Prezident İlham Əliyevin bununla bağlı dünən imzaladığı sərəncamda bildirilir ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırmışdır.
Sənəddə daha sonra qeyd edilir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, həmin bölgələrin yenidən qurulması, dayanıqlı inkişafı və yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Zəruri tədbirlərdən biri də “Qarabağ Universiteti”nin yaradılmasıdır. Qarabağda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir.
Sərəncamla Nazirlər Kabinetinə 2 ay müddətində yeni universitetin nizamnaməsini təsdiq etmək, onun fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, ali məktəbin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də sərəncamdan irəli gələn digər məsələləri həll etməklə bağlı tapşırıqlar müəyyən edilib.
Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağa qayıdışla bağlı cəmiyyətdə arzu, rəy və təkliflər sırasında bölgədə universitet yaradılması da tez-tez səslənirdi. Nəhayət, Qarabağı xalqımıza qaytarmış qalib Komandan, dövlət başçısı cəmiyyətin bu istəyini də gerçəyə çevirdi. Redaksiyamıza ölkəmizdən və xaricdən daxil olmuş operativ materiallarda müxtəlif peşə sahiblərinin bu xəbərlə bağlı sevinci və dövlət başçısına minnətdarlığı ifadə olunub.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, hazırda ən önəmli məsələlərdən biri 44 günlük “Zəfər yürüşü” ilə qazanılmış qələbənin möhkəmləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə reinteqrasiya, bərpa və quruculuğu sürətləndirməkdir:
– Bu gün qarşımıza mühüm hədəf və məqsədlər qoymuşuq. Bölgələrdə yeni universitetlərin yaradılması Bakıda sıxlığın qarşısını nisbətən almağa kömək edə biləcək. Xankəndidə təsis edilən Qarabağ Universitetində bütün sahələr üzrə mütəxəssislərin yetişdirilməsinə isə ayrıca önəm verməliyik. Geniş kampuslu müasir təhsil müəssisəsinin yaradılmasına ehtiyac var. Beynəlxalq səviyyəli bir universitetin yaradılması üçün dövlət başçısı İlham Əliyev hökumətə zəruri tapşırıqlar verib. İnanırıq ki, bu tədbirləri sürətlə həyata keçirməklə bir neçə dildə fəaliyyət göstərəcək universtitet yaradılacaq, xarici ölkələrdən də bu ali məktəbə tələbələr cəlb ediləcək.
Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür. Əminəm ki, gənclər Qarabağ Universitetində təhsil almaq istəyəcəklər, çünki hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq və çox önəmli mərhələyə daxil olmuşuq. Bu, yeni imkanlar və fürsətlər yaradacaq. Azərbaycan gəncləri isə Qarabağ Universitetinə daha böyük maraq göstərəcəklər. Xankəndidə müasir təhsil müəssisəsi yaradacağımıza inanıram.
Milli Məclisin deputatı Arzu Nağıyev isə deyib ki, Qarabağ Universiteti gələcəkdə perspektivli ali təhsil müəssisələri sırasında olacaq:
– 44 günlük Vətən müharibəsində qazanılmış böyük qələbədən sonra əsas məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Azərbaycan işğal dövründə dağıdılmış maddi-mədəni irsi, tarixi abidələri, təhsil ocaqlarını və yaşayış yerlərini bərpa etməklə bu torpaqların kimə məxsus olduğunu bütün dünyaya bir daha sübut edir.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin ev, iş məsələlərinin həlli ilə yanaşı, təhsil almaq hüququnun təmin edilməsinə də ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə müxtəlif təhsil ocaqlarının yaradılması da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri hesab olunur.
Ümumiyyətlə, tarixən Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və daim bu məsələ diqqətdə saxlanılıb. Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması xüsusilə vacib idi. Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından olduqca əhəmiyyətlidir. Qarabağın sürətlə məskunlaşması və yüksək inkişafı baxımından Xankəndi Universiteti önəmli missiya daşıyır, gələcəkdə isə perspektivli ali təhsil müəssisələri sırasında yer alacaq.
Deyilənlərə əlavə olaraq bildirək ki, regionda modern universitet modelinin bənzərsiz nümunəsi olacaq Qarabağ Universiteti bölgədə, eləcə də ölkəmizdə insan kapitalını formalaşdıracaq yeni ali təhsil müəssisəsi kimi həyatımıza daxil olur. Bəs Qarabağ Universiteti yaradılarkən hansı qlobal trend və çağırışlar nəzərə alınmalıdır?
Kembric Universitetinin professoru, soydaşımız Qərib Mürşüdov bununla bağlı bildirib:
– Xankəndidə yeni universitetin yaradılması çox müdrik və gərəkli bir addımdır. Bu, həm Qarabağ rayonlarının inkişafına təkan verəcək, həm də bu təhsil və elm müəssisələrinin böyük şəhərlərdən kənara çıxarılmasına imkan yaradacaq. Mənim əsas marağım və təcrübəm texniki elmlərlə bağlı olduğu üçün Qarabağ Universiteti barədə fikirlərim bu istiqaməti əhatə edir. Mən Qarabağda bir güclü universitet və beynəlxalq elm-təhsil mərkəzi görmək istərdim. Universitetin elmi konfrans mərkəzləri Şuşada yerləşə bilər.
Dünyada bir neçə qlobal problem var. Bunlara enerji, iqlim dəyişikliyi, səhiyyə və insanlar ilə texnologiya arasında məsafənin böyüməsi kimi məsələlər aiddir. Mən bura həmçinin müxtəlif ölkələrdə tarixin pis öyrədilməsini və bu istiqamətdə ətraflı tədqiqatın olmamasını da əlavə edərdim. Qafqazda bu problem özünü daha qabarıq göstərir. Yeni universitet bu istiqamətlərin bir neçəsini nəzərə ala bilər. Həmin istiqamətlərin hər birinə əsas təsir edən kompüter elmləri, statistika və maşın öyrətmə sahələridir.
Ona görə ən birinci istiqamət bu sahələr olsa, onlar ətrafında müxtəlif istiqamətləri inkişaf etdirmək olar. Biotibbi mərkəzin yaradılması da yaxşı nəticələr verər. Bu, həm də güclü biologiya, təbabət fakültələri və xəstəxana olmasını tələb edir. Yeni universitetdə tədqiqata əsaslanan təhsil güclü mütəxəssislərin yetişdirilməsinə imkanlar yaradar. Əgər bu istiqamətdə getmək mümkün olarsa, onda texnologiya sənayesi və təhsilin inkişafı eyni zamanda həyata keçirilə bilər.
Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov qeyd edib ki, Kanada universitetlərinin bu bölgədə iştirakını təmin edə bilərik:
– Qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir. Universitetlər tələbələrini bu gün üçün yox, yaxın gələcək üçün hazırlamalıdırlar. Qarabağda yaradılan universitetin müasir reallıqlar dövründə əsas missiyası və hədəflərinə gəlincə, vacib məqsədlərdən biri kimi bölgəyə qayıdışın miqyas və perspektivini nəzərə alaraq bu yeni universitet üçün aşağıdakı iki optimal yolu təklif edirik: Meqa-layihə, həmçinin kollec və universitet təhsilinin yeni üstünlüklərindən faydalanaraq çevik bir təhsil proqramı hazırlamaq; 2 il kollec + 2 il universitet. Kolleci müvəffəqiyyətlə bitirən tələbələr universitetdə təhsillərini davam etdirirlər. İlk açılış proqramları isə texnoloji və maliyyə sektorları ola bilər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da Qarabağ Universitetinin yaradılmasını sevinclə qarşılayıb və yüksək qiymətləndirib:
– Qarabağda şəhərcikləri olan universitet yaradılır ki, tələbələr orada həm oxusunlar, həm də rahat yaşasınlar. Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzərdə tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırlamaq lazımdır. Qarabağda universitetin açılması ixtisaslı kadrlar hazırlığını paytaxtdan bölgələrə yönəltmək işinə də ciddi dəstək olacaq.
Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır.
Təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağda universitetin yaradılmasının əhəmiyyətinə toxunaraq deyib ki, bu layihə bölgənin sürətli inkişafına təkan verəcək:
– Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara üstünlük verilməlidir.
XQ

