Vaşinqtondan başlayan “domino uçuşu” Davosda davam etdi
Davosda Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş regional və qlobal miqyasda olduqca böyük perspektivlər vəd edir. ABŞ liderinin yeni hakimiyyət dövrü Azərbaycan, bütövlükdə isə Cənubi Qafqaz üçün yeni imkanlar yaradır.
Ölkə başçımızın Davosda keçirilən “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə qeyd etdiyi kimi, ötən ilin 8 avqustundan sonra Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərilib: “Hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar”.
Son aylarda Bakı–Vaşinqton münasibətlərində intensivləşmə müşahidə olunur. ABŞ Ticarət Palatası, ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir. Görüşlər fevralın 9–10-da Bakıda keçiriləcək. İkigünlük səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq. Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.
Qeyd edək ki, ölkələr arasında müzakirə olunmuş anlaşma memorandumunun icrasına həsr olunan ilk İşçi Qrupun görüşü keçirilib. Görüşdə regional nəqliyyat bağlantılarının, ticarətin gücləndirilməsi, o cümlədən süni intellekt və rəqəmsal infrastrukturun inkişafı kimi məsələlərə baxılıb. Bu təşəbbüslər sayəsində Azərbaycan–ABŞ iqtisadi əlaqələrində yeni mərhələnin başlanğıcı qoyulur və ölkəmizin region lideri kimi rolunu artırır.
Digər tərəfdən, “TRIPP” layihəsi Cənubi Qafqazın nəqliyyat-enerji xəritəsini birləşdirməyi nəzərdə tutur. Belə nisbətən mürəkkəb layihə yalnız infrastruktur tikintisi ilə məhdudlaşmır. TRIPP eyni zamanda normativ koordinasiya, investisiya mexanizmləri və özəl sektorun iştirakı kimi aspektləri də əhatə edən siyasi-iqtisadi çərçivədir. Bu təşəbbüs artıq ABŞ-ın Avrasiya loqistikasında iştirakını gücləndirə biləcək regional platforma kimi müzakirə olunur. TRIPP-in texniki aspektləri isə ABŞ tərəfindən dəstəklənir.
Məsələnin digər tərəfi isə 8 avqust görüşündən sonra baş verən “domino uçuşu” ilə bağlıdır. Azərbaycan və Ermənistan arasında normallaşma prosesində də, xüsusilə, iqtisadi çərçivədə aktivlik müşahidə olunur. Son dövrdə Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr normallaşma prinsipinə əsasən genişlənir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı həyata keçirilir və idxal olunmuş taxıl ölkəmiz vasitəsilə Ermənistana çatdırılır. Həmin sülh təşəbbüslərinin bir hissəsi olaraq Ermənistan da enerji sahəsində əməkdaşlığa maraq göstərir.
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə bəyan edib ki, TRIPP layihəsi çərçivəsində hər iki ölkənin enerji sistemləri bir-birinə qoşulacaq və ixrac-idxal imkanlarından qarşılıqlı bərabər şərtlərlə faydalanacaqlar. O, artıq benzinin qiymətinin təxminən 20 faiz ucuzlaşdığını, həmçinin Azərbaycandan Ermənistana buğda idxalının başladığını qeyd edərək bunun qarşılıqlı faydanın nəticəsi olduğunu vurğulayıb. Bu faktlar münaqişədən sonrakı normallaşmanın praktik nəticələrini göstərir və regional sabitliyin iqtisadi nəticəsini sübut edir.
Davos görüşündən, eləcə də son icra olunan layihələrdən aydın olur ki, TRIPP dəhlizi Çinə və Orta Asiyaya çıxış imkanlarını şaxələndirir, regionda sülh və əməkdaşlığa xidmət edir. Yeni nəqliyyat–enerji koridorları həm münaqişədən sonrakı regionda sabitliyi artırır, həm də Azərbaycan və Ermənistan arasında qarşılıqlı fayda əsasında iqtisadi münasibətlərin dərinləşməsinə əsas verir.
Zəfər VƏLİYEV,
enerji məsələləri üzrə ekspert
1988-ci ilə qədər Azərbaycan və Ermənistan vahid enerji sistemi daxilində fəaliyyət göstərib. Mövsümi şərtlərdən asılı olaraq tərəflər bir-birinə elektrik enerjisi ixrac ediblər. Bu gün Ermənistan İrandan idxal etdiyi təbii qazın əvəzində İrana elektrik enerjisi ixrac edir. Azərbaycan isə son illərdə böyük həcmdə elektrik enerjisi istehsal edərək onun bir hissəsini ixraca yönəldib.
Nəticə etibarilə, Azərbaycanla iqtisadi və enerji əməkdaşlığının inkişafı Ermənistan iqtisadiyyatının dirçəlməsinə real töhfə verə bilər. Ermənistanın illik neft məhsullarına tələbatı Azərbaycanın cəmi bir aylıq tələbatına bərabərdir. Bu fakt da göstərir ki, enerji sahəsində əməkdaşlıq ilk növbədə Ermənistan üçün həyati əhəmiyyət daşıyır.
Ümumiyyətlə, müharibədən sonra Cənubi Qafqazda yeni iqtisadi imkanlar formalaşdı. Bunun ardınca 2025-ci ilin noyabr ayında Azərbaycan hökuməti Azərbaycan ərazisi üzərindən Ermənistana tranzit yüklərin daşınmasına tətbiq edilən məhdudiyyətləri qismən aradan qaldırdı.
Bu addım Ermənistanın yanacaq-sürtkü materialları bazarında ciddi dəyişikliklərə səbəb oldu. Ümumilikdə, Azərbaycanın Ermənistana enerji daşıyıcılarının tədarükünü təşkil etməsi son 33 ildə ilk dəfə baş verdi. Məhz buna görə də bütün mal dövriyyəsi əsasən Gürcüstan üzərindən reallaşdırılıb. Daha əvvələ getsək, 1959-cu ildə Qaradağ–Ağstafa–Tbilisi–İrəvan qaz kəməri istismara verildikdən sonra Ermənistanda sənayeləşmə prosesi sürətlənməyə başladı.
Qeyd edək ki, Ermənistanda qazpaylayıcı şəbəkələrin formalaşmasında Azərbaycan mühəndisləri və mütəxəssisləri fəal iştirak ediblər. Eyni zamanda, Ermənistan ərazisində fəaliyyət göstərən bir sıra kimya zavodlarının xammal təminatında Azərbaycan məhsulları mühüm rol oynayıb. Buraya həm metan tərkibli boru kəməri qazı, həm də Sumqayıt kimya müəssisələrində istehsal olunan kimya məhsulları daxil idi.
Daşınma xərclərinə gəldikdə isə bir ton neft məhsulunun daşınma xərci 25–31 ABŞ dolları təşkil edir. Yanacağın növündən – dizel, benzin və ya aviasiya kerosini olmasından asılı olmayaraq, daşınma xərci eyni səviyyədə qalır. Bakıdan Böyük Kəsiyə qədər daşınma xərci 15–16 dollar, Gürcüstanın tranzit tarifi isə təxminən 9 dollar təşkil edir. Sadaxlı stansiyasından Ayrım stansiyasına qədər olan hissə üçün isə əlavə 3 dollar ödənilir.
Bu xərclər strukturunu bildirməkdə məqsəd Ermənistanın yanacaq təchizatının sadə və ucuz logistik mexanizm üzərində qurulmadığını nümayiş etdirməkdir. Ermənistan üçün nəzərdə tutulan neft məhsulları iki fərqli limanda – Rusiyanın Qara dəniz sahilində və Gürcüstanın Poti və ya Batumi limanlarında doldurulub-boşaldılır ki, bu da əlavə xərc və vaxt itkisinə səbəb olur. Məhz bu səbəbdən Ermənistanın yanacaq-sürtkü materialları bazarında Rusiyanın payı hələ də böyükdür. Azərbaycanın neft məhsullarına üstünlük verilməsi isə Ermənistanın Rusiyadan enerji asılılığının azaldılması və yanacaq təchizatının şaxələndirilməsi baxımından mühüm strateji addım kimi dəyərləndirilə bilər.
Zahid MƏMMƏDOV,
Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor
Ümumiyyətlə, Davosda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Trampla keçirdiyi görüş regional və qlobal kontekstdə olduqca məhsuldardır. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq real və praktik nəticələrə çevrilməkdədir. Bu proses özünü Azərbaycan məhsullarının Ermənistana ixracında, xüsusilə neft məhsullarının tədarükündə göstərir. Sözügedən əməkdaşlıq Ermənistan iqtisadiyyatının dirçəlməsi və inkişafına təsir göstərdiyi kimi, Azərbaycan iqtisadiyyatına da mühüm töhfə verir.
Davosda Azərbaycan və Ermənistan prezidentlərinin açıqlamalarında qeyd olunur ki, Azərbaycan vasitəsilə daha geniş logistik imkanların formalaşdırılması, qarşılıqlı yükdaşımaların gələcəkdə genişləndirilməsi perspektivləri müzakirə edilir. Əslində, bu məsələlər təkcə regional liderlər arasında deyil, qlobal iqtisadi və siyasi gündəmin də mühüm müzakirə mövzusudur.
Bu baxımdan TRIPP layihəsi Cənubi Qafqazda mühüm regional infrastruktur təşəbbüsü kimi çıxış edir. Ümumilikdə, TRIPP layihəsini Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüsü kimi qiymətləndirmək olar. Bu layihə regional ticarət, nəqliyyat və enerji əlaqələrinin kompleks şəkildə genişlənməsinə zəmin yaradır.
Ümumiyyətlə, Nikol Paşinyan sülh prosesində qarşılıqlı əlaqələri iqtisadi investisiya təşəbbüsü kimi təqdim edir və iqtisadi əməkdaşlığın önə çıxarıldığını xüsusi olaraq vurğulayır. Azərbaycanın regionda ən güclü aktor və təşəbbüskar kimi çıxış etməsi fonunda Ermənistan da artıq bu reallığı dərk edir və Azərbaycanın irəli sürdüyü təşəbbüslərin gələcək regional inkişaf üçün açdığı imkanlardan faydalanmağa çalışır. Mövcud proseslər göstərir ki, Bakı tərəfindən irəli sürülən strateji layihələr yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi arxitekturasına təsir edən fundamental dəyişikliklər yaradır.
Nurlan ABDALOV
XQ



