Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver ilə görüşüb.
TÜRKPA-dan XQ-yə bildirilib ki, görüşdə Qazaxıstanın sədrliyi dövründə TÜRKPA-nın fəaliyyətindən söz açan R.Həsən təşkilatın 2026-cı il fəaliyyət planı, son koordinasiya toplantısının nəticələri barədə məlumat verib.
Söhbət zamanı Macarıstan və türk dövlətləri arasında münasibətlərin son illərdə dinamik inkişafından bəhs edilib. Macarıstan Parlamentinin Avropa institutları ilə əlaqələrdə oynaya biləcəyi rol qeyd edilərək, ölkənin 2014-cü ildən TÜRKPA-nın müşahidəçisi kimi Türk Dövlətləri Təşkilatına (TDT) dəstəyi və Budapeşt Zirvəsinə ev sahibliyi əməkdaşlığın mühüm göstəriciləri kimi vurğulanıb.
Baş katib TÜRKPA üzv parlamentlərinin sədrlərinin qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsünü irəli sürüb və ilk görüşün 2026-cı ilin aprelində İstanbulda təşkil ediləcəyini bildirib. Həmçinin TÜRKPA-nın 2026-cı ildə Qırğızıstanda keçiriləcək 15-ci plenar sessiyasında Macarıstan parlamentinin iştirakının vacibliyi qeyd olunub.
Laszlo Köver Macarıstanın Türk dünyası ilə tərəfdaşlığa önəm verdiyini bildirib və Baş katibi 2026-cı ildə Macarıstanda keçiriləcək Hun-Türk Qurultayına dəvət edib.
Görüşdə, həmçinin “TDT+” konsepsiyası çərçivəsində yeni əməkdaşlıq formatlarının araşdırılması, parlament komitələri və ekspert qrupları səviyyəsində strukturlaşdırılmış əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub.
Sonra TÜRKPA nümayəndə heyəti Macarıstan parlamentinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş binasını gəzib.






