Ukrayna savaşı sona çatacaqmı?
Ukrayna münaqişəsinin həlli ilə bağlı səylər son günlər kifayət qədər aktivləşib. ABŞ və Ukrayna prezidentlərinin Davosdakı görüşündən dərhal sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya uçub və Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Görüşdə Rusiya tərəfini prezidentin köməkçisi Yuri Uşakov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev təmsil ediblər. ABŞ nümayəndə heyətinə isə Uitkoffdan başqa, sahibkar, investor, “Affinity Partners” şirkətinin təsisçisi Cared Kuşner və Ağ Evin iqtisadi məsələlər üzrə ixtisaslaşmış yüksək vəzifəli müşaviri, Federal Satınalma Komissarı Coş Qruenbaum daxil olub.
Yuri Uşakov Putinin Uitkoffla görüşü ilə bağlı bildirib ki, danışıqlar təxminən dörd saat davam edib və olduqca məzmunlu və konstruktiv olub: “Deyərdim ki, onlar olduqca səmimi idilər və bir-birinə etibar edirdilər. ABŞ nümayəndə heyəti Prezident Donald Trampın Davosda Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə görüşü ilə bağlı ilkin təəssüratlarını və yeni qiymətləndirmələrini bölüşüb. Uitkoff və Kuşner dekabr və yanvar aylarında Florida ştatındakı Mar-a-Laqoda və bir neçə Avropa paytaxtında keçirdikləri görüşlərə toxunub, Rusiya prezidentinə ukraynalılar və onların avropalı tərəfdaşları ilə əlaqələri haqqında məlumat veriblər”.
Uşakov bildirib ki, bu istiqamətdə növbəti addımlar razılaşdırılıb. Putinin köməkçisi qeyd edib ki, təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun (ABŞ, Rusiya və Ukrayna) ilk iclasının 23 yanvar tarixində Əbu-Dabidə keçirilməsi barədə razılığa gəlinib. Onun sözlərinə görə, Rusiya təhlükəsizlik danışıqları qrupunun tərkibinə Silahlı Qüvvələrin Baş Qərargahının baş idarə rəisi admiral Kostyukov başda olmaqla Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxildir.
Həmin danışıqlar yanvarın 23-ü gecəsi, təxminən, 4 saat davam edib. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli olub.
Uşakov deyib ki, Rusiya nümayəndə heyəti Kremldəki danışıqların detallarını nəzərə alaraq prezidentdən konkret tapşırıqlar alıb. Əsas məsələ odur ki, danışıqlar zamanı ərazi məsələsinin Ankoricdə razılaşdırılmış formulaya uyğun olaraq həll edilməsi təklif olunub. Kremlin fikrincə, bu olmadan uzunmüddətli razılaşmaya ümid etmək olmaz: “Vladimir Putinin vurğuladığı kimi, biz Ukrayna böhranının siyasi və diplomatik yollarla həllində səmimi şəkildə maraqlıyıq. Lakin bu, baş verənə qədər Rusiya Silahlı Qüvvələri döyüş meydanında xüsusi hərbi əməliyyat üçün müəyyən edilmiş məqsədləri ardıcıl olaraq həyata keçirməyə davam edəcək”.
Uşakovun sözlərinə görə, görüşdə Trampın Sülh Şurası yaratmaq təşəbbüsü, bir sıra regional məsələlər və Qrenlandiya ətrafındakı vəziyyət də müzakirə olunub. Rusiya əvvəlki ABŞ administrasiyası tərəfindən dondurulmuş Rusiya aktivlərindən qurumun büdcəsinə 1 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib: “Qalan vəsait Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra döyüşlər zamanı zərər çəkmiş ərazilərin bərpası üçün istifadə edilə bilərdi. Bu məsələ ikitərəfli ABŞ-Rusiya iqtisadi qrupunda müzakirə ediləcək”.
Uşakov vurğulayıb ki, Kremldəki görüş həm Rusiya, həm də Amerika üçün hər mənada faydalı olub: “Görüşdə tərəflərin həm Ukrayna, həm də digər məsələlərdə bir-biri ilə sıx əlaqə saxlamağa davam edəcəyi barədə razılığa gəlinib”.
Xatırladaq ki, Uitkoffun Moskvaya səfərindən əvvəl Davosda Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Donald Tramp arasında danışıq olub. Zelenski sosial mediada yazıb: “Amerika Birləşmiş Ştatları Prezidenti ilə yaxşı, məhsuldar və məlumatverici görüş oldu”.
Onun sözlərinə görə, tərəflər iki ölkənin danışıq üzrə qruplarının işini, eləcə də Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini müzakirə ediblər.
Dünən Davosdan qayıdan ABŞ Prezidenti Donald Tramp da bildirib ki, Ukrayna münaqişəsinin həlliində “əhəmiyyətli irəliləyiş” əldə edilib.
Paşa ƏMİRCANOV
XQ

