Azərbaycan və Ermənistan arasında barış gündəliyinə sadiqlik
Tam əminlikə deyə bilərik ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü regionda davam edən normallaşma prosesinin mühüm mərhələsidir.
***
İlk növbədə onu bildirək ki, Azərbaycan və Ermənistan liderlərinin növbəti təmasının Əbu-Dabidə gerçəkləşməsi və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə ötən il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə istinad bir neçə mühüm məqamın göstəricisidir.
Birincisi, sülh prosesi artıq yalnız regional deyil, qlobal güc mərkəzlərinin nəzarətində və dəstəyində irəliləyir. Eyni zamanda, Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin xatırladılması Bakı–İrəvan normallaşmasının baza prinsipinin möhkəmlənməsi deməkdir ki, bu, mövcud istiqamətdəki fundamental yanaşmadan xəbər verir. İkincisi, BƏƏ kimi neytral və iqtisadi baxımdan güclü platformanın seçilməsi sülh prosesinə biznes və investisiya yönümlü çalar qazandırır. Bu məqam barış gündəliyinin artıq praktik fayda üzərində qurulduğunu söyləməyə əsas verir.
Yada salaq ki, Azərbaycan və Ermənistan liderləri, o cümlədən, hər iki ölkənin nümayəndə heyətləri ötən il iyulun 10-da da Əbu-Dabidə bir araya gəlmişdilər. Həmin görüş regionda sülh gündəliyinin irəliləməsi və normallaşma prosesinin dəstəklənməsi üçün mühüm addım hesab olunmuşdu. Görüş zamanı tərəflər birbaşa dialoq apararaq, sərhədlərin delimitasiyası, sülh sazişi və digər aktual məsələlər barədə müzakirələr aparmışdılar. Deməli, Əbu-Dabi Bakı–İrəvan gündəliyi baxımından ciddi və strukturlaşmış formatdır. Elə bir format ki, son dərəcə vacib olan və sülhün paraflanmasının gerçəkləşdiyi Vaşinqton görüşü üçün, bir növ, qapı açdı. Deməli, barışın Əbu-Dabi–Vaşinqton–Əbu-Dabi oxunun olduğunu söyləyə bilərik.
***
Bəli, ikinci Əbu-Dabi görüşü zamanı tərəflər ABŞ Prezidentinin ev sahibliyi və şahidliyi ilə reallaşmış Vaşinqton təmasının Birgə Bəyannamədə əksini tapmış nəticələrinin icrası istiqamətində əldə olunan irəliləyişi müsbət dəyərləndiriblər. Bu fakt bir daha göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi bəyanatlar mərhələsindən çıxaraq, konkret icra və praktik nəticələr dövrünə qədəm qoyub.
Ölkə rəhbərlərinin normallaşmanın məhz ikitərəfli əsasda irəlilədilməsinin vacibliyini vurğulamaları isə Azərbaycanın ardıcıl və prinsipial mövqeyinin beynəlxalq müstəvidə qəbul olunduğunu təsdiqləyir. Yada salaq ki, Bakı–İrəvan danışıqlarında vasitəçilərsiz hərəkət formulunu irəli sürən məhz ölkəmiz, konkret olaraq, Prezident İlham Əliyev olmuşdu. Belə bir formul üçüncü tərəflərin siyasi manipulyasiya imkanlarının azaldır, təcrübədən məlum olan çoxtərəfli formatlar, faktiki olaraq, kənarda qalır. Bu trayektoriyada başlıca məqam Ermənistanın məsuliyyəti birbaşa üzərinə götürməsidir. Deməli, hazırkı mərhələni, eyni zamanda, məsuliyyətli dövr kimi də xarakterizə etmək mümkündür.
Mövcud məqam üzərində bir qədər geniş dayanaraq deyək ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın postmünaqişə dövründə irəli sürdüyü əsas yanaşma, yəni regionda sülhün xarici müdaxilələr olmadan, birbaşa dialoq və qarşılıqlı məsuliyyət əsasında təmin edilməsi günümüzün reallığıdır. Ötən müddət göstərdi ki, bu yanaşma həm prosesi sürətləndirir, həm də əldə edilən razılaşmaların dayanıqlılığını artırır. Sürətlənmənin və dayanıqlığın isə nəticələri var. Tərəflərin bildirdikləri başlıca məqam da budur.
***
Nəzərə alaq ki, görüş zamanı iqtisadi əməkdaşlıq məsələlərinin xüsusi vurğulanması diqqət çəkdi. Həqiqətən, Azərbaycan və Ermənistan arasında ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davamlılığı, eləcə də üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların ölkəmizin ərazisindən tranzitinin həyata keçirilməsi sülhün real və gündəlik faydalarını nümayiş etdirir. Deməli, həm də sülh prosesi abstrakt siyasi anlayışdan çıxaraq, iqtisadi maraqlar üzərində möhkəmlənir.
Onu da nəzərə alaq ki, məhz iqtisadi mexanizmlər sülhün geri dönməzliyini təmin edən əsas amillərdən biridir. Regionun başlıca nəqliyyat və enerji qovşağı olan Azərbaycan isə bu mərhələdə də aparıcı rolunu qoruyur, Ermənistana gəldikdə, ölkə regional iqtisadi sistemə inteqrasiya imkanlarını məhz Bakı ilə əməkdaşlıq sayəsində əldə edir.
***
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü xüsusunda vurğulanmalı növbəti məqam tərəflərin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlamaları və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi barədə razılığa gəlmələridir. Bu, sülh prosesinin sosial-humanitar ölçülərinin də əsas götürüldüyünün sübutudur. Axı istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində iki müharibənin doğurduğu oturuşmuş etimadsızlıq mühiti var və bu mühitin aradan qaldırılması vacibdir. Ona görə vacibdir ki, sülh mühiti yalnız iqtisadi məsələlərdən asılı olmasın, onun ideoloji aspektləri hər iki ölkə cəmiyyəti üçün anlaşılan olsun.
Ayrıca onu da vurğulayaq ki, sülh prosesinin təkcə hökumətlər səviyyəsində deyil, ictimai psixologiya səviyyəsində də qavranması vacibdir. Xüsusilə Ermənistan cəmiyyətinin uzun illər ərzində formalaşdırılmış revanşist stereotiplərdən çıxarılması şərtdir. Azərbaycan bu mərhələyə də öz şərtləri və güvənli mövqeyi ilə daxil olur və bu mərhələ yekun sülh müqaviləsinin sosial dayaqlarını formalaşdırmaq üçün vacibdir.
***
Qeyd edək ki, sülhün yaşadığımız Cənubi Qafqaz coğrafiyasının pesrpektivi baxımından faydaları da önəmlidir. Görünür, buna görə də Azərbaycan və Ermənistan liderlərinin görüşündə TRIPP və digər bağlantı layihələrinə də məhz mövcud prizmadan yanaşıldı və bildirildi ki, sözügedən layihələr regionun gələcək inkişaf konturlarını daha aydın şəkildə ortaya qoyur. Aydındır ki, TRİPP Azərbaycanı Cənubi Qafqazın əsas logistika və tranzit mərkəzi kimi möhkəmləndirməklə yanaşı, bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır. Gələcək də elə bunun üzərindədir.
Bəli, TRIPP və digər bağlantı layihələrinin müzakirəsi onu göstərir ki, hazırda söhbət yalnız bir dəhlizdən deyil, regional logistika və enerji şəbəkəsindən gedir. Mövcud düzəndə Azərbaycan regionun əsas tranzit və enerji qovşağı rolunu möhkəmləndirir. Ermənistan isə sistemə inteqrasiya olunan tərəf kimi daxil olur ki, bu balansın Bakı üçün strateji üstünlük olduğunu ayrıca vurğulamağa ehtiyac yoxdur.
***
Sonda ümumiləşdirmə apararaq deyək ki, Əbu-Dabi görüşü regionda sülhün əsas təşəbbüskarı və təminatçısı olan Azərbaycanın mövqeyini gücləndirir. Bir daha sübut olunur ki, Prezident İlham Əliyevin yeritdiyi uzaqgörən və praqmatik siyasət nəticəsində ölkəmiz Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallığı formalaşdırmaqda israrlıdır. O reallıq ki, mərkəzində sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri dayanır.
Ə.RÜSTƏMOV
XQ

