Davos–2026-nın əsas dərsi: Dialoqsuz inkişaf yoxdur!

post-img

2026-cı il Dünya İqtisadi Forumu İsveçrənin Davos şəhərində qlobal siyasət və iqtisadiyyatın taleyini müzakirə etmək üçün dünya liderlərini bir araya gətirdi. “Dialoq ruhu” şüarı ilə keçirilən builki forum bir daha göstərdi ki, beynəlxalq münasibətlərdə qarşıdurma meyillərinin gücləndiyi, geosiyasi risklərin artdığı bir dövrdə dialoq hazırda heç vaxt olmadığı qədər vacibdir.

Yüzlərlə tanınmış siyasətçi, iqtisadçı, biznes və texnologiya nümayəndəsi qlobal miqyasda ən aktual və ən mürəkkəb problemləri müzakirə etmək üçün Davosa toplaşdı. Forum üçün seçilən “Dialoq ruhu” mövzusu da təsadüfi deyildi. Çünki beynəlxalq münasibətlərdə qarşıdurma meyilləri güclənir, güc siyasəti dialoqu sıxışdırır və bu şəraitdə ünsiyyət artıq seçim yox, zərurət kimi qəbul olunur.

Davos–2026 bu baxımdan tarixi miqyas aldı. Forumda təxminən 400 yüksək səviyyəli siyasi lider, o cümlədən 65-ə yaxın dövlət və hökumət başçısı, 850-yə yaxın iri transmilli şirkətin rəhbəri, eləcə də yüzə yaxın startap və texnoloji innovator iştirak etdi. Bu, Dünya İqtisadi Forumunun tarixində qeydə alınmış ən yüksək siyasi iştirak göstəricilərindən biri oldu və forumun qlobal proseslərə təsir imkanlarını bir daha ön plana çıxardı.

1971-ci ildə sadəcə biznes dairələrinin görüşü kimi başlayan Davos Forumu zamanla nadir qlobal dialoq platformasına çevrildi. Bu gün Davos böyük güclərin, regionların, siyasətçilərin, iqtisadçıların və texnologiya liderlərinin birbaşa ünsiyyət qura bildiyi azsaylı beynəlxalq məkanlardan biridir. Hərçənd forum tez-tez “qlobal elitaların klubu” kimi tənqid olunur, Davos–2026 sürətlə dəyişən və qeyri-sabit dünyada belə platformalara real ehtiyacın davam etdiyini göstərdi.

Forumun gündəliyi beş əsas istiqamət ətrafında formalaşmışdı: geosiyasi mühit, süni intellekt, iqlim və təbiət, yeni iqtisadi artım mənbələri və insan faktoru. Texnologiya, maliyyə, enerji və istehlak malları sektorlarından olan qlobal şirkət rəhbərlərinin fəal iştirakı bu sahələrin müasir dünya iqtisadiyyatında həlledici rol oynadığını bir daha təsdiqlədi. Bununla yanaşı, tarif siyasəti, ticarət münaqişələri və regional təhlükəsizlik məsələləri də müzakirələrin əsas mövzuları sırasında yer aldı.

Qlobal miqyasda ciddi sarsıntıların yaşandığı, ticarət müharibəsi ritorikasının gücləndiyi, qarşılıqlı sanksiya və cavab tədbirlərinin gündəmə gəldiyi bir vaxtda “dialoq ruhu” ideyası həm daha aktual, həm də daha çətin reallaşan məqsəd kimi ön plana çıxdı. Davos Forumu bu ziddiyyəti açıq şəkildə nümayiş etdirdi. Forum çərçivəsində təqdim olunan “Qlobal əməkdaşlıq barometri - 2026” hesabatında da qeyd olunur ki, bütün çətinliklərə baxmayaraq, qlobal əməkdaşlıq müəyyən dayanıqlıq göstərir. Lakin mövcud əməkdaşlıq səviyyəsi iqtisadi, təhlükəsizlik və ekoloji problemlərin miqyasına uyğun deyil.

Forumda açıq etiraf olundu ki, bu gün dünya iqtisadiyyatı daha mürəkkəb və qeyri-müəyyən mərhələdədir. Kapital hələ də texnologiya və infrastruktur layihələrinə yönəlir, lakin siyasi risklər, sanksiyalar və ticarət münaqişələri investorları daha ehtiyatlı davranmağa məcbur edir. Bu baxımdan Davos–2026 nikbinlikdən daha çox xəbərdarlıq mesajları ilə yadda qaldı.

Süni intellekt isə forumun əsas müzakirə mövzularından biri oldu. Forumda süni intellekt gələcəyin texnologiyası kimi deyil, bu gün iqtisadiyyatı formalaşdıran real güc kimi qiymətləndirildi. Bəziləri onun məhsuldarlığı artıracağını və iqtisadi artımı sürətləndirəcəyini vurğuladı, digərlərisə milyonlarla insanın işini itirə biləcəyi və sosial bərabərsizliyin dərinləşəcəyi barədə xəbərdarlıq etdi. Nəticədə ümumi fikir formalaşdı ki, süni intellekt artıq təkcə texnoloji deyil, siyasi və sosial məsələdir və dövlət tənzimləməsi qaçılmazdır.

Siyasi baxımdan Davos–2026 dünyanın yeni mərhələyə keçdiyini təsdiqlədi. Beynəlxalq münasibətlərdə liberal qaydalar zəifləyir, onların yerini güc balansına əsaslanan yanaşmalar tutur. ABŞ, Avropa və Çin arasında iqtisadi və təhlükəsizlik mövqeləri getdikcə daha çox fərqlənir. Dialoq çağırışlarına baxmayaraq, real siyasətdə kompromislərin daraldığı açıq hiss olunur. Bununla yanaşı, forum göstərdi ki, qlobal sistem yalnız supergüclər üzərində qurulmur və regional, orta güclər də yeni dünya nizamında daha fəal rol oynamağa çalışır.

Bir sözlə, Davos–2026 dialoq çağırışları ilə yanaşı, dünyanın üzləşdiyi dərin siyasi və iqtisadi ziddiyyətləri də göstərdi. Qlobal əməkdaşlıq ehtiyacı artsa da, onu reallaşdırmaq əvvəlkindən daha çətindir. Məhz buna görə də Davosda səsləndirilən “dialoq ruhu” çağırışı bu gün təkcə bir şüar deyil, qlobal sabitlik üçün zəruri bir mesaj kimi qiymətləndirilir. Bu baxımdan forumun əsas nəticəsi belə ifadə oluna bilər ki, dünya yeni qaydalara doğru gedir, lakin bu qaydalar hələ hazır deyil.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət