Bakı – Tehran: Münasibətlər dostluğa, əlaqələr ümumi maraqlara əsaslanır

post-img

İkitərəfli razılaşmalar birgə səylərlə icraya yönəldilib

İran Prezidenti Məsud Pezeşkianın Qurban bayramı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığını, sadəcə, diplomatik etiket jesti kimi qiymətləndirmək azdır. Bizim fikrimizcə, bu telefon zəngini Məsud Pezeşkianın Prezident kimi aprelin 28-də Azərbaycana ilk rəsmi səfərində başlanan səmimi dialoqun davamı hesab etmək olar. Təkcə səmimi qonşuluq münasibətləri ilə deyil, həm də qardaşlıq atmosferi ilə müşayiət olunan Bakı görüşlərinin son 30 ildə iki ölkə arasında münasibətlərdə müşahidə olunan enişli-yoxuşlu siyasi “marafonun” uğurlu mərhələsinə vəsilə olduğu heç kəsdə şübhə doğurmur.

M.Pezeşkianın İlham Əliyevlə telefon danışığında Azərbaycan–İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğunu vurğulaması, birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvar olduğunu bildirməsi Tehran və Bakının bundan sonra siyasi təmasların yalnız pozitiv tendensiyaya sadiqlik prinsipi əsasında davam etdiriləcəyinə inamı daha da möhkəmləndirir.

İİR Prezidentinin ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlaması da təsüdüfi deyildi. Onun məhz Azərbaycana səfərindən sonra Bakı–Təbriz aviareysinin bərpasının, Bakı–Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılmasının xalqlarımız arasında təmasların güclənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etməsi, bir növ, gələcəyə yönəlik böyük planların uğurla həyata keçiriləcəyi ilə bağlı verilən ismarıcdır.

Öz növbəsində, telefon danışığında Bakı görüşlərində aparılan müzakirələri yüksək qiymətləndirdiyini bildirən Azərbaycan Prezidenti imzalanan müqavilələrin, əldə olunan razılaşmaların həyata keçirilməsi üçün səylərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

***

Bakı ilə Tehran arasında siyasi dialoqun intensivləşdiyi, əlaqələrin müsbət məcraya yönəldiyi indiki mərhələdə, xüsusilə, enerji, ticarət və nəqliyyat sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Bunu İİR Prezidenti Məsud Pezişkian Azərbaycana rəsmi səfərində ayrıca vurğulamışdı: “Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, Bakıda müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək”.

Bəli Azərbaycan ilə İran arasında səmimi dialoq mühitinin mövcudluğu danılmaz faktdır. Bu dialoqa inam və səmiyyət ruhu qatan isə iki ölkənin rəhbəri arasında əməkdaşlıqdan, müttəfiqlikdən daha irəli gedən qardaşlıq münasibətləridir. İkitərəfli münasibətlərdə məhz bu amil Məsud Pezişkianın Bakı görüşlərində İlham Əliyevə “Əziz qardaşım!” müraciəti ilə özünü qabarıq şəkildə büruzə verdi. Əminliklə deyə bilərik ki, belə səmimi təmaslara köklənmiş səfər son dövrlərədək rəsmi Tehranın Azərbaycana yönəlik və heç də birmənalı olmayan siyasəti ucbatından tərəflər arasında yaranmış bəzi anlaşılmazlıqların aradan qaldırılmasında həlledici rol oynadı.

İkitətrəfli əlaqələrin yeni mərhələyə qədəm qoyması faktını bölgə ölkələri də qəbul edirlər. Azərbaycan, Ermənistan istisna olmaqla, regionun bütün dövlətləri, o cümlədən İranla yüksək səviyyəli siyasi-iqtisadi, humanitar əlaqələrin genişləndirilməsində maraqlıdır. Rəsmi Tehran üçün də Bakı ilə əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Cənubi Qafqazın geostrateji əhəmiyyətini göz önünə gətirsək, burada siyasi dialoq mühitinin hər zaman aktuallıq kəsb etdiyini görərik.

***

Yenidən İİR Prezidentinin Bakıya məlum səfərinə qayıdaraq, oxuculara Prezident İlham Əliyevin bu səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü kimi dəyərləndirməsini xatırlatmaq istərdik: “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir. Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq”.

Burada diqqətçəkən məqamlardan biri üzərində dayanmağı vacib sayırıq. Məsud Pezeşkian İranın əvvəlki dövlət başçılarından fərqli olaraq, Azərbaycana münasibətdə daha açıq, səmimi yanaşma nümayiş etdirir. Onun Bakıda özünü doğma evində – Təbrizdə olduğu kimi hiss etdiyini dilə gətirməsi, Azərbaycan dilində danışması, Şəhriyardan şeir deməsi, xalqlarımızın ortaq tarixi köklərlə bir-birinə bağlılığını, oxşar milli-mədəni dəyərlərə malik olmalarını önə çəkməsi ölkəmizə və xalqımıza dost, qohum və qardaş kimi rəğbətinin ifadəsi idi – desək, yəqin, səhv etmərik. Qeyd etdiklərimiz iki dövlət və xalq arasında münasibətlərin işıqlı gələcəyini müjdələyən mesajlardır. Bu baxımdan, iki ölkə arasında formalaşmaqda olan müsbət tendensiya, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın və uzaq müttəfiqlərlə münasibətlər müstəvisində yürütdüyü düşünülmüş, praqmatik siyasət nəticəsində ərsəyə gəlir. Məhz dövlət başçımızın zərgər dəqiqliyi ilə hesabladığı diplomatik addımları sayəsində bu gün İran və Azərbaycan arasında əməkdaşlıq tellərinin möhkəmlənməsinə şahidlik edirik. Digər vacib amil isə iki ölkə arasında münasibətlərin, siyasi dialoqun keyfiyyətcə yeni və konstruktiv mərhələyə qədəm qoyması həm də regionda sabitlik və əməkdaşlığın perspektivləri baxımından ciddi əhəmiyyət kəsb etməsidir. İran və Azərbaycan arasında dialoqun intensivləşməsi strateji təməllər üzərində qurulub. Buraya yüksək səviyyəli siyasi təmaslar, regional layihələrdə koordinasiyalı fəaliyyət, sərhədyanı əməkdaşlıq və təhlükəsizlik məsələləri daxildir. Bu istiqamətlərin hər biri Bakı və Tehran arasında siyasi etimadın dərinləşməsinə xidmət edir. İndi əsas vəzifə səmimi və sağlam atmosferə köklənən ikitərəfli dialoqu davamlı etdirməkdən, gündəmi qorumaqdan ibarətdir.

***

Sonda onu da qeyd etməliyik ki, iki ölkə arasında münasibətlərin yeni məcraya yönəlməsi olduqca vacib geosiyasi amillərlə bağlıdır. Xüsusilə, post-müharibə reallıqları fonunda Azərbaycanın həm bölgədə, həm də beynəlxalq platformalarda apardığı uğurlu siyasəti, bütövlükdə, Cənubi Qafqazın siyasi-iqtisadi dirçəlişi üçün yeni mərhələni formalaşdırıb. Bu kontekstdən yanaşdıqda, rəsmi Tehran Azərbaycanla mehriban qonşuluq siyasətinin həm bölgədə nüfuzunun artmasına, həm də təhlükəsizlik maraqlarına xidmət etdiyini yaxşı başa düşür.

İran və Azərbaycan arasında sağlam siyasi dialoqun yeni mərhələsi bölgə ölkələri üçün də müsbət nəticələr vəd edir. O mənada ki, qarşılıqlı anlaşma regionda hərbi-siyasi gərginliklərin aradan qaldırılmasına imkan verir. Məsələyə həm də mədəni və humanitar əlaqələrin inkişafı prizmasından yanaşılsa, məlum olur ki, ortaq tarixi və mədəni irsə malik iki xalq arasında yaxınlaşma daha da dərinləşir. Yekun olaraq onu qeyd edə bilərik ki, İranla Azərbaycan arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyması təkcə ikitərəfli münasibətlər üçün deyil, ümumilikdə, Cənubi Qafqaz və Yaxın Şərq üçün sabitlik və əməkdaşlığın möhkəm təməllər üzərinə transformasiyasını şərtləndirir.

İran Prezidenti Məsud Pezeşkianın Bakıya 28 aprel səfərindən və Azərbaycan Prezidenti İlham Əliyevlə srağagünkü telefon söhbətindən gəldiyimiz qəti qənaət budur ki, münasibətlərin davamlı və qarşılıqlı etimada əsaslanan şəkildə inkişafı yaxın gələcəkdə daha böyük layihələrin, regional təşəbbüslərin reallaşmasına zəmin yaradacaq. Bizdə bu əminliyi yaradan bütün məsələlər üzrə aydınlaşmış, səmimi qonşuluq və qarşıqlıqlı etimad mühitinə əsaslanan münasibətləri uğurlu perspektivə yön almasıdır.

İmran BƏDİRXANLI
XQ

Siyasət