Azərbaycan–Macarıstan strateji müttəfiqliyi: Avropanın kənarında, Türk dünyasının içində

post-img

Dəyişən beynəlxalq düzəndə Azərbaycanın xarici siyasət prioritetləri qlobal oyunçularla yanaşı, regional güc mərkəzləri ilə də möhkəm əməkdaşlıq zərurətini ortaya qoyur. Bu baxımdan, Mərkəzi və Şərqi Avropanın mühüm ölkələrindən biri olan Macarıstanla münasibətlərin dinamikası xüsusi diqqətə layiqdir. Son illər bu əlaqələr təkcə ikitərəfli dostluq və iqtisadi əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, həm də yeni geosiyasi reallıqlar fonunda strateji tərəfdaşlığa çevrilir.

Münasibətlərin kökü: Dəyərlərə əsaslanan tərəfdaşlıq

Azərbaycan–Macarıstan münasibətləri 1990-cı illərin əvvəllərində qurulsa da, onların strateji mahiyyət qazanması son on ildə müşahidə edilir. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə və 2023-cü ildə bunun genişləndirilmiş forması artıq təkcə diplomatik akt deyil, iki dövlətin qarşılıqlı maraqları və uzunmüddətli niyyətlərini ifadə edən konseptual çərçivəyə çevrilib. Enerji təhlükəsizliyindən tutmuş, təhsil və humanitar sahələrə qədər əməkdaşlıq spektri bu tərəfdaşlığın dərinliyini nümayiş etdirir.

Tərəflər suverenlik, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini əsas tutaraq, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməklə geosiyasi münasibətlərə özünəməxsus töhfə verirlər. Macarıstanın Avropa İttifaqı daxilində Azərbaycanın maraqlarını dəstəkləyən ölkələrdən biri olması respublikamızın Avropaya inteqrasiya səyləri üçün əhəmiyyətli diplomatik dayaq yaradır.

Enerji – geosiyasi körpü və strateji dayaq

Macarıstanla enerji sahəsində əməkdaşlıq Azərbaycanın Avropa enerji bazarında artan rolunu təsdiqləyir. “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirak niyyəti, “yaşıl” enerji layihələrinə qoşulması və dörd ölkənin birgə imzaladığı strateji saziş bu əməkdaşlığın təkcə ticarət deyil, strateji aspektlərini də gücləndirir.

Xəzər küləklərindən Qara dənizin dibi ilə Avropaya uzanan enerji infrastrukturu yalnız texnoloji layihə deyil – bu, regionlar arasında etimadın, qarşılıqlı inamın və siyasi iradənin nəticəsidir. Azərbaycanın enerji ixracı artıq neft və qazla məhdudlaşmır, həm də “yaşıl” enerjiyə keçidi sürətləndirir.

İqtisadi artımın müttəfiqi: qarşılıqlı sərmayə və ticarət

İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir.

SOCAR ilə “MVM”, “MOL” və digər iri macar şirkətləri arasında imzalanmış müqavilələr isə enerji və sənaye sahəsində real iqtisadi modelin qurulduğuna dəlalət edir. Həmçinin dərman istehsalı, kosmik texnologiyalar, azad iqtisadi zonalarda əməkdaşlıq dost ölkənin texnoloji potensialından Azərbaycanda istifadə olunmasının başlanğıcıdır.

Təhsil və humanitar əlaqələr: gələcəyin təməli

Macarıstanın “Stipendium Hungaricum” proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbəyə təhsil imkanı yaratması, Macaristanda Nizami Gəncəviyə büst ucaldılması, Azərbaycan Dillər Universiteti və ELTE-də mədəniyyət mərkəzlərinin açılması əməkdaşlığın mədəni və humanitar səviyyədə də strateji xarakter daşıdığını göstərir.

Bunlar sadəcə jestlər deyil. Bunlar xalqların bir-birinə inteqrasiya etməsinin, yaxınlaşmasının dərinləşməsi üçün atılmış səmimi addımlardır. Bu mühit isə həm mədəni diplomatiyanın, həm də uzunmüddətli qarşılıqlı hörmətin təməlidir.

Təhlükəsizlik və suverenlik: ortaq yanaşma

Macarıstanın 2023-cü ildə qəbul etdiyi “Suverenliyin Qorunması Aktı” ölkənin siyasi sistemində xarici müdaxilələrə qarşı dirəniş ruhunu əks etdirir. Maraqlıdır ki, bu qanunun fəlsəfəsi Azərbaycanda da müstəqil qərarvermə və daxili sabitliyin qorunması yönündə aparılan siyasətlə üst-üstə düşür. Bu yaxınlaşma iki ölkə arasında siyasi dəyərlərin uyğunluğu baxımından əhəmiyyətlidir. Xarici təsirlərə qarşı institusional dayanıqlığın artırılması hər iki ölkənin strateji müstəqilliyini qorumaq üçün əhəmiyyətli amildir.

Türk dünyası və Avropa arasında körpü

Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu və Budapeştdəki Nümayəndəlik Ofisinin fəaliyyəti, bu ölkənin özünü həm Avropanın ən Şərq, həm də Türk dünyasının ən Qərb dövləti kimi təqdim etməsi artıq diplomatik poetika deyil – bu, geo­siyasi amildir. 

Viktor Orbanın Şuşaya səfəri və Macarıstanın TDT-nin qeyri-rəsmi zirvə toplantısında iştirakı onu göstərir ki, bu ölkə Avropa ilə Türk dünyası arasında körpü rolunu oynamaq niyyətindədir. Azərbaycan isə bu körpünün təməlində dayanan mühüm aktordur.

Prezident İlham Əliyevin TDT haqqında “bu, bizim ailəmizdir” fikri və bu ailənin sıralarında Macarıstan kimi qeyri-türk dövlətinin yer alması təşkilatın inklüzivlik gücünü və nüfuz potensialını artırır.

Gələcəyə baxış: əməkdaşlıqdan müttəfiqliyə

Azərbaycan–Macarıstan münasibətləri artıq sadəcə, əməkdaşlıq deyil, qarşılıqlı strateji maraqların təmin olunduğu çoxşaxəli müttəfiqlik formatına çevrilməkdədir. Bu müttəfiqlik təkcə iki ölkə üçün deyil, region üçün də sabitlik, inkişaf və dayanıqlı tərəfdaşlıq nümunəsi təqdim edir. COP29 kimi qlobal tədbirlərdə birgə iştirak, enerji, nəqliyyat, mədəniyyət, müdafiə və hüquq sahələrində əməkdaşlıq yeni geosiyasi modelin konturlarını cızır.

Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş regional bloklaşmaların əsasını təşkil edə bilər – Avropanın kənarında, Türk dünyasının içində.

Renat Dadaşov

 

Siyasət