Xalqımız 1991-ci il oktyabr ayının 18-də əsrlər boyu arzuladığı azad, sərbəst, müstəqil yaşamaq arzusuna yenidən qovuşdu. Müstəqilliyin ilk illərində ölkəmiz suverenliyini, dövlətçiliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Çox mürəkkəb, taleyüklü bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın çağırışı, təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq ölkəni parçalanma, məhvolma təhlükəsindən xilas etdi. Müstəqilliyimizi, dövlətçiliyimizi qoruyub möhkəmləndirdi. Azərbaycan yeni, dinamik inkişaf mərhələsinə qədəm qoydu.
1995-ci il noyabrın 12-də Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Milli Konstitusiyamız dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətləri özündə ehtiva edir.
Konstitusiya bir əsrə yaxın dövrdən sonra müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Əsas Qanunun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, müdrik rəhbər Heydər Əliyevin imzaladığı 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Əbədiyaşar liderin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 22 il ərzində ölkəmiz çox böyük uğurlara, 44 günlük Vətən müharibəsində tarixi qələbəyə, şanlı Zəfərə imza atıb. 2023-cü il sentyabrın 19-da cəmi 23 saat davam etmiş antiterror əməliyyatı nəticəsində növbəti parlaq qələbə əldə edilərək ölkəmizin suverenliyi tam bərpa olundu. Suverenliyin bərpasının və respublikamızın bütün ərazisində qanunun aliliyinin təmin olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq, ölkə Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsbit olundu.
Azərbaycan dünyada güclü, qalib dövlət, yeni reallıqların müəllifi kimi tanınır. Şanlı, üçrəngli Dövlət Bayrağımız respublikamızın hər yerində əzəmətlə dalğalanır. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, keçmiş məcburu köçkünlər doğma ata-baba yurdlarında qayıdırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi heç də təsadüfi deyil. Vətən müharibəsində qazandığımız misilsiz qələbədən 5 il, ilk milli Konstitusiyanın qəbulundan 30 il keçir. Xalqımız çağdaş tariximizin parlaq səhifələrinə çevrilmiş bu unudulmaz, əlamətdar tarixləri böyük iftixarla, qürur və fəxarət hisslərilə qeyd edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır.
Konstitusiya Azərbaycanın demokratik inkişafında, müstəqil dövlətçiliyin təminatında mühüm rol oynayır. Əsas Qanun 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmaqla təkcə dövlətin hüquqi və demokratik dəyərlərə söykənən əsaslarını deyil, həm də xalqın siyasi iradəsinin ifadəsi və dövlətin legitimliyinin əsas mənbəyidir.
Cənab Prezidentin müvafiq Sərəncamında da 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyanın hüquqi, institusional və demokratik idarəetmə çərçivələrinin möhkəmlənməsində həlledici rolu vurğulanır. Qeyd edilir ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, o illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiya dahi rəhbərin dövlət quruculuğunda müstəsna xidmətlərinin, əzəmətli və möhtəşəm liderliyinin parlaq nümunəsidir. Əsas Qanuna istinad edərək ölkəmizdə hüquq sisteminin, dövlət idarəetməsinin müasirləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində ardıcıl islahatlar həyata keçirilib.
Əldə olunmuş nailiyyətlərin davam etdirilməsi, Konstitusiya prinsiplərinin dərinləşdirilməsi və yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24, 2009-cu il martın 18-də isə 25 maddəsinə əlavə və dəyişikliklər edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlib. Konstitusiyada aparılan dəyişikliklər müstəqil Azərbaycanın sosial-iqtisadi bazasının gücləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin olunmasına xidmət edir.
Suverenlik – dövlətin daxili və xarici siyasətində öz iradəsini sərbəst ifadə etmək, hüquqi və siyasi qərarları müstəqil şəkildə qəbul etmək səlahiyyətidir. Bu anlayış yalnız siyasi deyil, həm də hüquqi müstəvidə öz təsdiqini tapır. Dövlətin suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, hüquqi aktların bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur.
Dövlət suverenliyinin ən mühüm hüquqi təminatı onun Konstitusiyasıdır. Lakin dövlət suverenliyi də hədsiz deyil, o, xarici münasibətlərdə beynəlxalq hüququn hamılıqla tanınmış norma və qaydaları ilə, daxili münasibətlərdə isə qanunlarla məhdudlaşır.
Konstitusiyanın "Azərbaycan dövləti" adlanan 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, onların qarşılıqlı fəaliyyət göstərməsi və müstəqilliyi dövlətin hüquqi müstəqilliyini gücləndirən əsas prinsiplərdəndir.
Xalqın suverenliyi Konstitusiyamızın 1-ci maddəsində dolğun şəkildə təsbit olunub. Hakimiyyətin mənbəyinin xalqa məxsusluğu öz təzahürünü xalqın referendumda və seçkilərdə iştirakı və bu yolla hakimiyyəti təşkil etməsində tapır.
Daxili suverenlik dövlətin qanun yaradıcılığına, idarəetmə və məhkəmə hakimiyyətinə kənar təsir olmadan tam nəzarətini təmin edən ali prinsiplərdən biridir. Bu, Konstitusiya ilə möhkəmləndirilmiş hüquqi institutların müstəqil fəaliyyətini və dövlətin öz ərazisində yeganə legitim güc sahibi olduğunu təsdiqləyir.
Xarici suverenlik dedikdə isə dövlətin beynəlxalq hüququn tamhüquqlu subyekti kimi tanınması, dünya arenasında bərabərhüquqlu iştirakı və milli maraqlarını müstəqil şəkildə müdafiə etməsi başa düşülür.
Ölkəmizin suverenliyinin təminatında beynəlxalq aləmdə tanınma həlledici rol oynamışdır. 1991-ci ildən başlayaraq dünyanın əksər dövlətləri Azərbaycanın müstəqilliyini tanımış, ölkəmiz BMT və digər beynəlxalq təşkilatların üzvü olmuşdur. Bu, Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul olunması və dövlət müstəqilliyinin legitimliyini möhkəmləndirməsi demək idi.
Eyni zamanda milli silahlı qüvvələrin yaradılması yalnız ölkənin ərazi bütövlüyünün qorunması üçün deyil, həm də dövlətin suverenliyinin daxildən və xaricdən müdafiə etmək məqsədi daşıyır.
"Konstitusiya və Suverenlik İli" ilə əlaqədar həyata keçirilən tədbirlər cəmiyyətdə həmrəyliyi daha da artırır, müasir hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsinə, konstitusion dəyərlərin qlobal çağırışlar əsasında təmin edilməsinə yeni töhfələr verir.
Lənkəran Şəhər Prokurorluğunun kollektivi "Konstitusiya və Suverenlik İli" çərçivəsində məsuliyyətini dərindən dərk edərək dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmini, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi naminə qarşıda duran vəzifələri bundan sonra da işgüzarlıqla, yüksək peşəkarlıqla yerinə yetirəcəkdir.
Azad QARAYEV
Lənkəran rayon prokuroru,
baş ədliyyə müşaviri

