Hörmətli oxucu, “Xalq qəzeti”inin son nömrəsində xəbər verilib ki, 1992-ci ildə Azərbaycan ərazilərinin işğalı zamanı ermənilərin Şuşa şəhərinin girişində “özlərinin qələbə rəmzi” kimi qoyduqları tank demontaj edilərək Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Məlumatda həmçinin qeyd edilib ki, həmin 442 nömrəli tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan həmin tankı ermənilər rəngləyib, Xankəndi–Şuşa yolunun üzərindəki təpədə yerləşdiriblər.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Qarabağ uğrunda döyüşlərdə qeyri-adi şücaətlər göstərib. Döyüşçü dostları hələ sağlığında onu “Şuşanın əfsanəsi” adlandırırdılar. Şahidlərin sözlərinə görə, Birinci Qarabağ müharibəsinin ağır döyüşləri zamanı Albert öz tankı ilə döyüş meydanlarında qeyri-adi, gözlənilməz manevrlər edir, düşməni çaşdıraraq vahiməyə salırdı. Son dərəcə sərrast snayper olub, xüsusilə tankdan açdığı sərrast atəşlər hədəfdən yayınmırdı.
Bu sətirlərin müəllifi Albertin qeyri-adi qəhrəmanlıqları barədə bir neçə dəfə yazıb. Dəfələrlə onun döyüşçü dostları ilə görüşmüşəm, xatirələrini dinləmişəm.
Yadımdadır, Şuşanın müdafiəsi zamanı BTR komandiri olmuş igid döyüşçü İlham Ömərov Albert haqqında danışarkən demişdir:
– Mən Albertin Şuşada bir döyüşdə düşmənin 3 zirehli texnikasını necə məhv etdiyinin şahidi olmuşam. Bu, çox parlaq döyüş idi, təbii ki, heç vaxt yadımdan çıxmır. Dəqiq yadımdadır. 1992-ci il mayın 7-si idi. Həmin gün ermənilər bir T-72 və üç BTR-lə hücuma keçdilər. Albertin tankı birdən Şuşanın giriş qapısından ildırım kimi sıçrayıb düşmənin zirehli texnikasını “qarşılamağa” getdi. Albert məharətlə manevr edərək erməni tankına yaxınlaşıb atəş açdı. Erməni tankı Albertin ilk atəşindən sonra artıq yanırdı!
İlham Ömərov sonra bunları bildirdi:
– Döyüş isə davam edirdi. Ermənilərin daha üç BMP-si Şuşaya doğru gəlirdi. Ermənilər guya hiylə işlədib, Albertin tankına aşağı tərəfdən yaxınlaşmağa cəhd etdilər. Lakin xamlıq edib yolun alt tərəfindəki üstü torpaqla örtülmüş tövlənin üstünə çıxdılar, dam uçdu və BMP dərəyə yuvarlandı.
İ.Ömərovun sözlərinə görə, bundan sonra, ermənilər şərti siqnal işarəsi verib geri çəkilməyə başlayıblar. Düşmənin ikinci BMP-si avtobazanın yanından dal-dalı aşağı enib. Şuşanın yolu dik və dolanbac olduğundan bir müddət həmin BMP gözdən itib. Həmin BMP yenidən Şuşaya tərəf üzüyuxarı çıxanda, ermənilərin iki BMP-si üzbəüz çıxıblar.
Aşağıdan gələn BMP-dəki ermənilər yuxarıdan düşən, əslində, geri qayıdan BMP-nin özlərininki olduğunu bilmirdilər. Beləcə, düşmən BMP-ləri özləri bir-birini vurub sıradan çıxarıblar. Vəziyyətin ağır olduğunu görən digər ermənilər isə döyüş meydanından qaçıblar.
İlham Ömərov söhbətin sonunda dedi ki, bu hadisəni bütün təfərrüatı ilə ona görə danışır ki, ermənilərin həmin gün belə kobud səhvlərə yol vermələrinə Albertin tankından qorxaraq vahiməyə düşmələri səbəb olmuşdu.
– “Şuşanın əfsanəsi” ermənilərin başına, həqiqətən, od yağdırırdı. Onun adı çəkiləndə düşmən xofa düşürdü. Belə yenilməz döyüşçü idi, Albert! – dedi müharibə veteranı İlham Ömərov.
Təəssüf ki, 1992-ci il mayın 8-də sinəsi Şuşada düşmənin snayper atəşinə tuş gələn Albert Aqarunov gözlərini əbədi yummalı oldu. O gün Şuşa süqut etmişdi! Şuşanın son müdafiəçilərindən biri idi Albert!
Bu gün milliyyətcə yəhudi olan Azərbaycanın qorxubilməz oğlu Albert Aqarunovun ruhu şaddır. Axı, hələ üç il əvvəl, 2020-ci ilin payızında 44 günlük şanlı savaş zamanı onun gözəlliyinə heyran olduğu Şuşa şəhəri, bütün Qarabağ yağı düşməndən azad edilib.
Döyüşçü dostları Albertin Şəhidlər xiyabanında əbədi uyuyan məzarını tez-tez ziyarət edir, üzərinə tər güllər düzürlər. Rahat uyu, əziz Albert! Qədirbilən Azərbaycan xalqı sənin əziz xatirəni heç vaxt unutmayacaq.
P.S. Bakıdakı Hərbi Qənimətlər Parkını ziyarət edən yeniyetmə və gənclər isə Albert Aqarunovun Şuşada vurduğu tanka baxaraq Azərbaycanın Milli Qəhrəmanının qeyri-adi şücaətlərini, əfsanələşən hekayətləri qürurla dinləyəcəklər!
Məsaim ABDULLAYEV
XQ


