiət edən jurnalistlər sırasında sizi ilk dəfə 1994-cü ilin yanvarında görmüşdüm. Sonradan müntəzəm olaraq bu səfərlərin iştirakçısına çevrildiniz. Bu səfərlər zamanı Heydər Əliyevlə bağlı yaddaşınızda qalan maraqlı məqamları bölüşə bilərsinizmi?
– Doğru qeyd edirsiniz. İlk səfərlərdən birində siz də iştirak edirdiniz. Mən bütün səfərlər haqqında qeydlər aparır, sonra reportajlar, məqalələr yazırdım. Əvvəlcə “Literaturnaya qazeta”, sonra “Azadlıq” radiosuna materiallar verirdim. Müəyyən vaxt keçəndən sonra məqalələrim artıq kitaba çevrilirdi və “Həqiqət anı” adı ilə çap olundu. Bu kitaba 50 məqaləm daxil idi. Bəxtim onda gətirdi ki, bu kitabı 2003-cü ilin aprelində, Heydər Əliyev hələ Respublika Sarayında o məşhur çıxışını etməmiş və ürək böhranı keçirməmiş, ona çatdıra bildim. Siz görəydiniz, bu kitab ona necə xoş təsir bağışlamışdı. Kitabı alandan sonra mənə evə telefon açdı və elə xoş sözlər dedi ki, qanadım olsa, uçardım. Bundan sonra mənim istəyimi soruşmadan belə mənə mənzil bağışladı.
Siz də bu səfərlərdə iştirak etmisiniz və bilirsiniz. Onunla səfərlərin hər biri bizim üçün maraqlı idi. Acgözlüklə hər yerlə, hər şeylə maraqlanırdıq.
Heydər Əliyev xarici səfərlərdə özünü elə aparırdı sanki bu insan ömrü boyu prezident olub. Onun yerişi, xarizması, dövlət rəhbərləri ilə danışıqları istər-istəməz adamda heyranlıq doğururdu. Təbii ki, respublikaya da rəhbərlik etmişdi, SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olmuşdu, amma müstəqil dövlət başçısı kimi yenicə hakimiyyətə qədəm qoymuş olsa da, bu, onu zərrə qədər sıxmırdı. Əksinə, o özünü daha sərbəst, daha müstəqil, daha qürurlu və qətiyyətli aparırdı.
Bu il Azərbaycan Prezident İlham Əliyevi Çində necə böyük təmtəraqla, böyük bir dövlətin başçısı səviyyəsində qarşıladılar, o zaman Heydər Əliyevi də Asiyanın nəhəng dövlətində eynən bu səviyyədə qarşıladılar. Amma o zamankı Azərbaycan, torpaqlarını düşməndən təmizləyən, böyük Zəfərə imza atan, regionda söz sahibi olan, iqtisadi potensialı yüksək olan indiki Azərbaycan deyildi. Kasıb, büdcəsində çox cüzi vəsaiti olan, kiçik bir Ermənistan tərəfindən torpaqları işğal olunan Azərbaycan idi.
Bilirsiniz ki, danışıqlar prosesində, qəbullarda jurnalistləri çox qalmağa icazə vermirlər, maksimum 2-3 dəqiqə. Çinə səfəri zamanı da Heydər Əliyevlə ÇXR-in rəhbəri Jianq Zemin görüşəndə belə oldu. Amma sonra danışıqlarda iştirak edən Azərbaycanın o illərdəki Baş naziri Fuad Quliyev mənə çox qürurla belə bir söhbət etdi: “Görüşün əvvəlində Çinin o zamankı lideri Jianq Zemin Heydər Əliyevlə bir qədər təkəbbürlü, ədalı danışırdı. Aydın məsələ idi ki, Çinlə müqayisədə Azərbaycan çox kiçik bir dövlət idi, həm əhalisinə, həm iqtisadi potensialına, həm də yüksəlişdə olmasına görə bizdən üstün idi. Jianq Zeminin ədalı danışığını Heydər Əliyev səbirlə dinləyirdi. Amma 5-6 dəqiqədən sonra, elə ki, Heydər Əliyev danışmağa başladı, Jianq Zeminin ədası sürətlə əriməyə başladı və tamamilə dəyişib başqa bir adam oldu. Danışıqlar prosesinin ikinci hissəsini onları tanımayan bir adam izləmiş olsaydı, elə başa düşərdi ki, Jianq Zemin balaca və kasıb Azərbaycanın prezidentidir, Heydər Əliyev milyarddan çox əhalisi olan nəhəng Çinin. Rollar dəyişmişdi, Jianq Zemin Heydər Əliyevə çox diqqətlə və heyranlıqla qulaq asır və onun dediklərini başı ilə təsdiqləyirdi”. Soruşdum ki, Fuad müəllim, niyə belə oldu? Dedi: “Heydər Əliyev ona Çinin tarixi, baş vermiş hadisələr, ölkədə gedən proseslər, SSRİ−Çin münasibətləri haqqında elə faktlardan söz açdı ki, müsahibi çaşıb qaldı. Danışıqlar başa çatandan sonra Jianq Zemin Heydər Əliyevlə elə sağollaşdı, elə bil böyük qardaşından ayrılırdı. Bu danışıqlardan sonra, həmin dövrlərdə heç bir ölkəyə kredit verməyən Çin Azərbaycana kredit ayırmağa razılıq verdi, həm də çox böyük məbləğdə”.
Səudiyyə Ərəbistanında da eynən belə hadisə baş verdi. Bu ölkədə də yüksək səviyyəli görüş zamanı kral Heydər Əliyevi bir qədər təkəbbürlü və əda ilə qarşıladı. Düşünürdülər ki, kasıb Azərbaycan bura nə üçün gəlib? Əlbəttə, kredit üçün. Bu reallıq idi, çünki bizim ölkənin iqtisadi vəziyyəti ağır idi. Aydın məsələ idi ki, onlar Heydər Əliyevi yaxşı tanıyırdılar. Haralarda işlədiyini bilirdilər. Amma Azərbaycanın o zamanda düşdüyü vəziyyəti də yaxşı bilirdilər. Onlar ədalı danışıqlarını bitirən kimi Heydər Əliyev danışmağa başlayır və deyir: “Bilirsiniz, bizim xalq VII əsrdə hələ İslamı qəbul etməmişdi. Siz gəldiniz bizim torpaqlara, millətimizi islamlaşdırdınız, gözəl bir din gətirdiniz. Biz buna görə sizə çox minnətdarıq. İndi baxın görün neçə əsr keçib. Siz də dünyada müəyyən nüfuz qazanmısınız, inkişaf etmisiniz. İndi din qardaşlarınıza əl uzadıb, kömək etməyin vaxtı çatmayıbmı? Vaxtdır, indi müsəlman qardaşlarınıza dəstək olmalısınız”. Bundan sonra mənzərə tam dəyişdi. Hamı gülməyə başladı.
Yəni Heydər Əliyev belə incə məqamlara toxunmağı, qarşısındakı müsahibini öz fikri ilə ovsunlamağı çox gözəl bacarırdı. Yəqin xatırlayırsınız, bu görüşlərdən sonra Heydər Əliyev müqəddəs Məkkəni ziyarət etdi. Biz də onunla bərabər həmin müqəddəs yerləri ziyarət etdik. Hətta iki müqəddəs ocağın xidmətçisi, Kral Heydər Əliyev üçün Kəbənin qapılarını açdırıb, oranı ziyarət etməsinə şərait yaratdı, biz də ulu öndərin sayəsində Kəbənin içinə girə bildik. Müsəlmanlar üçün bundan müqəddəs nə ola bilərdi?
Heydər Əliyev Məkkəni, Kəbəni ziyarət etməklə və burada namaz qılmaqla da dünyaya bir mesaj verdi: Azərbaycan İslam dəyərlərinə yüksək ehtiram göstərir, öz əqidəsinə sadiqdir. Eyni zamanda Roma Papasını ziyarət etməsi, sonra onu bura dəvət etməsi, həmçinin Qərbə, Asiyaya səfərləri müstəqil Azərbaycanın dünyəvi siyasət yürütdüyünü, ancaq öz milli dəyərlərinə sadiq qaldığını göstərən mesajlar idi.
Heydər Əliyevin çox maraqlı cəhətləri var idi. Məsələn, ən yüksək tribunalardan belə çıxışları zamanı heç bir qeydə, kağıza baxmadan bədahətən danışırdı. Doğrudur, bir iki məqamda bunu görmüşdük. Məsələn, Roma Papası ilə görüş zamanı ulu öndər, xarici işlər naziri Vilayət Quliyevlə birlikdə yığcam çıxış yazdı. İkinci dəfə də Yalta görüşü zamanı belə oldu. Çıxış üçün 3-4 dəqiqə vaxt ayrılmışdı deyə, yığcam bir çıxış hazırladılar. Amma onda da bu çıxışı bir kənara qoyub başladı sərbəst danışmağa. Çünki çıxışın mətnində bir “paradiqma” sözü var idi, Heydər Əliyev o sözü deyəndə bir anlıq fasilə verdi və üzünü Vilayətə çevirib soruşdu ki, bu nə sözdü bura yazmısınız? Sonra salondakılara müraciət edib dedi: “Olarmı alimlərin yazdığı bu qeydləri bir kənara qoyub, öz bildiyim və bacardığım kimi danışım?” Bununla da qeydləri bir kənara qoyub yenə sinədəftər danışmağa başladı.
(ardı var)
Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist


