ATƏT və TÜRKPA arasında əməkdaşlıq perspektivləri Vyanada müzakirə olunub

post-img

Fevralın 18-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

XQ xəbər verir ki, görüş zamanı 2010-cu ildən etibarən ATƏT, ATƏT Parlament Assambleyası və TÜRKPA arasında mövcud olan əməkdaşlıq əlaqələrinin cari vəziyyəti müzakirə edilib. Həmçinin TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusunun əldə edilməsi ilə bağlı başlanmış proses, bu istiqamətdə mümkün dəstəyin göstərilməsi imkanları, eləcə də sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, münaqişələrin sülh yolu ilə həlli istiqamətində TÜRKPA-nın qurucu dövlətləri tərəfindən həyata keçirilən xarici siyasətə uyğun olaraq ATƏT və TÜRKPA arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclaslarında TÜRKPA-nın yenidən iştirakı məsələsi də diqqət mərkəzində olub.

TÜRKPA Baş katibi Ramil Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT, eləcə də Təşkilatın Baş katibi Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.

Feridun Sinirlioğlu TÜRKPA-nın gələcək fəaliyyətində uğurlar arzulayaraq, ATƏT ilə TÜRKPA arasında mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və ATƏT-in səlahiyyətləri çərçivəsində göstərilə biləcək dəstək istiqamətində müvafiq fikirlərini ifadə edib. TÜRKPA və Türk Dövlətləri Təşkilatının ATƏT üçün də önəmli olduğunu qeyd edərək, Türk dünyasının ortaq məqsədlərinə sahib çıxmağa və ümumbəşəri dəyərlərin daha da gücləndirilməsinə töhfə verməyə hər zaman hazır olduğunu bildirib.

Görüşdə, həmçinin TÜRKPA tərəfindən bu ilin may ayında İstanbul şəhərində keçirilməsi planlaşdırılan “Avrasiyada yeni əməkdaşlıq: Strateji münasibətlərin inkişafında TÜRKPA-nın rolu və parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransla bağlı da fikir mübadiləsi aparılıb.





Siyasət