Heydər Əliyev: liderliyin konseptual kodları

post-img

I MƏQALƏ

Çətin zamanların şəxsiyyətləri

Ulu öndər öyrədirdi ki, “tarix çətin imtahançıdır”! İnsanları, cəmiyyətləri, ölkələri və dövlətləri daim sınağa çəkir. Dünyada hər bir xalq üçün “böhranlı Zaman qövsü” yaranır. Onun dolanbaclarından salamat keçən qövmlərin “çətin sınaqdan keçdiyini” deyirlər.

Maraqlıdır, sinergetikada belə bir teorem vardır: sosial sistemlərdə (bütövlükdə cəmiyyətdə) dərin böhranlar meydana gələndə hər şey milyonlarla fərdlərin sırasında olan məhdud sayda fəal aparıcı şəxslərin davranışlarından asılı olur. Bu zaman “tələsən aparıcı şəxslər yanırlar”, əvəzində təmkinli, səbirli, lakin aktiv olan şəxsiyyətlər cəmiyyətin taleyini üzərilərinə götürməkdən çəkinmirlər. Onlara şərti olaraq “idarəedici və nizamlayıcı liderlər” demək olar!

Lakin burada Konfutsi mənasında bir “qızıl qayda” vardır: təmkinli və səbirli “idarəedici və nizamlayıcı liderlər”in heç də hamısı davamlı uğurlu ola bilmirlər. Deməli, nadir şəxsiyyətlərə xas olan elə bir keyfiyyət mövcuddur ki, onların əsl anlamda “çətin Zamanın şəxsiyyətləri” olmalarına şans yaradır.

Azərbaycan kontekstində XX əsrin son onilliyi və XXI əsrin başlanğıcı Zamanının şərtləri daxilində çətin məqamların şəxsiyyətini formalaşdıran həmin keyfiyyət hansı ola bilər? Bu suala kimsə birmənalı və tam məzmunda cavab verə bilməz. Çünki çətin Zamanın şəxsiyyətləri zamanın özü qədər dinamik olduğu kimi, həm də mürəkkəb və ierarxik keyfiyyətlərin kompleksinə malik olmalıdırlar. Bu mənada, həmin şəxsiyyətlər həm dahi, həm də “Zamanı özündə yarada bilən” insanlardırlar. Onlar qövmün yaşamına aid olan Zaman ritminin nəbzini uyğun dalğaya kökləyə bilirlər! Heydər Əliyev bu cür şəxsiyyətlərin bariz nümunəsidir!

Liderliyin “qızıl qaydası”

Hələ bir neçə əsr öncə Konfutsi yazmışdır ki, uğurlu insan nə tələsəndir, nə də ləngiyən. Lao Szı daha obrazlı və dinamik formuldan bəhs etmişdir. Daosizmin banisi yazımışdır: hər bir insan üçün Göylər “şans pəncərəsi açır” – ondan keçməyi bacaran insan uğurludur!

Konfutsi və Lao Szı dərin fəlsəfi tezislər ifadə etmişlər. Ancaq onların ayrılıqda natamam konseptual mənzərə yaratdığını duymaq olar. Bəs həmin tezislərin liderlik kontekstində vəhdəti hansı qənaəti yarada bilər? Bu suala cavab üçün hər iki dahi filosofun ana tezislərinin ortaq semantik sahəsinə nəzər salaq.

Lao Szı insan mövcudluğunun uğur aspektində ümumi “qaydası”nı, “yolu”nu (xatırladaq ki, “Dao” “Böyük Yol” deməkdir) ifadə etmişdir – uğur məqamları yaranır, lakin çox qısa müddət üçün, sonra hər şey dəyişə bilər! Konfutsi isə ümumi fəaliyyətin abstrakt prinsipini təklif edir – nə tələs, nə də ləngi! Praktiki aspektdə əsas çətinlik də bununla əlaqəlidir. Buna baxmayaraq, liderlik kontekstində iki addımda ümumi mənzərəyə müəyyən aydınlıq gətirə bilərik.

Birincisi, Konfutsi tezisi göstərir ki, “qızıl qayda” əslində hər bir prinsipial situasiyada (taleyüklü durumun yaranması baxımından) fərd (və həm də toplum) “şans pəncərəsi”nə yana biləcək qədər “yaxın” olmamalıdır və həm də ləngiyə biləcək qədər “uzaq” durmamalıdır.

İkincisi, “ifrat yaxınlıq” və “ifrat uzaqlıq” kriteriyasını (və ya əsas şərtlərini) hər zaman-məkan vəhdətində aparıcı rolunu oynayan şəxs müəyyənləşdirir.

Buradan liderlik baxımından üçüncü mühüm prinsip alınır. Hər bir lider üçün konkret zaman-məkan vəhdətinin (kontinuumun) prinsipial əhəmiyyəti vardır. Yəni Lao Szı və Konfutsi tezislərinin ümumabstrakt və ümumbəşəri səviyyədə məzmununun hər bir nümunə üçün proyeksiyası zəruridir. Əks halda, hər iki filosofun fəlsəfi baxımdan dərin olan nəzəri prinsipləri abstraktlıq müstəvisində qalar. Buna görə də hər bir nümunə üçün liderin zaman-məkanda fəaliyyəti onun “qızıl qaydası”nın kriteriyalarını müəyyən edir.

Bu ümumfəlsəfi bazanın işığında ulu öndər Heydər Əliyevin liderliyinin konseptual kodlarını təhlil etmək, bizcə, faydalıdır.

Heydər Əliyev liderliyinin tarixi önəmi

Bu “qızıl qayda”nın təməlində üç sütun faktorun dayandığını düşünürük.

Birincisi, liderin zəkası. Heydər Əliyevin mənsub olduğu qövmün təşəkkülünü (mövcudolma və yaşam fəlsəfəsi, onun reallaşma üsullarını) və ayrıca onun dövlətçilik tarixini dərindən mənimsəmişdir. Hətta Ümummilli lider o dərəcədə yüksək və dərin əxz etmişdi ki, çox mürəkkəb məsələləri belə dahi sadəliyi və dəqiqliyi ilə təqdim edə bilirdi. Dahilik həmişə sadəlik və aydın ifadə qabiliyyəti ilə xarakterizə olunur. Buna görə də əksəriyyət Ulu öndərin fikirlərinin dərinliklərində mövcud olan semantikanı tam dərk edə bilməyə bilər. Bir nümunədə fikrimizi izah etməyə çalışaq.

Heydər Əliyev öyrədirdi: “Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yol ilə getmiş xalqdır”! Bu fikir Azərbaycan xalqının tarixində elm və təhsilin adi maarifləndirici rol oynayan dəyərlər deyil, ümumiyyətlə, həyat tərzini, sosial-mədəni kimliyini və kollektiv təşəkkülün baza dəyərlərini müəyyən edən mental hadisə olduğunu ifadə edir.

Bu keyfiyyət dünyanın hər bir xalqına, təəssüf ki, aid deyildir. Tarixdə öz vəhşiliyi, dağıdıcılığı ilə seçilən və zor hesabına təşəkkül etmək təşəbbüsündə bulunan etnik qruplara rast gəlinmişdir. Onların tarixi yolu başqadır. Elmə, mədəniyyətə, təhsilə üstünlük verən toplumlarda isə fərqli təkamül dinamikası və mənzərəsi yaranır.

Heydər Əliyev öyrədir ki, Azərbaycan xalqı elmə söykənən təşəkkül yolu seçmişdir və bu da toplumu fəzilətli, nəcib etmişdir. Onun üçün mənəvi-əxlaqi dəyərlər çox əhəmiyyətlidir. Buna görədir ki, Ulu öndər tez-tez Azərbaycan xalqının ədalətliliyindən və humanizmindən də bəhs edirdi.

Dinimizdə belə bir deyim var: “Nəcib insan güclüdür!” Diqqət edək; dinimiz üçün də fəzilət çox önəmlidir. O halda Heydər Əliyevin yuxarıdakı kəlamı Zamandan kənardır – o mənada ki, ümumiyyətlə, zamanından asılı olmayaraq azərbaycanlı mentaliteti üçün fəzilət, nəciblik üstünlük təşkil etdir.

Heydər Əliyevin vurğuladığı həmin tezisdən çox vacib bir ümumi nəticə hasil edə bilərik. Həmin nəticə belədir: Azərbaycançılıq mənəvi və intellektual fəzilətliliyin vəhdətində tarixi məzmun almaqdadır! Mənəvi fəzilətliliyin ümumbəşəri anlamı qədimdən məlumdur. Öncə sarmunqlarda, sonra isə qədim yunanlarda (məsələn, Platon fəlsəfəsində) onun dərin anlamı mövcud olmuşdur. Qədim yunanların dövlət ərkanında praktiki olaraq bu dəyər var olmuşdur. Məsələn, yunan sərkərdəsi İsgəndər Bərdəyə qoşun yeridəndə qarşısına müdrik Azərbaycan qadın diplomatı, hökmdarı Nüşabə çıxdı. Nüşabə fəziləti, konkret olaraq müdrikliyi ilə hərbi gücü qat-qat üstün olan İskəndəri cilovlaya bildi. İsgəndər də yunan dövlət ərkanına uyğun olaraq gözəllik, idarəetmə müdrikliyi və diplomatik məharət qarşısında geri çəkilməyi bacardı.

Digər tərəfdən, həmin situasiyanı Azərbaycan şairi, şeyxi Nizami təqdim etmişdir. Bu da Azərbaycan poetik təfəkkürünün həqiqət qatında fəzilətliliyin, onun parametrləri olan müdriklik (Platon anlamında), nəciblik (Həzrəti Əli anlamında) və məharətliliyin (Sara xatun nümunəsində) praktiki olaraq fundamental müəyyənedici rol oynadıqlarını göstərir.

Aydın olur ki, Heydər Əliyevin sadə, aydın və yığcam tezisləri daha dərin qatlarda özündə qövmün mental, emosional, ideoloji və zəkavi gücünü ehtiva edirlər! Özü də bunlar bizim anlamağa çalışdığımız məqamlardır (hər bir qavram məhduddur), gerçəkdə isə Ulu öndər çox dərindir!

İkincisi, liderin iradəsi. Müasir lideroloji konsepsiyalarda liderin iradəsi faktoru ilk sırada yer alır. Çünki tarixin çətin sınaqları sübut edir ki, kəskin böhranlı dönəmlərdə qövmü liderin yüksək möhkəm iradəsi xilas edə bilər. Bu kontekstdə H.Kissincer lideri keçmişi gözəl bilmək əsasında bu günü düzgün təhlil etmək və gələcəyi proqnozlaşdırmaqla toplumu irəli apara bilən şəxsiyyət kimi xarakterizə etmişdir.

1993-cü ildə Heydər Əliyevin xalqın təkidini nəzərə alaraq çox çətin müstəqil dövlət quruculuğuna başlaması tarixin çətin sınağına dahi bir liderin yüksək iradə ilə qatıldığının nümunəsidir. O günlərdə vəziyyət o qədər mürəkkəb və ağır idi ki, bütövlükdə qövm siyasi abseintizmin (siyasi laqeydliyin, təcridin, “mənə aid deyil” psixoloji apatiyasının) astanasında dayanmışdı. Ümummilli lider məhz bu “psixoloji uçurumun qaşından” toplumu və onun dövlətini qaytara bildi!

E.Şevardnadze XX əsrin 90-cı illərinin sonlarında heyranlıqla etiraf etmişdi ki, Heydər Əliyev bütün güclü rəqibləri yenərək neft boru xəttinin Gürcüstandan keçməsini təmin etdi. Və sonra: “Heydər Əliyev olmasa idi, bu layihə baş tutmayacaqdı!”.

Başqa bir nümunə Heydər Əliyevin 1994-cü il və 1995-ci il sui-qəsd cəhdləri zamanı yüksək iradə nümayiş etdirərək yenilməz mübarizə aparması və qətiyyən geri çəkilməməsi ilə bağlıdır. İndi bəzi dövlət rəhbərlərinin bunkerə sığınması bu məsələnin heç də asan olmadığını bir daha göstərir.

Üçüncüsü, liderin xoş niyyətdən qidalanan məqsədyönlülüyü. Liderin ümumilikdə strateji məqsədin kökündə xoş niyyətlilik varsa, bu, bəri başdan fəzilət deməkdir. Eyni zamanda, lider yenilməz dərəcədə məqsədyönlüdürsə, bu da onun mənəvi fəzilətliliyi ilə siyasi fəzilətliliyinin vəhdəti və ya harmoniyası deməkdir. Bu iki vacib xüsusiyyəti intellektual fəzilətlilik birləşdirib onların münasibətlərinə konkret dinamika, zaman kontekstində isə ritm verə bilər.

Maraqlıdır ki, xüsusilə liderlərin emosional xoş niyyətliliyi ilə intellektual xoş niyyətliliyi arasında bağlantıların fəlsəfi və politoloji tədqiqi hələ aparılmamışdır. Yəni hansı anlamda deyə bilərik ki, siyasi liderin intellekti xoş niyyətlidir? Ümumiyyətlə, emosional ölçüsü olan “xoş niyyət” rasional-məntiqi ölçüyə söykənən intellektə necə proyeksiya edilə bilər?

İndi bir sıra fəlsəfi təlimlərdə mənəvi-əxlaqi fəzilətliliyi (əsasən Platon anlamında) intellektin fəzilətliliyinə proyeksiya cəhdləri mövcuddur. Məsələn, veritist fəlsəfədə, deyək ki, müdrikliyi intellektual fəzilət kimi elmi həqiqəti əvəz edə biləcək dəyər olaraq təqdim edirlər. Bu, ümumi idrakı mənzərəni xeyli mürəkkəbləşdirir, lakin həqiqəti müdrikliklə əvəzləmə cəhdi diqqəti çox çəkir. Eyni məntiqlə hansı anlamda mənəvi mərdliyi və ya comərdliyi intellektual fəzilət olaraq mənalandırmaq olar? Yaxud bir sıra tədqiqatlarda elmi anlamı olan “açıqlıq” anlayışını intellektə aid etmək cəhdlərinə rast gəlinir. Belə alınır ki, açıq, qeyri-xətti, müdrik və “mərd” (hansı anlamda?) intellekt xoş niyyətə söykənsə, fəzilətli ola bilər. Yəni “intellektual fəzilət” anlayışı konkret məzmun alar.

Bütün bu ümumfəlsəfi mühakimələrin Heydər Əliyevin liderlik fəlsəfəsinə ciddi aidiyyəti olduğunu sübut etmək gərəkdir. Bunun üçün isə Ulu öndərin liderliyi üçün çox əhəmiyyəti və strateji anlamı olan bir dəyərin təhlilini aparmalıyıq. Həmin keyfiyyətdə azərbaycançılıq ideya, prinsip və konsepsiya kimi böyük aktuallıq kəsb edir.

Yəni baza tezisimiz belədir: Heydər Əliyev anlamında azərbaycançılıq mənəvi-əxlaqi və mədəni fəzilət olmaqla yanaşı, həm də intellektual fəzilətdir! Bu tezisin tədqiqini akademik İsa Həbibbəylinin vurğuladığı azərbaycançılığın 7 prinsipi işığında aparmaq olar. Burada Ulu öndərin “Azərbaycan xalqı” və “Azərbaycan Vətən kimi” anlayışlarına azərbaycançılıq məfkurəsinin semantik sahəsi hüdudlarında verdiyi anlamlar baza rolunu oynayırlar.

Heydər Əliyev demişdir: “Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır!” və “Vətən birdir, hamı Vətən uğrunda çalışmalıdır!” (istinadlar akademik İ.Həbibbəylinin “Azərbaycançılıq ideologiyası konsepsiyası. //AMEA-nın “Xəbərlər” jurnalı (Humanitar elmlər seriyası). – Bakı, 2015, №3, s.3-6, məqaləsinə və “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. Bakı, “Elm”, 2019, 448 s.” monoqrafiyasınadır).

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sosial həyat