Bakı konfransının bəyannaməsi BMT sənədi kimi yayılıb
İtkin düşmüş şəxslər məsələsi beynəlxalq hüquqda paradoksal mövqeyə malikdir. Problem silahlı münaqişələrin qaçılmaz nəticəsi kimi hər zaman mövcud olub. Beynəlxalq hüquq isə uzun müddət problemin sistemli həllinə yönəlmiş ayrıca mexanizm yaratmaqdan yayınmağa üstünlük verib. Azərbaycan sözügedən problemin həlli istiqamətində mühüm addımlar atır.
Bu günlərdə Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda qəbul edilmiş bəyannamə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunub və yayılıb. Bəyannamənin rəsmi sənəd kimi dövriyyəyə buraxılması ilk baxışda texniki prosedur təsiri bağışlaya bilər. Lakin prosesin mahiyyətinə diqqətlə baxıldıqda addımın beynəlxalq sistemdə uzun müddət “kənar məsələ” kimi saxlanılan problemin siyasi-institusional çərçivəyə daxil edilməsi cəhdi olduğu aydın görünür. Əslində məsələ sadəcə itkin düşmüş şəxslər probleminin qabardılması ilə yekunlaşmır. Əsas məğz ondan ibarətdir ki, problem sistemli şəkildə qlobal təhlükəsizlik, postmünaqişə nizamlanması və beynəlxalq məsuliyyət mexanizmləri ilə eyni müstəvidə təqdim olunur. Cenevrə konvensiyaları mülki əhalinin və hərbi əsirlərin müdafiəsini normativ səviyyədə təmin etsə də, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələsi uzun müddət tövsiyə xarakterli sahədə saxlanılıb. Daha dəqiq desək, beynəlxalq sistem bu mövzunu hüquqi məcburiyyətə çevirməkdən çəkinib. Çünki belə olan halda, bir çox münaqişə zonalarında dövlətlərin və qeyri-dövlət aktorlarının keçmiş fəaliyyətinə yenidən baxılması zərurəti yarana bilərdi. Bu kontekstdə Bakı Bəyannaməsinin fərqi ondadır ki, sənəd itkin düşmüş şəxslər problemini humanitar çərçivədə dondurmaq əvəzinə, onu beynəlxalq məsuliyyət diskursuna daxil edir. Ən əsası, məsələ davamlı sülhün ön şərti kimi təqdim olunur. Burada diqqətçəkən əsas məqamlardan biri sözügedən təşəbbüsün müəllifidir. Azərbaycan problemi müzakirəyə çıxarıb universal kateqoriya kimi təqdim etməklə onu beynəlxalq sistemin struktur boşluqları ilə əlaqələndirdi.
İtkin düşmüş şəxslər məsələsinin beynəlxalq gündəlikdə real çəkisini anlamaq üçün onu müxtəlif regionlarda formalaşmış praktika ilə müqayisə etmək zəruridir. Çünki problem hər yerdə mövcud olsa da, beynəlxalq sistem ona eyni yanaşmanı sərgiləmir. Məhz bu fərqli yanaşmalar Bakı təşəbbüsünün niyə diqqət çəkdiyini və nə üçün BMT səviyyəsində sənədləşdirilməsinin sıradan hadisə olmadığını aydın göstərir. Məsələn, Balkan regionu itkin düşmüş şəxslər məsələsinin beynəlxalq hüquqa ilk dəfə nisbətən sistemli şəkildə daxil edildiyi coğrafiya kimi təqdim olunur. Xatırlatmaq yerinə düşər ki, Bosniya və Herseqovina, Xorvatiya və Kosovo münaqişələrindən sonra on minlərlə insanın taleyi naməlum qalmışdı. Beynəlxalq ictimaiyyət də nisbətən bu regionda aktiv görünürdü, tribunal mexanizmlər yaradılmış, xüsusi missiyalar göndərilmiş, hesabatlar hazırlanmışdı. Lakin əsas problem siyasi xarakter daşıyırdı. Balkan təcrübəsində itkin düşmüş şəxslər məsələsi daha çox cinayət məsuliyyəti və fərdi günah konsepti üzərindən qurulmuşdu. Bu, bir tərəfdən hüquqi presedentlər yaradırdısa, digər tərəfdən məsələni etnik və siyasi qarşıdurmaların davamına çevirirdi. Belə olan halda, dövlətlərarası etimad formalaşmır, proses uzun illər uzanır və tam bağlanmır. Latın Amerikası da itkin düşmüş şəxslər anlayışının insan hüquqları diskursuna daxil edildiyi əsas regionlardan biridir. Argentina, Çili, Peru və Qvatemala kimi ölkələrdə hərbi rejimlər dövründə on minlərlə insan yoxa çıxıb. Bu ölkələrdə demokratik keçid mərhələsində “həqiqət və barışıq komissiyaları” yaradıldı, arxivlər açıldı, müəyyən hüquqi mexanizmlər işə düşdü.
Yaxın Şərq regionuna gəldikdə isə bu coğrafiyada itkin düşmüş şəxslər problemi ən kəskin həddə müşahidə olunur. Suriya, İraq, Livan və Yəmən kimi ölkələrdə yüz minlərlə insanın taleyi hələ də naməlumdur. Beynəlxalq hesabatlar mövcuddur, lakin real mexanizmlər ya yoxdur, ya da siyasi bloklanmalar səbəbindən işləmir. Afrika qitəsində də uzunmüddətli silahlı münaqişələr, dövlət çevrilişləri və daxili qarşıdurmalar nəticəsində itkin düşmüş şəxslər problemi geniş yayılıb. Ruanda, Sudan, Efiopiya və Konqo kimi ölkələrdə bu məsələ kütləvi xarakter daşıyır. Burada beynəlxalq sistem əsasən humanitar yardım və fövqəladə reaksiya ilə kifayətlənir.
İtkin düşmüş şəxslər məsələsinin kütləvi məzarlıqlar faktoru ilə birləşdiyi məqam isə beynəlxalq sistem üçün həssas zonanı təşkil edir. Çünki kütləvi məzarlıqlar konkret cinayət əməllərinin, sistemli zorakılığın və beynəlxalq humanitar hüququn pozulmasının fiziki izləridir. Azərbaycanda da problem özünü büruzə verir. İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu günədək itkin düşmüş şəxslərin dəfn olunduğu ehtimal edilən 28 kütləvi məzarlığın tapılması bunun əyani sübutudur. Həmin məzarlıqdan bütövlükdə 218 şəxsə aid meyit qalıqları aşkarlanaraq eksqumasiya edilib. Aparılan anatomik və molekulyar-genetik ekspertizaları nəticəsində onlardan 60 nəfərinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib. Bütün bu reallıqlar fonunda söyləmək olar ki, əgər bu xətt davam etdirilərsə, Bakı təşəbbüsü gələcəkdə itkin düşmüş şəxslər və kütləvi məzarlıqlar üzrə beynəlxalq mexanizmlərin formalaşmasında əsas istinad nöqtələrindən birinə çevrilə bilər.
Əmir ƏLİYEV,
İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri
BMT sistemində hər hansı bir sənədin rəsmi status alması onu beynəlxalq hüquqi-siyasi gündəliyə daxil edir və gələcək müzakirələr üçün istinad mənbəyinə çevirir. İtkin düşmüş şəxslər problemi artıq beynəlxalq humanitar hüququn icrası, münaqişəsonrası ədalət və barış mexanizmlərinin səmərəliliyi ilə birbaşa bağlıdır. Problemin münaqişə tərəfləri, digər dövlətlərlə birgə müzakirəsi dövlətin sülh imicini göstərir və beynəlxalq hüquqa sadiqliyini təsdiqləyir. İkincisi, sənədin məhz Bakı konfransının nəticəsi kimi yayılması Azərbaycanın normativ gündəm formalaşdıran aktora çevrildiyini göstərir. Diplomatik baxımdan bu, mühüm incəlikdir: dövlət öz mövqeyini müdafiə etməklə kifayətlənmir, beynəlxalq müzakirənin çərçivəsini özü müəyyənləşdirir, aktual məsələlər irəli sürür. Bu zaman həlli vacib olan istiqamətlər müəyyən edilməklə, beynəlxalq hüquq yaradıcılığının da fəaliyyətə düşməsinə gətirib çıxarır. Üçüncüsü, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası kanalları ilə yayım sənədə ikiqat siyasi çəki verir. Baş Assambleya universallıq, Təhlükəsizlik Şurası isə təhlükəsizlik və sabitlik prizmasını təmsil edir. Ona görə də itkin düşmüş şəxslər məsələsinin bu iki müstəvidə paralel şəkildə gündəmə gətirilməsi beynəlxalq təhlükəsizlik arxitekturasının elementi kimi təqdim edir. Nəzərə alsaq ki, BMT Nizamnaməsinin 1-ci maddəsində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi ilə bərabər, insan hüquqları və əsas azadlıqların təmin edilməsi də əsas məqsədlərdəndir. İtkin düşmüş şəxslərlə əlaqədar məsələlər də bilavasitə hər iki problemin mərkəzində dayanır. Bu isə postmünaqişə dövrlərində uzunmüddətli sabitliyin insan talelərindən yan keçə bilməyəcəyini açıq mesaj kimi ortaya qoyur. Dördüncü və ən mühüm məqam odur ki, bu addım selektiv humanitar yanaşmalara qarşı institusional cavabdır. Beynəlxalq praktikada humanitar məsələlərin tez-tez siyasiləşdirildiyi bir şəraitdə, rəsmi BMT sənədi statusu mövzunu subyektiv interpretasiyalardan qoruyur.
Strateji baxımdan bu hadisə Azərbaycanın postmünaqişə dövrünün təkamül mərhələsini göstərir. Diqqət artıq hərbi-siyasi nəticələrdən humanitar ədalətin institusionallaşdırılmasına keçir ki, bu da beynəlxalq legitimliyin dərinləşməsi deməkdir. Ən əsas töhfələrdən biri ondan ibarətdir ki, itkin düşmüş şəxslər məsələsi artıq regional humanitar problem kimi deyil, beynəlxalq sülh, təhlükəsizlik və postmünaqişə ədaləti kontekstində qəbul olunur və göstərilir ki, dövlətlər, o cümlədən problem daim beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır. Sənəd həm də ölkəmizin BMT-nin üzvü kimi onun əsas prinsiplərinə tam sadiqliyini göstərir. Bütövlükdə, Azərbaycan Respublikası beynəlxalq-hüquqi öhdəliklərini vicdanla yerinə yetirir və hazırda da yetirməkdədir. Dövlətlər mübahisələrin dinc yolla həll edilməsi ilə bərabər, itkin düşmüş şəxslərlə əlaqədar məsələlərin də tezliklə həll edilməsinə çalışmalıdır. Bu isə həmin sahədə gələcəkdə beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi prosesini daha da sürətləndirə və möhkəmləndirə bilər.
Nəzrin ELDARQIZI
XQ


