2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
17 oktyabr
• Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhəri və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin işğalçılardan azad olunması ilə bağlı xalqa müraciət edib.
• Ermənistan silahlı qüvvələri gecə saat 01 radələrində Gəncə şəhərinin mərkəzi hissələrini növbəti dəfə raket atəşinə tutub. Baş Prokurorluğun məlumatına görə, bu xain hücum nəticəsində üçü azyaşlı olmaqla, 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb. Həmçinin mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
• Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.
• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS qurğusu, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 17 yük maşını və digər avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru xeyli itki verərək mövqelərini ataraq geri çəkilib. Həmçinin Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 hərbi qulluqçusu fərarilik edib.
• Ordumuz cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasını məhv edib.
• Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları Azərbaycan Ordusunun aviasiya zərbələri ilə darmadağın edilib.
• Ermənistan silahlı qüvvələrinə məxsus bir ədəd Su-25 təyyarəsi və taktiki PUA-sı bölmələrimizin dəqiq atəşi ilə vurulub.
• Ermənistan silahlı qüvvələrinə məxsus üç ədəd “Tor-M2KM” və bir “S-125” zenit-raket kompleksi, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri ilə sıradan çıxarılıb.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 17-si saat 12:00-dək 60 mülki şəxs həlak olub, 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.
• Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonundakı “Çaxırlı” və “Mahmudlu” sərhəd zastavaları üzərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.
• Baş Prokurorluğun məlumatına görə, hərbi hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən Ermənistan ordusunun gecə saat 01 radələrində Mingəçevirə atdığı raketlər zərərsizləş dirilib.
Mustafa KAMAL
XQ