(əvvəli https://xalqqazeti.az/siyaset/134320-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/siyaset/134432-dovlet-ehemiyyetli-xususi-tapsiriq)
Ermənilər bütün cəbhə boyu sakitliyi pozmuşdular. Şahbuz rayonuna edilən hücum nəticəsində Həsən Nağıyevlə, Telman Sadıxov yaralanmışdı. Həsən milis əməkdaşı, Telman müəllim isə könüllü idi. Heydər Əliyev Muxtar Respublika uzrə ən ağır yaralıları müalicə üçün Türkiyəyə göndərdi. Onların arasında Həsən də var idi. Həkimlər onu həyata qaytara bilsələr də, ayağa qaldıra bilmədilər.
Naxçıvan özünün ən ağır günlərini yaşayırdı. İqtisadi böhran bütün sahələrdə hiss olunurdu. Əhali isə Heydər Əliyevin ətrafında sıx birləşmişdi.
Daha acı bir xəbər Qarabağdan gəldi. Bir qəhrəman şəhidimizin cənazəsi Naxçıvana gətirilirdi. Naxçıvan öz şəhidini son mənzilə yola salmağa hazırlaşırdı, böyük bir izdiham var idi. O, Qarabağdan Naxçıvana gələn ilk şəhid idi.
Naxçıvanda elektrik enerjisi fasilələrlə – iki saatdan bir verilirdi. Elektrik enerjisi gələn kimi hamı televizorları açıb, cəbhə xəbərləri ilə maraqlanırdı. Azər İsmət oğlu Tarıverdiyev də televizoru açmışdı. Ekranda Xocalıda baş vermiş, dünyada heç bir yerdə rast gəlinməyən vəhşiliklərin acı səhnələri nümayiş olunurdu. 25 yaşlı gəncin gözlərində yaş qurumurdu. “Kişi olan kəs evdə oturmaz” – deyib, heç kimlə görüşmədən Bakıya, oradan da döyüş bölgəsinə getmişdi. Ana isə “iş qurmaq” adı ilə yola çıxan oğlunu səbirsizliklə gözləyirdi. O vaxtlar məşhur ”Qurtuluş” taborunun tərkibində qısa, lakin şərəfli döyüş yolu keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdi.
Üç il öncə Azərin atası İsmət müəllim rəhmətə getmişdi. Nəinki inşaatçılar, hətta bütün əhali İsmət müəllimi bacarıqlı, işgüzar bir rəhbər, həm də xeyirxah, vətənpərvər bir insan kimi tanıyırdı. Azər evin böyük oğlu idi. Ata əvəzi üç bacıya və bir qardaşa xeyir-dua verib, toylarını edəcəkdi. Lakin Vətən məhəbbəti üstün gəldi, onu şəhidlik zirvəsinə yüksəltdi. Ulu öndər Heydər Əliyev də şəhidin doğmalarına başsağlığı verməyə gəlmişdi.
Heydər Əliyev çox narahat idi. O, “sabaha un ehtiyatımız tükənir, xalqımız çörək problemilə üzləşəcək”, – dedi. Hələ də respublika rəhbərliyi Naxçıvana ögey münasibət bəsləyir, Ayaz Mütəllibov isə “Naxçıvan Azərbaycanın kor bağırsağıdır, onu kəsib atmaq lazımdır” – deyirdi.
İki saatdan sonra Gəncədə Çingiz Sadıxovun yanında idim. Vəziyyəti ona bildirdim. Hökumət telefonu ilə nazir Zakir Abdullayevə zəng edib, Gəncənin fondundan 60 ton unu Naxçıvana verilməsini xahiş etdi. Axşam saat 18.00 radələrində Bakıda olmalı idim. Çingiz müəllimə Mahmud Nəbiyevin vasitəsilə Sumqayıtdan 2000 metr borunun Gəncəyə gətirildiyini bildirdim. Gəncədə maşınqayırma zavodu fəaliyyət göstərirdi. Gingiz müəllim zavodun direktoru Eldar Qarayevə zəng etdi. Ona dedi ki, Naxçıvana təxirə salınmadan 6 ədəd “QRAD” qurğusu hazırlanmalıdır. Sonra isə üzünü mənə tutub dedi ki, əlavə 2 ədəd qurğu da dostum Namiq Həsənova məndən hədiyyədir. Elə həmin gün Maşınqayırma zavodunun direktoru ilə görüşüm oldu. Söhbətimiz iki saata qədər çəkdi. Göndərilmiş borular artıq müvafiq texnoloji ardıcıllıqla emala daxil edilmişdi.
Üç saat ərzində unun daşınması, təyyarəyə yüklənməsi məsələlərini həll etdik. TU-154 tipli sərnişin təyyarəsi ilə üç reysə unu Naxçıvana çatdırdıq. Gecə saat üçdə axırıncı 20 ton unu boşaldıb, Bakıya qayıtdıq.
Saat 04.00 radələrində Eldənizlə Bakı Hava Limanından ayrıldım. Gəncə Aeroportuna çatanda saat 9 idi. Köməkçim Süleyman və əsgərlərimiz Yak-40 təyyarəsinin yanında məndən təlimat gözləyirdilər. Uçmağa hazırlaşırdıq ki, mühafizə xidmətinin rəisi bir nəfər könüllü əsgərin mənimlə görüşmək istədiyini bildirdi. Əsgər özünü təqdim etdi: Akif Səfərov. Atası milis podpolkovniki Mirzəmməd müəllim Naxçıvan Daxili İşlər Nazirliyində atamla bərabər işləmişdi, dost idilər. Akif Qarabağda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdı. Müalicəsi başa çatmamışdı. Bədəni sarğılı idi. Sonralar Akif bir neçə dəfə əməliyyat olundu. Mən, döyüş və sinif yoldaşları – İbrahim Əliyev, Canpolad Səfərov, Əli Bağırov, Hikmət Əliyev Akifi heç bir zaman tək buraxmadıq. Keçdiyi döyüş yolu bir kitabın mövzusudur. Onu orada tək buraxa bilməzdik. Təyyarədə mərmilərin üzərində Akifi Naxçıvana gətirdik.
Naxçıvandan Gəncəyə gələn sərnişinlər də bizə təmənnasız kömək göstərirdilər. Onların arasında elə vətənpərvərlər var idi ki, günlərlə könüllü surətdə aeroporta gələrək təyyarələrin yüklənməsində yaxından iştirak edirdilər. Həmin şəxslərdən Emin Tağızadənin, Ceyhun Abdullayevin, Niyazi Cəfərovun, İlqar Sadiqovun, Abidinin adlarını xüsusilə qeyd etmək istəyirəm. Gəncəyə qayıdanda şəhər nəqliyyat prokuroru Əli Ömərovla akademik Məmmədtağı Cəfərov onları Naxçıvana aparmağımı xahiş etdilər. Əli Ömərov Azərbaycanın xalq deputatı, eyni zamanda, parlamentdə Xocalı istintaq komissiyasının sədri idi. Heydər Əliyevlə görüşmək istəyirdilər. Görüşü təşkil etdim. Akademik Məmmədtağı Cəfərovun evini bir həftə sonra avtomat silahdan atəşə tutmuşdular. Evinə gedib kömək üçün yardımımı təklif etdim, lakin imtina etdi. Heydər Əliyev prezident seçiləndən sonra Əli Ömərov Azərbaycanın baş prokuroru oldu.
Rusların arasında apardığımız işlər nəticə vermişdi. Bizimlə dost olub, yardımımızdan istifadə etmək istəyirdilər. Təbii ki, müraciət edənləri əliboş buraxmırdıq. Gəncədə müvəqqəti olacaqlarını artıq yəqin etmişdilər. İllər boyu topladıqları şəxsi ev əşyalarını Rusiyaya aparmaq istəyirdilər, ancaq bacarmırdılar. Onlara Dərbəndə qədər ev əşyalarını çatdırmaqda yardım edəcəyimizi bildirdik. Bir polkovnikin əşyaları Dərbəndə çatanda sevincindən bilmirdi ki, necə təşəkkür etsin. Hər cür əməkdaşlığa hazır idi. Yaxın dostları da ona güvənib ev əşyalarını bizə həvalə etmişdilər. Bu tədbirin həyata keçirilməsində Gəncə AXC şəhər şöbəsinin rəhbərliyinin imkanlarından istifadə edirdim. Gecə “Kəpəz” mehmanxanasına gələndə bir nəfərin mənimlə görüşmək istədiyini bildirdilər. Həmin şəxs Surət Hüseynov idi. Yevlaxda yun fabrikinin direktoru, Azərbaycanın xalq deputatı idi.
Təyyarə Naxçıvana rahat eniş etdi. Həmişə olduğu kimi, “Yükü” sənədləşdirib aktla DMMK-nin nümayəndəsinə təhvil verib, komitəyə getdim. Komitənin sədri Elman Abbasovla görüşdük. Ona dedim ki, Gəncədə bir nəfər mənimlə görüşmək istəyir, sizin də o görüşdə iştirakınız məqsədəuyğundur. Surət Hüseynovu qiyabi tanıyırdım, onunla maraqlanmışdım, ancaq görüşməmişdim. Ertəsi gün Elman bəylə Gəncəyə uçduq, Hüseyn Əlizadə ilə görüşüb, Surət Hüseynovun evinə getdik. Bizi səmimi qarşıladı. Evdə təmir işləri gedirdi. Həyətdə divara yaxın təxminən yüz yeşik 7.62 patronları və 20 ədəd zirehli jilet gözümdən yayınmadı. Surət Hüseynov bizi həyətdəki çardağa dəvət etdi. Qonaqları ona təqdim etdim. Mənim haqqımda məlumatı var idi. Ümumi tanışlıqdan, söhbətdən sonra əsas mətləbə keçdik. Ona Naxçıvandakı ağır hərbi, iqtisadi vəziyyətdən, Heydər Əliyevin gördüyü əsas işlərdən danışdım, ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu bildirdim. Eyni zamanda, respublika rəhbərliyi tərəfindən heç bir köməklik, yardım almadığımızı bildirdim.
Söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçdi. İstədiyimizə nail olmuşduq. Surət Hüseynov Heydər Əliyevə böyük hörmətinin olduğunu, salamlarını ona çatdırmağı xahiş etdi.
Bizi yola salarkən 5.45 və 7.62 patronlarına, zirehli gödəkçələrə ehtiyacımız olduğunu dedim. Həyətdə olan yeşikləri və zirehli gödəkçələri maşına yüklədib aeroporta yola saldıq. Ayrılarkən ona sual verdim ki, Heydər Əliyevi necə tanıyırsınız? Bir anlığa duruxdu. Ondan “Vremya” (Zaman) xəbərlər proqramına baxıb-baxmadığını soruşdum. Dedi ki, baxıram. Ona dedim ki, “Zaman” xəbərlər proqramını beş gün sonra diqqətlə izləsin, verilişdə bir xəbər eşidəcək, onda Heydər Əliyevi, Naxçıvanın əsgərlərini daha yaxından tanıyacaq. “Zaman” (Vremya) xəbərlər proqramı Sovetlər Birliyinin paytaxtı Moskvadan yayımlanan ölkənin birinci kanalının verilişi idi.
Bir həftə sonra Gəncədə Surət Hüseynovla görüşdüm. Əlimi sıxaraq “təbrik edirəm”, – dedi. Soruşdum ki, nə olub? “Vremya” proqramında İrəvanın yaxınlığında bir hərbi bazanın partlamasından məlumat verildiyini dedi. İki gün idi ki, ermənilər yanğını söndürə bilmirdilər...
Surət bəylə isti münasibətlər yaranmışdı. Hətta, Zazalıda ruslara məxsus bir hərbi hissədə də birlikdə olmuşduq. Bir şəhidin ailəsinə birlikdə başsağlığı vermişdik. Beş dəfə bizə kömək üçün müraciətimi yerinə yetirmişdi. Bu münasibət iki aydan çox çəkmədi. Köməkçim Süleymanın dostu Oqtay Baxşəliyevlə xidməti maşınımla Yevlaxa getmişdik. Yun fabrikində gözətçiyə mənim gəldiyimi Surət bəyə çatdırmasını xahiş etdim. Həmişə məni gözlətmədən qəbul edirdi Surət bəy. Bu dəfə yarım saatdan çox gözlədim. Nəhayət, 6 nəfər silahlı mənə yaxınlaşdı, Surət bəyin yaxın qohumu Kəramət məni qəbul etməyəcəyini söylədi. Səbəbini soruşdum, içəri keçmək istədim. Silahlılar qarşımı kəsib imkan vermədilər. Arxamda bir şaqqıltı eşitdim. Avtomobilə əyləşəndə Süleymanla, Oqtay mənim kürəyimdən vurulacağımdan qorxduqlarını dedilər. Kərəmət avtomatı kürəyimə tuşlayıb, atəş üçün hazır vəziyyətə gətirmişdi. Aslanlı tayfasından heç kimə kürəyindən güllə dəyməmişdi. Allah məni saxladı. Nə baş verdiyini heç cür anlaya bilmirdim.
Gəncəyə qayıtdım. Ramiz Cahangirovla görüşüm olacaqdı. Bir əməliyyat həyata keçirəcəkdik. Gecə cənub bölgəsinə – Prişibə yola çıxmalı idim. Mənimlə bərabər bir rus polkovniki və podpolkovniki də getməliydi. Onların köməyi ilə bir ədəd tank və bir ədəd BTR-i Gəncəyə gətirmək məqsədimiz vardı. Texnikaları traylerdə gətirəcəkdim. Hər şey hazır idi. Cəlilabaddan Vaqif adlı tanışım bizi QAZ-24 “Volqa” avtomobilində aparacaqdı. Mehmanxanaya təzə gəlmişdim, saat 23.30 idi. Bir az istirahət etmək istəyirdim ki, qapı döyüldü. Təxminən, on nəfər idilər. Başlarında da Kəramət. Yüksək səslə sabahdan Gəncəni tərk etməyimi tələb etdi, sonra dedi ki, bəs sən bilmirsən burada adamları necə yandırıb yox edirlər. Onun sözlərini ciddi şəkildə qəbul etmədim. Mənim vəzifəm vardı. Naxçıvan təhlükə içərisində qalmışdı. Mən Heydər Əliyevin tapşırıqlarını yerinə yetirməli idim. Ölümdən qorxmurdum, dəfələrlə arxamca atəş açaraq, məni minaya salmaq istəmişdilər. Yəni belə hədə-qorxular birinci dəfə deyildi.
“Volqa” maşınımız mehmanxananın dayanacağında dayanmışdı. Saat 03.00-da rus zabitlərini evlərindən götürüb yola çıxdıq. Şəhərin çıxışında trayler bizi müşayiət etməyə başladı. Sürücünün yanında mən, arxada ruslar əyləşmişdilər. Saatda 60-80 km sürətlə gedirdik. Cəlilabada yaxınlaşırdıq, çiskin yağış yağırdı. Sübh açılmışdı. Ruslar mürgüləyirdilər. Yolumuz uzun olduğu üçün Vaqifi söhbətə tutmuşdum ki, yuxulamasın. Birdən mənim önümdəki təkər yerindən çıxdı. Qarşıdan ara-sıra avtomobillər keçirdi. “Volqa” sürüklənməyə başladı, arxamızca gələn trayler bizə yaxınlaşırdı. Avtomobil yolun əks-tərəfinə sürüklənirdi. Vaqif əyləci sıxmışdı. Xoşbəxtlikdən qarşıda avtomobil yox idi, yoxsa birinci məni vuracaqdı. Rusların qorxudan rəngləri ağarmışdı. Mən də qorxmuşdum, namərdcəsinə qurulmuş belə tələdə ölmək istəmirdim. Trayler bizə beş-on metr məsafədə dayandı. “Volqa”ya baxış keçirdik. Vaqif maşının yeni təmirdən çıxdığını dedi. Bütün şübhələr təkərin boltlarının boşaldılması üzərində dayandı. Bunun kimin tərəfindən edildiyi mənə artıq məlum idi. Əməliyyatı başa çatdırıb, rusları sağ-salamat geri qaytarmalı idim. Onlarla görəcək işlərimiz çox idi. Sağ-salamat Gəncəyə qayıtdıq. Səhərisi gün Hüseyn Əlizadəgilə getdim. Saat 20.30-da Heydər Əliyevlə telefonla danışmalı idim. Hüseyn müəllimdən respublikadakı vəziyyətlə bağlı soruşanda o, parlamentdə Azərbaycan xalqının mənafeyinə zidd bir qərarın qəbul edildiyini bildirdi. Ölkəmiz prezident seçkilərinə hazırlaşırdı. Seçkilərdə Heydər Əliyev iştirak etməsin deyə namizədlərə yaş məhdudiyyəti qoymuşdular. 70 yaşdan yuxarı namizədin seçkilərdə iştirakının qarşısı alınmışdı. Parlament Azərbaycan xalqının əleyhinə qərar qəbul etmişdi. Surət Hüseynovun nəyə görə məni qəbul etməməsini, qohumu Kəramətin düşmən münasibətinin səbəbləri artıq mənə məlum oldu. Surət Hüseynovla bir daha görüşmədim.
Təyin olunmuş vaxtda telefona zəng gəldi. Mən telefonun dəstəyini qaldıranda Hüseyn müəllim televizorun səsini kəsdi. Salamlaşandan sonra Heydər Əliyev işlərin gedişi ilə maraqlandı. Hər şeyin qrafik üzrə getdiyini bildirdim. Sabah Naxçıvana gələcəyimi dedim. İki dəfə “gəl, gəl” dedi. Sonra sabaha qədər səngərlərdə döyüşən əsgərlərimizin patronlarının bitəcəyini söylədi. “Avtomobillər saat 10.00-da aeroportda olsun” deyib sağollaşaraq dəstəyi yerinə qoydum. Tükəzban xanım mətbəxə keçmişdi. Süfrəni hazırlamaq istəyirdi. Hüseyn müəllim narahatlığımı hiss etmişdi. “Nə olub?” – deyə soruşdu. Ona “təcili getməliyəm” – deyib evdən çıxdım. Eldəniz qarşı tində məni gözləyirdi. “Polkovnikin evinə sür” – dedim. Ürəyimdə bü gün sarıqulağı öldürəcəyəm düşüncələri ilə polkovniki eşiyə dəvət etdim. İstəyimi ona bildirdim, dedi səhərə qalsın. Hirslə “bu saat istəyirəm” deyəndə, “yük maşının varmı?” deyə soruşdu. “Var” dedim. Gecə yarısı görüş yerini təyin etdik. Oradan ayrılıb Elşənin atası Şubay kişinin evinə getdik. Yatmamışdı. “Heydər Əliyevlə görüşmək istəyirmisən?” – deyə soruşdum. “Əlbəttə” – dedi. Həyat yoldaşı Kifayət xanım “mən də gedəcəyəm” deyə səsləndi. Şubay kişiyə “yük maşınını hazırla və iki nəfər yanına al, bir saat sonra dediyim ünvana gəl” deyib evdən çıxdım. Görüş yerinə 200 metr qalmış Eldənizə “avtomobili saxla” dedim. Ətrafı diqqətlə nəzərdən keçirdim, sakitlik idi. Bir azdan Şubay gəldi. “Motoru söndür “ dedim. Sakitliyi Zil -131 yük maşınının səsi pozdu. Polkovnik maşından enəndə ona yaxınlaşdım. “Yük maşınınız haradadır?”, – deyə soruşanda işarəmlə Şubay yaxınlaşdı. Saat yarım ərzində iki dəfə Şubayın yük maşını dolub, aeroportda boşaldı.
Səhər açılmışdı. Saat 09.00 radələrində Şubay kişi həyat yoldaşı Kifayət xanımla əllərində 2 səbət təyyarəyə mindilər. Səbətlərdə Heydər Əliyevə Gəncə sovqatı aparırdılar. Mənim sovqatım isə səngərlərdə döyüşən qəhrəman əsgərlərimizə 600000 (altı yüz min) ədəd 5.45 və 7.62 çaplı avtomat patronları idi.
Naxçıvan hava limanında bizi səbirsizliklə gözləyirdilər. Əsgərlərimiz təyyarəyə yaxınlaşan böyüklü-kiçikli avtomobilləri yükləyib, cəbhəyə döyüş bölgəsinə yola salırdılar. Adətən, yüklər anbara göndərilirdi. İndi isə vəziyyət belə tələb edirdi. Altı dəfə belə hal baş verdi. Naxçıvan belə qorunurdu, təpədən dırnağadək silahlanmış düşmənin qarşısında əliyalın olsa da, geri çəkilmək, düşmənin qabağından qaçmaq yox idi. Qanları, canları bahasına əsgərlərimiz, polislərimiz, könüllülərimiz, yerli əhali Naxçıvanı qəhrəmancasına qoruyurdular. Onların qarşısında baş əyməmək mümkün deyildi.
Naxçıvan MR Ali Məclisinin mühafizə xidmətinin rəisi İsrafil Əsgərovla görüşüb, ikinci mərtəbəyə qalxdım. Dəhlizdə Heydər Əliyevin köməkçisi ilə görüşdüm. Qoluma girib kabinetinə dəvət etdi. İlk sualı o oldu ki, belə getsə düşmənin qarşısında dayana biləcəyikmi? Ona yaxın zamanda çox ciddi dəyişikliklər olacağını söylədim. Qarabağda gedən şiddətli döyüşlər barədə məlumat verdim.
Söhbətimiz bir saatdan çox çəkdi. Mənə bir mühüm problem olduğunu bildirdi. “Heydər Əliyevin həyatı təhlükədədir” – dedi. O yalnız Heydər Əliyevi düşünürdü. “Nə etmək lazımdır?” – deyə ondan soruşanda təxirəsalınmaz tədbirləri qeyd etdi.
İkinci dəfə idi ki, o, Heydər Əliyevlə bağlı mənə müraciət edirdi. M.S.Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə seçiləndən sonra, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılaraq istefaya göndərilmişdi. Rus xalqının Heydər Əliyevə böyük rəğbəti olsa da, Qorbaçov ona həsəd aparırdı. Heydər Əliyevi nüfuzdan salmaq üçün ona qarşı mərkəzi qəzetlərdə, o cümlədən, respublikamızdakı rəsmi qəzetlərdə məqalələr dərc etdirirdilər. 1988-ci ildə Heydər Əliyevin uzaq bir qohumu mənə yaxınlaşıb dedi ki, “sən rus dilini yaxşı bilirsən. Moskvaya – Kremlə Heydər Əliyevə qarşı aparılan çirkin iftiralara son qoyulması ilə bağlı bir teleqram göndərə bilərsən?” Qəti cavab verdim ki, nəinki öz adımdan, ətrafımdakı dostlarımın da pasportlarını alıb, onların da adından Heydər Əliyevə qarşı aparılan çirkin iftiralara etiraz teleqramları göndərəcəyəm. Bu kampaniya təkcə Heydər Əliyevə qarşı yönəlməmişdi. Onun yaxınları da təqib olunur, işdən çıxarılırdı. Oğlu İlham Əliyev də işindən uzaqlaşdırılmışdı. Moskvada biznes fəaliyyətilə məşğul olurdu.
(ardı var)
Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi

