II məqalə
Böhranlara daha dayanıqlı türk dünyası
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatından bəhs edəndə daim iki istiqamətin sintezində anlamı böyük olan məqamı vurğulamışdır. Onlardan biri Azərbaycan liderinin TDT-nin və bütövlükdə Türk dünyasının inteqrasiyasının perspektivinə böyük inam ifadə etməsidir. Digəri bu yolda hər bir türk dövlətinin üzərinə böyük məsuliyyətin, çalışqanlığın, neqativ təsirlərə qarşı ortaq hərəkət etmək zərurətinin düşdüyünü vurğulamasıdır. Naxçıvan Bəyannaməsi imzalananda, TDT-nin hər bir Zirvə toplantısında, Vətən müharibəsindən sonra müxtəlif KİV nümayəndələrinə verdiyi müsahibələrdə, Andiçmə mərasimində, müxtəlif forumlarda TDT ilə bağlı fikir ifadə edəndə mütləq bu iki məqamı konkret önə çəkmişdir.
Bu gün, ümumiyyətlə, türk dünyası və xüsusilə TDT ilə bağlı baş verən hadisələr Azərbaycan liderinin nə dərəcədə haqlı olduğunu sübut edir. Bu baxımdan Qəbələ Zirvəsi ərəfəsində türk dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı etdiyi paylaşımda İlham Əliyevin “ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir” fikrini ifadə etməsi əhəmiyyətli anlama malikdir. Onun başqa mənaları ilə yanaşı, böhranlara daha dayanıqlı türk dünyası formalaşdırmaq anlamı əhəmiyyətlidir. Onun siyasi və geosiyasi məna özəlliyi üzərində Qəbələ Zirvəsi kontekstində dayanmaq gərəkdir.
Türk xalqları arasında həmrəylik
Böhranlara qarşı daha dayanıqlı olmaq fəlsəfəsinin mərkəzində türk xalqlarının həmrəyliyinin gücləndirilməsi tezisi dayanır. Prezident İlham Əliyevin paylaşımında vurğuladığı aşağıdakı fikrə baxaq: “Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, türk xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə vermişdir”.
Deməli, ölkələr arasında əməkdaşlıq və xalqlar arasında həmrəylik TDT çərçivəsində bir-birini motivə etməli və tamamlamalıdır. Proses kimi bu xüsusiyyət kifayət qədər mürəkkəb və ciddi yanaşma tələb edən məsələdir. Çünki tarixin hökmü ilə türk dövlətləri, ölkələri, cəmiyyətləri arasında münasibətlər heç də bütün dönəmlərdə hamar olmamışdır. Bir sıra hallarda Türk dövlətləri bir-biri ilə savaşmışlar.
Siyasət etnosun təbii və ontoloji birliyi fonunda bir qədər fərqli mənzərə yarada bilir. Ona görə də türklər daim ayıq olmalı və ölkələr arasında əməkdaşlıqla yanaşı, xalqların həmrəyliyinin daha da gücləndirilməsi istiqamətində çox ciddi addımlar atmalıdırlar.
Bu kontekstdə indi müşahidə edilən bir məqamı unutmamalıyıq – bir sıra dairələr əsasən türk xalqları arasında həmrəyliyi zəiflətmək, imkan olsa onlar arasında ciddi ixtilaflar yaratmaq istiqamətində canfəşanlıq edirlər. Detallara varmadan bu prosesin iki əlamətini vurğulamaq lazımdır.
İnformasiya sferasında “antitürk fırtınası”
Birincisi, mediada türk ölkələri və cəmiyyətlərində əsasən neqativ hadisələrin baş verdiyi görüntüsü yaratmağa cəhd edilir. Təhlükəlisi odur ki, bu zaman səbəb kimi ümumiyyətlə türk xalqlarının bir-birini qəbul etməməsini göstərmək istəyirlər. Qafqazlı Anadolu insanından və hər ikisi Mərkəzi Asiya mentalitetindən fərqləndiyi görüntüsü yaratmağa cəhd göstərirlər. Müxtəlif məişət hadisələrini əsas olmadan milli, mədəni, etnik, siyasi, mənəvi-əxlaqi və digər aspektlərə proyeksiya edib belə təsəvvür yaratmaq məqsədlərini hiss edirik: türk xalqları birləşə bilməzlər, çünki aralarında fərqlər və problemlər çoxdur!
Bunun bir şər, böhtan, ara vurmaq və cəfəngiyyat olduğunu onu deyən və yazanların özləri də yaxşı bilirlər. Lakin elə əsas məqsəd də ondan ibarətdir ki, yalanı həqiqət kimi təqdim edib türk xalqlarının həmrəyliyini pozsunlar.
İkincisi, belə təsəvvür yaratmağa çalışırlar ki, türk liderlərin danışmasına baxmayaraq, “türk ailəsi”ndə problemlər həmişə var və olacaq. Məsələn, guya türk dövlətləri bir-birini müdafiə etmək istəmirlər və əsasən Qərbin maraqlarına uyğun hərəkət edirlər. Buna görə də TDT heç zaman ciddi geosiyasi güc ola bilməyəcək.
Diqqət etsək, görərik ki, türk ailəsi və TDT-nin ciddi geosiyasi güc kimi formalaşması tezisləri daha çox İlham Əliyevə aiddir. Lakin Azərbaycan Prezidentinin məntiqi, fəaliyyəti və qətiyyətli əyilməz duruşu “informasiya qafilləri”ni yerlə-yeksan etməkdədir! O cümlədən Türkiyə və Azərbaycanda da bir sıra media mənsubları bundan nəticə çıxarmalıdırlar.
“Qardaşlığımız əbədidir”
İndi Qəbələdə hökm sürən siyasi ab-hava bir daha təsdiq edir ki, “Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”. Prezident İlham Əliyev öncəki mərhələlərdə nümayiş etdirdiyi mövqeni, TDT-yə olan böyük sevgisi və inamını, ümumiyyətlə, “mədəniyyət”, “dialoq”, multikulturalizm”, “əməkdaşlıq”, “təhlükəsizlik, “birgə inkişaf”, “türk mədəniyyəti və kimliyi” kimi anlayışlara yüksək sayğısını açıq ifadə edir. Bu baxımdan da “Azərbaycanın türk dünyasının birliyini qardaşlığın əbədiliyi naminə daha da gücləndirəcəyi” tezisi bir siyasi və geosiyasi mahiyyətli təşviqdir! TDT-nin özünə layiq yer tutmasının anatomiyasıdır!
Qəbələ Zirvəsi fonunda bu düşüncələr bir sıra tezislər üzərində dayanmaq zərurətini meydana çıxarır. Əslində həmin tezislər zaman-zaman “Xalq qəzeti”ndə yer almışdır. Türk dünyası ətrafında baş verən proseslər və TDT kontekstində onların məzmun çalarlarına bir daha baxmaq faydalı olar.
İlham Əliyev: Türk dünyası birliyinin memarı
Sözsüz ki, TDT-yə daxil olan hər bir türk ölkəsinin başçısı, o cümlədən müşahidəçi statusunda olan V.Orban və Ə.Tatar türk dünyasının inteqrasiya olunması üçün öz töhfələrini verirlər. Bununla yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmin istiqamətdə elə strateji kurs müəyyən etmişdir ki, Azərbaycanın aparıcılığı və motivəedici rolu həmişə seçilir. 2003-cü ildən bu yana türk dünyası ilə bağlı Prezident İlham Əliyevin atdığı davamlı addımlar isə göstərir ki, təməldə türk xalqlarının inteqrasiyasında Azərbaycan rəhbəri xüsusi rol oynayır.
Burada Azərbaycanın dövlət olaraq II Qarabağ müharibəsində qalib gəlməsi və 2023-cü ildə 23 saata suverenliyini tam təmin etməsi ayrıca gücləndirici, ruhverici rol oynamışdır və strateji məqsədə nail olmağa inamı yeni keyfiyyət səviyyəsinə yüksəltmişdir. Obyektiv olaq: müstəqilliklərini əldə edəndən sonra 30 il müddətində Qarabağa ayaqları dəyməyən Mərkəzi Asiya türk dövlətlərinin liderləri indi həm ora səfərlər edir, həm də bölgənin yenidən qurulmasına öz qardaşlıq töhfələrini verirlər. Bu prosesin birbaşa ideya müəllifi, stimullaşdırıcısı və memarı Prezident İlham Əliyevdir.
Azərbaycan Prezidenti türk dövlətlərinin birlik məsələsinə daha geniş kontekstdə baxaraq yeni dinamika vermişdir. Nümunə, Laçında Azərbaycan-Türkiyə-Pakistan strateji razılaşması və uzun illər Azərbaycana isti münasibəti olmayan Türkmənistan rəhbərinin Qarabağa səfəridir. Yəni İlham Əliyev nəinki türk dövlətləri arasında müxtəlif səbəblərdən yaranmış “buzları” əridir, həm də daha geniş məkanda birlik yaratmaq gücü və potensialını nümayiş etdirir. Doğrudan da, Pakistan, Macarıstan və Gürcüstan kimi dövlətlər türk birliyinə maraq göstərirlərsə, Türkmənistan hansı məntiqlə kənarda qalmalıdır? İran niyə əsassız ehtiyatlılığı və soyuqluğunu davam etdirməlidir?
İlham Əliyevin türk dünyasının birliyi və nüfuzu ilə bağlı fəaliyyəti bunlarla da məhdudlaşmır. İndi analitiklər əmindirlər ki, Azərbaycanın avqustun 8-də Vaşinqtonda nail olduğu razılaşma və Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin son toplantısında iştirakına olan münasibət göstərir ki, ABŞ və Avropa da TDT-ni müsbət dəyərləndirir. Qlobal geosiyasət baxımından bu məqamlar çox əhəmiyyətlidir. Üzərində bir qədər geniş dayanaq.
Türk sivilizasiyası qlobal geosiyasət kontekstində
Bizlər haqlı olaraq türk sivilizasiyasından danışırıq. Bəlkə də bu dünyada türklər qədər sivilizasiyadan danışmaq haqqı və potensialı olan ikinci bir qövm yoxdur. Lakin çox təəssüf ki, əsrlərlə dünyadakı müəyyən kəsimlər həqiqəti və reallığı elə gizlədib və təhrif ediblər ki, əksəriyyət sual edir: “türk sivilizasiyası var?”
Ancaq tarixə obyektiv və qərəzsiz yanaşanda görürsən ki, gerçəklik tamamilə başqadır. Məsələn, Avropada “Vyana məktəbi” adlanan və etnosların dünya mədəniyyətinə töhfələrini araşdıran bir qrup alim türklərin “savaşçı çobanlar” mədəniyyətini bütün dünya mədəniyyətinin mayası hesab etmişlər (XX əsrin ikinci yarısında).
Bundan başqa, necə olur ki, dünyanın dörd bir guşəsində türk mədəniyyətinin izləri mövcud olur? XVII əsrdə qərblilərin, rusların və çinlilərin İç Moğol ərazisi ilə bağlı tərtib etdikləri xəritələrdə toponimlərin 99 faizi türk mənşəlidir. Biz onların bir qismi haqqında bu mövzudakı I məqalədə yazmışıq.
Eyni zamanda, əgər türk sivilizasiyası yoxdursa, indiki Mərkəzi Amerikada, Latın Amerikasında, Afrikada birbaşa türklərin adı ilə bağlı yerləşim məkanları, mədəni abidələr, coğrafi ərazi niyə mövcuddur?
Belə alınır ki, artıq türklər özlərinə qarşı olan bu tarixi ədalətsizliyi aradan qaldırmalıdırlar. Türklər tarixi ədaləti bərpa etməyi bacarırlar!
Bunlar Prezident İlham Əliyevin davamlı olaraq TDT məsələsini qlobal geosiyasət və siyasətin gündəminə sivil, siyasi, diplomatik, əməkdaşlıq və təhlükəsizlik kontekstlərində gətirməsinin stratejidə doğrudan da türk sivilizasiyası anlayışının qəbul edilməsi üçün çox faydalı olduğunu göstərir.
Azərbaycan sosio-humanitar elmi üçün bu bağlılıqda araşdırılması aktual olan mövzulardan biri XXI əsrdə “sivilizasiya” və “qlobal geosiyasət” anlayışlarının müxtəlif aspektlərdə - siyasi-nəzəri, fəlsəfi, tarixi, kulturoloji, filoloji və s. tədqiqi olmalıdır.
Bu baxımdan AMEA-nın yeniləşmə kursunun prioritetləri geniş imkanlar yaradır. Bu təşkilatın rəhbərliyinin fəaliyyətində də həmin məqam xüsusi yer tutur. Artıq türk dünyası birliyi kontekstində vurğulanan istiqamətdə tədqiqatlar aparılır. O cümlədən Fəlsəfə və Sosiologiya, Tarix və Etnoqrafiya, Ədəbiyyat və Folklor institutlarında araşdırmalar davam edir.
Beləliklə, Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsədlər əsasında hazırda ölkədə türk sivilizasiyanın siyasi, geosiyasi, mədəni və digər istiqamətlərdə özünütəsdiqi prosesi ilə yanaşı, məsələnin elmi araşdırılması prosesi paralel aparılır. Bu istiqamətlər, təbii ki, qarşılıqlı əlaqədə reallaşır və bəhrələrini ən qısa zamanda bütün dünya daha çox görəcəkdir.
Vurğuladığımız strateji məqamın Qəbələ Zirvəsində müzakirə edilən məsələlər işığında hansı məzmun alması da olduqca əhəmiyyətlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru