Soyqırımı gecəsi
Hələ də Azərbaycan xalqı haradasa inanırdı ki, SSRİ-nin “qırmızı” ordusu, əslində “Qızıl ordu”dur və bu ordu “öz xalqına” qarşı güllə atmaz. Çünki Azərbaycan xalqı igid övladlarını II Dünya müharibəsində (ona hətta azərbaycanlılar da “Böyük Vətən müharibəsi” deyirdilər) məhz həmin ordunun sıralarına qatıb uzaq və ömründə ayaq basmadığı torpaqlarda döyüşməyə göndərmişdilər. Azərbaycan anaları corab toxuyur, neftçiləri yanacaq istehsal edir, oğulları isə “Vətən uğrunda” canlarını fəda edirdilər.
Yüz minlərlə insanımız həlak oldu, müharibədən qəhrəman kimi qayıdanlar da az deyildi. İndi Azərbaycanda elə ailə tapılmaz ki, II Dünya müharibəsinin iştirakçısı, həlak olanı və ya qazisi olmasın. Bizim babalarımız vətəndaşı olduqları dövlətin çətin günündə ləyaqətlə hərəkət etdilər və bununla qürur duyuruq!
Azərbaycanlılar başqa cür davrana bilməzdilər. Çünki tarix boyu torpaqları qanları ilə “yoğurub” onu “Vətən” etmişlər. Bu inanc heç zaman bu qəhrəman və comərd qövmü tərk etməmişdir. İkinci Dünya müharibəsində də Azərbaycan xalqı doğru seçim etdi: tərkibində yaşadığın ölkə uğrunda savaşmaq həmişə olmalıdır!
Lakin tarix sübut edir ki, həyat birtərəfli deyil: o, çoxlu sayda qövmlərin yaddaşlarının kəsişmə sahəsində “tarixiləşir”! SSRİ də çoxlu sayda xalqların yaddaşlarında tarixiləşdi və sonra yenidən tarixiləşməyə məcbur oldu! İkinci Dünya müharibəsində şəhid olanlarımıza min rəhmət!
Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılar 1990-cı ilin yanvarından sonra ikinci dəfə öz ordusu kimi qəbul etdiyi silahlı qüvvələrin bir alayının timsalında “Qırmızı ordu”nun günahsız insanların qanlarını necə axıtdığının da şahidi oldular. Minlərlə insanın canlarından və gözlərindən axıdılan qanlar dünyanın bir qaranlıq gecəsini qana boyadı. 366-cı alay və xüsusi erməni terror qrupları tərəfindən törədilən kütləvi qətliamların yaratdığı faciəni yaşadı Xocalı! Xalq kimi taleyimizin qapqara gecəsiydi 25-dən 26-na keçən gecə...
Siyasət və vicdan
Əslində, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə törədilən soyqırımı son 250 ildə Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı davamlı aparılan siyasətin terror “üzləri”ndən biri idi. 1885-ci ildə yaradılan ilk erməni terror təşkilatı “Armenakan”dan başlamış XX əsrin son onilliyinədək həyata keçirilən soyqırımları silsiləsinin növbəti təsdiqi idi. Bu antiinsani prosesdə milyonlarla azərbaycanlı deportasiya olunmuş, fiziki məhv edilmiş, bir neçə min kvadratkilometrlik ərazilərimiz ermənilərin əlinə keçmişdir.
Həmin siyasətin bir sıra xüsusiyyətləri var ki, Xocalı soyqırımında da onlar özünü göstərmişdir. Burada siyasətlə vicdanın “kəsişmə sahəsində” böyük faciə görürük, “humanizm” adlanan anlayışın çöküşünü müşahidə edirik, bir xalqa qarşı nə dərəcədə amansız və sərhədsiz nifrətin olduğuna şahid oluruq! Xocalı bu anlamda bəşəriyyətin öz vicdanı qarşısında iflasa uğradığının unudulmaz rəmzidir!
Xocalı özünü dünyanın ən güclüləri hesab edən bir neçə dövlətin əslində terrora dəstək verməklə nə qədər zəif və uzağı görə bilməyən olduğunun sübutudur! Onlar bir neçə əsr bu və ya digər formada, açıq və ya gizli erməni təcavüzünü və terrorunu dəstəklədilər, onu körüklədilər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı törədilən soyqırımlar (fiziki, mənəvi, mədəni, demoqrafik, toponim və s.), amansız deportasiyalar, Xocalı soyqırımının “sələfləri” idilər.
Yəni Xocalıya qədər havadarlarının ciddi dəstəyi, təlimləri və təhrikləri ilə erməni quldur dəstələri terror törətmək sahəsində kifayət qədər təcrübə toplamışdılar. Ona görə də 366-cı alayın tərkibində belə onlar soyuqqanlılıqla insanları diri-diri tonqallara atır və bu zaman özlərini “qalib” kimi hiss edirdilər. Uzun illərin terror törətmək və insanlara qarşı zorakı olmaq vərdişləri bu qansız quldurları Xocalıdakı körpələrə, qızlara, gəlinlərə, qocalara qarşı misli görünməmiş amansız münasibət göstərməyin bazasını yaratmışdı. Xocalı erməni terror təcrübəsinin ən qəddar “təcrübə mərhələləri”ndən biri idi!
Xocalı yalnız günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi faktı deyil. O həm də əsrlərlə Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə və azərbaycanlı türk kimliyinə yönəlmiş terrorun təzahür formalarından biridir! Bu prizmada Xocalını başqa hansı terror olaylarına bənzətmək ola bilər, bilmirik! Ancaq öz tariximizin rakursunda müəyyən fikir bildirmək olar.
“Qərbi Azərbaycan terror ssenarisi”nin davamı
Erməni terrorunun əsas məqsədi başqa ölkələrin, o cümlədən Azərbaycan ərazilərinin hesabına dövlət yaratmaq olmuşdur. Yəni erməniləri bu işə yönəldənlər öncədən xalqları öz torpaqlarından deportasiya və məhv etmək əsasında başqalarının ərazilərinə yiyələnmək yolu ilə dövlət yaratmaq xəttini tutmuşlar. Buna görə də XIX əsrdən başlayaraq, Qərb imperialist dairələri və Rusiya imperiyası zaman-zaman ermənilərin azərbaycanlılara qarşı terror törətməsinə konkret istiqamət vermiş, vahid məqsəd müəyyənləşdirmişlər. Qərbi Azərbaycan onlar üçün əsas hədəflərdən biri olmuşdur. Onlar bu məqsədlə bir neçə dəfə amansız terror aksiyaları keçirmişlər, soydaşlarımızı öz tarixi torpaqlarından deportasiya edərək ora müxtəlif ərazilərdən yad erməniləri yerləşdirmişlər. Bu proseslər toponimləri erməniləşdirmək və paralel olaraq Azərbaycan mədəniyyət nümunələrini məhv etməklə müşayiət olunmuşdur.
Bütün bunların nəticəsində artıq XXI əsrin ikinci onilliyində Azərbaycan ərazilərinin bir qismində “Ermənistan” qondardılar. Sovetlərin gəlişi ilə bu iş xüsusi amansız, güzəştsiz və zəbtedici xarakter almışdır. 1929-cu ilə həmin proses sayəsində Ermənistan ərazisi 29 min kvadratkilometrə çatmışdır. XX əsrin son onilliyində isə Qərbi Azərbaycandan bütün soydaşlarımız deportasiya olunmuş və qaçqın vəziyyətinə salınmışdı.
Qərbi Azərbaycan istiqamətində həyata keçirilən bu terror-deportasiya-soyqırımı siyasəti Qarabağda keçən əsrin 1989-cu ilindən başlayaraq xüsusi məzmun kəsb etmişdir. Xocalı bunun pik nöqtəsi idi. Çünki Qərbi Azərbaycana qarşı uzun müddət aparılan terror siyasətinin bir ümumi əlaməti Qarabağda da təkrar olundu. Ermənilər Azərbaycan yaşayış məntəqələrində elə amansız və vəhşi işlər görürdülər ki, aborigen azərbaycanlılar oradan salamat çıxmağı böyük qənimət hesab edirdilər. Xüsusi qorxu hissi yaradaraq, dünyanın ən ağlasığmaz işgəncəsini azərbaycanlılara verməklə düşmənlər həm torpaqlarımızı işğal edir, həm də psixoloji olaraq geri qayıtmağın yolunu birdəfəlik bağlamağa çalışırdılar. Yəni terrorçular Azərbaycan ərazisini sadəcə işğal etmirdilər, böyük vəhşiliklə, ümumiyyətlə, erməni olan yerə getməyin məhv edilməyə və görünməmiş işgəncələrə məruz qalmağa bərabər olduğu təəssüratı yaradırdılar. Xocalı da bu ssenarinin növbəti faktı idi.
Ona görə də Xocalıda çox böyük vəhşiliklər törədildi və ümumilikdə azərbaycanlıları qorxutmaq üçün əllərindən gələn hər şeyi etdilər ki, bir daha geri qayıtmaq fikrinə düşməsinlər. Onlar hesab edirdilər ki, Xocalı “dərsi”, “Qərbi Azərbaycan dərsi”nin daha vəhşi forması kimi azərbaycanlıların bir daha ayağa qalxmasına böyük əngəl olacaq. Bu anlamda Xocalı, sözün həqiqi mənasında, azərbaycanlıların psixoloji sınağının çox çətin bir mərhələsidir.
Tarixi ədalət
Biz Xocalıda min bir əziyyət çəkmiş insanlarımızın yaşadıqları acıları heç zaman unutmadıq və unutmarıq! Uşaq, qoca, qadın və gənclərin aşağılanmasını, təhqirlərə və təhdidlərə məruz qalmasını qətiyyən unuda bilmərik!
Ancaq Ulu öndər Heydər Əliyev həm Xocalı soyqırımının siyasi qiymətini vermişdir, həm də Ali Baş Komandan, Prezident İlham Əliyev azərbaycanlıların hərbi ilə yanaşı, psixoloji olaraq qalib gəlmək qüdrətində olduğunu bütün dünyaya sübut etmişdir! Bu da unudulmazdır!
Bizim Vətən müharibəmiz bunu təsdiq etdi! Azərbaycan dövləti, xalqı, onun lideri və rəşadətli ordusu Xocalını da azad etdi. Azərbaycanlılar ora əbədi qayıtdılar. Çoxları inanmırdı, lakin artıq Xocalının sırf Azərbaycan şəhəri olduğunun əyani şahididirlər. Xocalılılar əvvəlki inam, iman və qətiyyətliliklə öz tarixi torpaqlarını çiçəkləndirirlər. Azərbaycan Prezidenti tarixi ədaləti bərpa etməsi ilə xocalılıların da öz yurdlarına sahib çıxması üçün böyük imkanlar yaratdı!
Sonuncu aşırım
Obrazlı desək, Xocalı soyqırımı erməni terrorunun axırıncı aşırımı idi - əgər terror qalib gəlsəydi, onun nəinki Azərbaycan, hətta bütün bölgə üçün faciələri çox böyük olardı. Terror “sonuncu aşırımı”nı keçə bilmədi, çünki qarşısında ədalətli, qətiyyətli və qəhrəman türk qövmünün əzəmətini gördü. Bununla Xocalı ədalət, iradə və qətiyyət rəmzinə çevrildi. Onu bütün regiona aid etmək olar.
Birincisi, Azərbaycan xalqı sübut etdi ki, sınmazdır, əyilməzdir və azadlığını heç nəyə qurban verməz qövmdür! Azərbaycanlılar dövlətçilik ənənəsini daim saxlayacaqlar. Xocalı bizdə elə bir dərin yara buraxmışdır ki, onu yalnız daha güclü, qüdrətli Azərbaycan dövləti qurmaqla sarıya bilərik. Xocalıda aldığımız zərbələr bizi parçalaya və diz çökdürə bilmədi, ona görə də qüdrətli dövlətin və yüksək rifah cəmiyyəti quruculuğu yolunda qətiyyətlə irəliləməkdəyik!
İkincisi, region xalqları Xocalı nümunəsində azərbaycanlıların qəhrəmanlığı, azadlıqsevərliyi və döyüşkənliyi ilə yanaşı, ən ağır situasiyadan belə ədalətlə çıxmağa qadir olduqlarını gördülər. Prezident İlham Əliyevin 2025-ci ilin sentyabrında Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü zamanı ifadə etdiyi aşağıdakı fikirlər bu baxımdan çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın”.
Sülhə açılan yol Xocalıdan keçir
Həmin görüşdə dövlət başçısı ayrıca vurğulamışdır: “Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik”.
Prezident İlham Əliyevin müraciət etdiyimiz fikirləri, ümumiyyətlə, əsrlərlə davam edən erməni terroruna, soyqırımına, kütləvi qətliamlarına, deportasiyalar silsiləsinə qalib liderin verdiyi cavablardır. Azərbaycan lideri təsdiq edir ki, xalqımız hər bir faciəvi anını əbədi olaraq yaddaşına yazır, lakin daim gələcəyə baxır. Günahsız insanlarımızın Xocalıda yaşadıqları faciə tariximizdə qalacaqdır.
Bununla yanaşı, Xocalı erməni terrorunun kükrəməsinin axırıncı aşırımında aldığı çox ciddi mənəvi, ideya və iradə cavab zərbəsinin həm də rəmzidir. Yüngül silahlarla Azərbaycan əsgərləri toplu, tanklı, helikopterli qəvi düşmənlə son nəfər şəhid olana qədər döyüşdü. Onda erməni silahlı qrupları nə baş verdiyini adekvat qiymətləndirə bilmədilər. Görə bilmədilər ki, sözün həqiqi mənasında, azərbaycanlılar Vətən uğrunda sona qədər döyüşüb, şəhidlik zirvəsinə yüksəlməklə artıq qalibdirlər!
Mülki şəxsləri qətlə yetirmək, tonqala atmaq, quyularda diri-diri basdırmaq, insanların başlarının dərisini soymaq, hamilə qadınların bətnindən uşaqları xəncərlə çıxarmaq, kiçik yaşlılara işgəncə vermək güc və qüdrətə malik olmaq demək deyildir. Əksinə, insanlığa yaraşan bütün keyfiyyətləri itirmək deməkdir.
Tarix göstərir ki, bu keyfiyyətsizlik və zorakılıq hər bir xalqı məğlub duruma salır. Ermənistan cəmiyyəti indi belə daxili xəcalət yaşantıları içərisində məhv olmaqdan çıxış yolları axtarır. Özləri bunu istədilər!
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

