Azərbaycan Hərb Tarixi Muzeyində Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə Vətən müharibəsi şəhidi əsgər Aqşin Şahin oğlu Novruzovun anadan olmasının 25-ci ildönümü ilə bağlı “Vətən müharibəmizin qəhrəman şəhidi” adlı anım mərasimi keçirilib.
Toplantıda şəhidin ailə üzvləri, qazilər, hərbçilər, tələbə və şagirdlər, Aqşinin məzunu olduğu Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təmsilçiləri iştirak ediblər.
Muzeyin rəisi Əzizağa Qənizadə bildirib ki, şəhidlik bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu zirvəyə yüksələ bilərlər. Vətənimizin azadlığı uğrunda canını qurban verən əziz şəhidlərimizi xalqımız heç zaman unutmayacaq.
Əzizağa Qənizadə Vətən müharibəsi şəhidi Aqşin Novruzovun yaşadığı qısa, lakin şərəfli ömrün bugünkü və gələcək nəsillər üçün bir örnək, nümunə olduğunu bildirib. Qeyd edib ki, Aqşin Novruzov Vətən müharibəsində böyük igidliklər göstərib. Müharibədə ayağından yaralansa da, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. O, 2020-ci il oktyabrın 13-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Şəhidin ailə üzvləri, döyüş yoldaşları çıxış edərək ürək sözlərini deyib, xatirələrini bölüşüblər.
Bildirilib ki, Aqşin Novruzov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Anım mərasimində şəhidə həsr olunmuş “Vətən haqqı” adlı sənədli film nümayiş etdirilib.
Mərasim bədii hissə ilə davam etdirilib, hərbi vətənpərvərlik musiqiləri səsləndirilib.
Aqşin Novruzov yaşasaydı, bu il 25 yaşını qeyd edəcəkdi. İllər, qərinələr ötsə də, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş zabit və əsgərlərimizin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.
L.QURBANOVA
XQ

