“Qansız-xatasız zəfər”dən 2 il ötür

post-img

Ermənistanın 4 kəndi də qaytarması sülh prosesinə töhfədir

2024-cü il aprelin 19-da müasir tariximizə “qansız və silahsız zəfər” kimi daxil olan Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması barədə əldə olunan razılıq 2020-ci ilin noyabrından başlayan böyük strateji xəttin kulminasiya nöqtəsi idi. Həmin il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin o ərazilərdə nəzarəti tam təmin etməsi ilə təxminən 12,7 kilometrlik sərhəd xətti delimitasiya və demarkasiya olundu ki, bu da iki ölkə arasında müasir sərhədin ilk rəsmi müəyyənləşmiş hissəsi idi.

Prosesin hərbi-strateji əhəmiyyəti ilə yanaşı, onun mənəvi tərəfi də dərindir. Xüsusən Bağanis Ayrım kəndinin başına gələn müsibətlərə baxdıqda bunu daha aydın görmək olar. 1990-cı il martın 23-dən 24-nə keçən gecə işğal edilən bu kənd Birinci Qarabağ müharibəsinin ilk qurbanı, yandırılan ilk kənd idi. Orada mülki əhaliyə qarşı törədilən vəhşiliklər Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdı. Aşağı Əskiparanın isə qədim Albaniya dövrünə aid abidələri, Xeyrimli və Qızılhacılının mühüm yüksəkliklərdə yerləşən mövqeləri 30 ildən artıq idi ki, Ermənistanın hərbi forpostu kimi istifadə olunurdu. Lakin Prezident İlham Əliyevin 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə qeyri-anklav kəndlərin qeyd-şərtsiz qaytarılması ilə bağlı qoyduğu kəskin tələb Bakının bu məsələdə kompromisə getməyəcəyini göstərdi və cəmi 3 ay sonra Ermənistan hakimiyyəti beynəlxalq birliyin gözü qarşısında bu tələbi yerinə yetirdi.

Bu gün həmin kəndlərdə həyat təhlükəsizlik tədbirləri və infrastrukturun bərpası üzərində qurulub. Ərazi mülki yaşayış üçün hələlik qapalıdır, çünki əsas fəaliyyət minaların təmizlənməsi və dağılmış kommunikasiya xətlərinin bərpasına yönəlib. Dövlət Sərhəd Xidmətinin bölmələri müəyyən olunmuş xətt boyunca dislokasiya olunaraq mühafizə zolağını formalaşdırıblar. Aprelin 16-da Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanıs Ayrım kəndi ilə Ermənistanın Bağanis və Voskepar kəndləri istiqamətində yerləşən 5 döyüş postunu Azərbaycan tərəfinə təhvil verib. Paralel olaraq, mühəndis qrupları kəndlərarası yolların çəkilməsi və elektrik enerjisinin verilməsi üçün texniki qiymətləndirmə işləri aparırlar. Qısası, kəndlərdə gündəlik fəaliyyət sakinlərin qayıdışına qədər zəruri olan ilkin şəraitin yaradılması və ərazinin tam təhlükəsiz hala gətirilməsindən ibarətdir.

* * *

Hazırda gündəmdə olan və hələ də həllini gözləyən əsas məsələ qalan 4 kəndin — Qazaxın Yuxarı Əskipara, Bərxudarlı, Sofulu və Naxçıvanın Kərki kəndlərinin statusudur. Kərki kəndinin strateji çəkisi hər kəsə bəllidir. Ermənistanın şimalını cənubu ilə birləşdirən və İrana çıxışı təmin edən əsas magistral yolun bir hissəsi məhz bu kəndin ərazisindən keçir. Eyni vəziyyət Yuxarı Əskipara üçün də keçərlidir ki, burada da Ermənistanın Gürcüstanla əlaqəsini təmin edən mühüm kommunikasiya xətləri mövcuddur. Bu eksklavların qaytarılması texniki baxımdan daha mürəkkəbdir. Çünki bu plan ya tərəflər arasında ərazi mübadiləsini, ya da xüsusi nəqliyyat dəhlizlərinin yaradılmasını tələb edir.

Qazaxın hələ də qaytarılmayan üç kəndindən ikisi – Sofulu və Bərxudarlı nəqliyyat baxımından strateji mövqedə yerləşməklə yanaşı, real daşıma potensialına sahibdir və bu potensialın reallaşması Azərbaycan–Ermənistan xəttində son dövrlər müşahidə olunan məhdud ticarət axınlarının daha sürətli və ucuz formada təşkilinə şərait yarada bilər. İlkin texniki qiymətləndirmələr göstərir ki, Qazaxdan bu kəndlərə qədər olan 14–18 kilometrlik məsafədə avtomobil və dəmir yolu infrastrukturunun bərpası həyata keçirilərsə, illik yüz minlərlə ton yük dövriyyəsini qəbul etmək mümkündür. Bu, xüsusilə marşrutun qısalması fonunda əhəmiyyətlidir. Çünki məsafənin azalması nəticəsində yükdaşımada yanacaq və vaxt xərclərinin orta hesabla 10–20 faiz azalması, multimodal model tətbiq ediləcəyi təqdirdə isə ümumi logistika xərclərinin 20–40 faizə qədər ucuzlaşması potensialı yaranır.

Mövcud reallıqlar prizmasından baxdıqda görürük ki, rəsmi Bakı bu düyünü açmaq üçün tələsmədən, addım-addım irəliləyir. Qeyri-anklav 4 kəndin qaytarılması bir növ presedent rolunu oynadı və sübut etdi ki, rəsmi Bakı ərazi bütövlüyünü təmin etmək üçün bütün rıçaqlara sahibdir. Hazırda sərhəd komissiyaları səviyyəsində müzakirələr davam edir və Azərbaycanın mövqeyi birmənalıdır: bütün eksklav torpaqlar gec-tez suveren nəzarətimizə keçməlidir. Bu ərazilərdə minaların təmizlənməsi, yeni yolların layihələndirilməsi və "Böyük Qayıdış" proqramı çərçivəsində infrastrukturun qurulması artıq perspektiv planlardan real fəaliyyətə keçib.

Nəticə olaraq, Qazaxın 4 kəndinin geri qaytarılması sərhəd prosesində həm siyasi, həm də praktik baxımdan dönüş nöqtəsi oldu və bu addım göstərdi ki, uzun illər dondurulmuş məsələlər artıq mərhələli şəkildə real icra müstəvisinə keçir. Hazırda həmin ərazilərdə əsas diqqət təhlükəsizlik infrastrukturunun qurulmasına, mina riskinin aradan qaldırılmasına və həyatın tədricən bərpasına yönəlib. Eyni zamanda, qalan anklav kəndlər üzrə müzakirələr gündəmdə qalmaqla prosesin davamlı xarakter daşıdığını göstərir. Ümumi mənzərə ondan ibarətdir ki, sərhəd xətti artıq yalnız xəritə üzərində deyil, faktiki idarəetmə və nəzarət mexanizmləri ilə formalaşır və bu proses addım-addım yekunlaşma mərhələsinə doğru irəliləyir.

T.ARAZOĞLU
XQ

Siyasət