Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 20 fevral 2026-cı il tarixində Əməkdar Elm Xadimi professor Zəhra xanım Quliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVII Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu keçiriləcək.
Konfrans və forum gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək, onların elmi bilik və praktik bacarıqlarını artırmaq məqsədilə təşkil edilir. Keçirilən toplantı oftalmologiya sahəsindəki ən son elmi yenilikləri, innovativ texnologiyaları və süni intellekt əsaslı yanaşmaları iştirakçılara çatdırmaq, klinik praktika ilə elmi tədqiqatlar arasında əlaqəni gücləndirmək üçün platforma təqdim edir.
Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, tədris və təskilati- metodik bölməsindən bildiriblər ki, konfransda müzakirə olunacaq mövzular arasında: “Görmə korreksiyasının inkişafı: texnologiyalar, statistik nəticələr və klinik seçimlər”, “Arxa mikroalm və mikroalm fonunda əmələ gələn papillomakulyar büküş”, “Periorbital dermoid kistaların klinik təzahürləri”, “Frosted Branch Angiit”, “Oyuncaq lazer işarələyicisindən yeniyetmədə makula yanığı”, “Sarkoidoz mənşəli xorioretinal qranuloma”, “Birtərəfli İdiopatik Neyronit” və digər aktual mövzular yer alacaq.
Z.HÜSEYNOVA
XQ

