Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək işğalçıları öz ərazilərindən qovduqdan sonra dərhal bütün sahələrdə bərpa və yenidənqurma işlərinə start verildi. Həmin sahələrdən biri də nəqliyyat infrastrukturunun bərpası, yenidən qurulması və genişləndirilməsi idi.
Nəqliyyat infrastrukturunun bir hissəsini Azərbaycanın qərb bölgələri və ya Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistanın cənub-şərqindən, Qərbi Zəngəzurdan keçən və hələ sovetlər dövründə mövcud olmuş və məlum düşmənlərimiz tərəfindən dağıdılmış dəmir yolu və avtomobil yolları təşkil edir. Azərbaycanda ölkənin qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat infrastrukturu Zəngəzur dəhlizi kimi qeyd edilir.
Həmin bölgədə nəqliyyat infrastrukturunun bərpa edilməsi məsələsi Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs haqqında Bəyanatın 9-cu maddəsində öz əksini tapmışdır. Bununla belə kapitulyasiya aktı imzalandığı gündən indiyə kimi məğlub Ermənistan Qərbi Zəngəzurda nəqliyyat dəhlizinin açılmasına müxtəlif bəhanələrlə, ilk növbədə, dəhliz anlayışından çıxış edərək, razılıq verməmişdir. İran İslam Respublikası da Zəngəzur dəhlizi məsələsində ermənistanla eyni mövqedən çıxış etməklə bu yolun açılmasını ciddi əngəlləyir.
Bu barədə danışarkən əvvəlcə qeyd etmək lazımdır ki, İran İslam Respublikası Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsinə və həmin müharibənin gedişində qazandığı uğurlara və qələbəyə məyusluq hissi ilə yanaşmışdır. İranın Vətən müharibəsinin ilk yarısında sərgilədiyi ictimai, diplomatik yanaşma və döyüşlərin gedişinə ciddi təsir göstərə biləcək praktiki əməllərinə deyil, Azərbaycan ordusunun sərhəd zonasının 132 kilometrlik hissəsinin işğaldan azad edilməsindən sonra sərgilədiyi qeyri-məntiqi və qərəzli mövqe qonşuluq prinsipinə uyğun deyil.
Azərbaycan ordusu müharibənin 26-cı günü, 22 oktyabr 2020-ci il tarixində Azərbaycan-İran sərhəddinin qeyd edilən hissəsini düşməndən tamamilə azad etdi. Oktyabr ayının 23-ü, müharibənin 27-ci günü, İran Silahlı Qüvvələrinin baş sözçüsü xəbərdarlıq edərək hər cür həmləyə və təhdidə qarşı sərt cavab verəcəklərini elan etdi. İran ərazisinə kimin hücum edəcəyi və təhdid edəcəyi məlum deyildi. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə, Ermənistan isə Azərbaycanın irəliləməsinə mane olmağa çalışmaqla məşğul idi. Bununla belə 23 oktyabr İran–Azərbaycan münasibətlərində qonşu ölkənin məlum olmayan strategiyasına uyğun olaraq diplomatik gərginlik mərhələsinin başlanğıcı günüdür.
Oktyabr ayının 25-i, müharibənin 29-cu günü Qubadlı şəhəri azad edildikdən, yəni Azərbaycan ordusu Ermənistanla sərhəd bölgəsinə çıxışını genişləndirdikdən sonra İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru qoşunları komandiri bəyanat yayaraq, sərhəddə (Ermənistan sərhəddini nəzərdə tuturdu) heç bir dəyişikliyi qəbul etməyəcəyini və sərhədlərin toxunulmazlığının İranın “qırmızı xətti” olduğunu elan etdi. İran zahirən beynəlxalq hüququn tanınmayan müdafiəçisi kimi çıxış etdiyini, əslində isə Ermənistanın müdafəçisi olduğunu və Azərbaycana xəbərdarlıq etdiyini göstərirdi.
Bu, hərbi yolla həll edilməkdə olan Ermənstan–Azərbaycan münaqişəsində İranın tutduğu həqiqi mövqeyin – Ermənistanın işğalçı, təcavüzkar siyasətini 30 il ərzində bütün vasitələrlə dəstəklədiyini davam etdirməsinin elanı idi. Yəni İran Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının nəinki tərəfdarı, eləcə də əsas sponsoru qismində yenə də çıxış etməkdə olduğunu nümayiş etdirirdi. Deməli, İran Azərbaycan ərazilərinin işğalda qalmasında maraqlı, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsində, ərazi bütövlüyünü, suverenliyini təmin etməkdə maraqlı olmadığını göstərirdi. Çünki Ermənistan Azərbaycana hərbi təcavüz edərək onun ərazilərini işğal edərkən İran beynəlxalq hüququn nə dediyini unudaraq qırmızı xəttdən danışmırdı.
Bunun ardınca Azərbaycandan İrana qarşı uydurma təhdidlərin olduğunu, sərhədə yaxın ərazidə təkfirçilərin və sionistlərin mövcudluğu kimi sərsəm iddiaları bəhanə edərək, ölkənin şimal-qərb regionunda –Cənubi Azərbaycanın Şimali Azərbaycanla sərhəd bölgəsində hərbi hava qüvvələrinin gücləndirildiyi (27 oktyabr), quru qoşun hissələrinin sərhəddə yerləşdirildiyi (30 oktyabr) elan edildi. Şuşanın azad edilməsi isə İranı qəzəbləndirdi. Sanki, hansısa xarici dövlət Azərbaycan ərazisindən İrana hücum etməyə hazırlaşırmış və İran da ona qarşı geniş hazırlıq işləri görürdü.
Şuşa azad edildikdən (8 noyabr) sonra Azərbaycanın Vətən müharibəsində qələbəsini həzm edə bilməyən İran tərəfi düşmənçilik mövqeyini yeni iftira və böhtanlarla ifadə edərək Azərbaycana qarşı siyasətinin mahiyyətini gizlədə bilmirdi. Noyabr ayının 9-da İran mediasında səsləndirilən fikirlər həmin ölkənin Azərbaycan siyasətinin gələcək istiqamət və məqsədlərini aydın şəkidə nümayiş etdirirdi. Həmin fikirləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Cənubi azərbaycanlıların hadisələrə, xüsusən də Türkiyənin bölgədə mövqeyinə hakimiyyətdən fərqli münasibətlərinin doğurduğu narahatlıq. Cənubi azərbaycanlılar, guya, Türkiyənin Xəzər dənizinə çıxması və İranın təcrid olunmasını dəstəkləyirlər.
2. Guya, kimlərsə İranın siyasi sisteminə qarşı planlar hazırlayır, ona görə İran sistemə qarşı ən kiçik tərpənişi belə qəbul etməyəcəyini elan edir.
3. Guya, hansı qüvvələrsə İrana təcavüz planı hazırlayır, ona görə Şimal Hərbi Dairəsinin hərbi hava qüvvəlırinin komandanı heç kimin İrana təcavüz etməsinə icazə verməyəcəklərini bəyan edir.
4. Guya, İran kiminsə ölkənin hansısa bölgəsni işğal etməsini planlaşdırdığını və separatizmin gücləndiyini gördüyü üçün Azərbaycanda səfirinin dili ilə işğalçılıq və separatizmi özünün qırmızı xətti elan edir.
Göründüyü kimi, İran Azərbaycanın Vətən müharibəsində hərbi uğurları və parlaq qələbəsini İslam rejiminin sonu, İrana təcavüzün və onun ərazisinin bir hissəsinin işğal edilə biləcəyinin başlanğıcı kimi dəyərləndirərək artıq ictimai fikirdə Azərbaycandan gələ biləcək böyük təhlükə haqqında geniş rəy yaratmağa başlamışdır. Burada ilk gündən diqqəti cəlb edən əsas məqam İran hakimiyyətinin öz anti-Azərbaycan mövqeyini Cənubi azərbaycanlıların Vətən müharibəsinə müsbət yanaşması və uydurma xarici təhlükənin Güneyi hədəf alması ilə əsaslandırmağa çalışması idi.
Azərbaycanın Vətən müharibəsində qələbəsinə qarşı İran özünün düşmənçilik mövqeyini pərdələmək üçü, guya, ona qarşı təhlükənin regionda təkfirçi və sionist qüvvələrin mövcudluğundan irəli gəlməsi kimi son dərəcə əsassız və hətta gülünc iddialarla əsaslandırmağa çalışırdı. Bütün qonşu islam ölkələrinin daxili işlərinə qarışan İslam respublikası əhalisinin əksəriyyəti müsəlman və şiə məzhəbi ardıcılı olan Azərbaycan dövləti ətrafında qırmızı cizgilər çəkməklə məşğul idi. İran əvvəlcə Azərbaycana Ermənistanın təsbit edilməmiş, delimitasiya və demarkasiya olunmamış sərhədini qırmızı rəngə boyadığını elan etdi. Sonra isə subyekti göstərilməyən işğalçılığı, eləcə də çoğrafiyası və subyekti elan edilməyən separatizmi qırmızı xətt elan etdi.
Beləliklə, İranın gələcək siyasi, hərbi və ideoloji fəaliyyətinin istiqamətini Azərbaycan ətrafına çəkdiyi, zahirən ölkələrin və dövlətlərin beynəlxalq hüquqa əsaslanan suverenlik və ərazi bütövlüyünün təmin olunmasına, əslində isə Azərbaycanın xarici siyasətinə xas olmayan, lakin gələcəkdə ona qarşı istifadə edilə biləcək sahələrdə 3 qırmızı xətt (Ermənistanın sərhədləri, işğalçılıq, separatizm) müəyyən etdi.
Vidadi MUSTAVAYEV,
AMEA Şərqşünaslıq İnstitutu İran Şöbəsinin müdiri, professor

