15 iyun 2021-ci il tarixi Azərbaycan–Türkiyə münasibətləri üçün yeni bir epoxanın başlanğıcı kimi yadda qaldı. Həmin gün Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd təkcə diplomatik akt deyil, eyni zamanda, iki qardaş xalqın tarix, mədəniyyət və ortaq tale üzərində qurulan münasibətlərinin yüksək mərhələyə - strateji müttəfiqliyə keçidinin rəsmi nişanəsi oldu.
Şuşa Bəyannaməsi tarixə, mədəniyyətə və ortaq köklərə söykənən bir baxışın hüquqi və siyasi ifadəsidir. İki dövlətin liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd, əslində, bir əsrdən artıq davam edən dostluğun, dəfələrlə sınaqdan çıxmış qardaşlığın və zamanın sərt küləklərinə davam gətirən müttəfiqliyin zirvədəki təsdiqidir. Bu, yalnız siyasi maraqların deyil, milli mənsubiyyətin, mədəni birliyin və geosiyasi məsuliyyətin bəyanıdır.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək və qətiyyətli mövqe bu bəyannamənin geosiyasi zəminini formalaşdırdı. Bəyannamə ilə təsbit edilən əməkdaşlıq sahələri - müdafiə sənayesi, təhlükəsizlik, nəqliyyat, enerji, təhsil və mədəniyyət - regional güc balansında yeni reallıqlar yaradaraq Cənubi Qafqazda sabitlik və inkişafın təminatına çevrildi.
Şuşa Bəyannaməsi həm də Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır. Bu sənəd, təkcə Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün model funksiyası daşıyır. Bu model, həm milli suverenliklərin möhkəmləndirilməsi, həm də regional təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Əslində, Şuşa Bəyannaməsi yalnız bu günü deyil, gələcəyi də təmin edən sənəddir. Bu sənəd iki dövlətin taleyini birgə yazmaq iradəsinin hüquqi formasını təşkil edir. Azərbaycan və Türkiyə artıq birgə inkişaf, birgə müdafiə və birgə mədəni yüksəliş yolundadır. Bu sənəd ilə “bir millət, iki dövlət” ideyası daha da dərin mənaya bürünür - bu artıq yalnız şüar deyil, konkret əməkdaşlıq formatına çevrilmiş siyasi strategiyadır.
Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini keyfiyyətcə yeni bir səviyyəyə qaldırmış regional və beynəlxalq əhəmiyyətli bir hadisədir. Bu bəyannamə, iki qardaş ölkənin gələcək əməkdaşlığının istiqamətlərini müəyyən edərək, onların müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında, regional sülh və sabitliyin təmin edilməsində, eləcə də iqtisadi və mədəni inkişafında mühüm rol oynamağa davam edəcək.
Deputat sonda bildirib ki, nəticə etibarilə, Şuşa Bəyannaməsi Türk birliyinin, regional sabitliyin və beynəlxalq hüquqa əsaslanan əməkdaşlığın təcəssümüdür. Bu bəyannamə ilə Azərbaycan və Türkiyə bir daha sübut etdi ki, tarixi qardaşlıq yalnız keçmişin mirası deyil, gələcəyin də təminatıdır. Şuşa şəhərində imzalanan bu müqəddəs sənəd təkcə bir akt deyil, gələcəyə yazılmış ortaq anddır - sarsılmaz birliyimizin manifestidir!