“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət”

post-img

Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın özbək dilində nəfis şəkildə çap olunan “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının Özbəkistan Yazıçılar İttifaqında təqdimat mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin və səfirlik nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olan bu nəşr ümummilli lider Heydər Əliyevin və görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunub.

Mərasimdə səfirliyin və AMM-in əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, soydaşlarımız və jurnalistlər iştirak ediblər.

Kitabı özbək dilinə tanınmış alim və tərcüməçi Babaxan Məhəmməd Şərif tərcümə edib. Təqdimat mərasimini məhz o açaraq, bu kitabın Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı və siyasi fəaliyyəti haqqında qiymətli mənbə olduğunu vurğulayıb, tərcümə prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında danışaraq qeyd edib ki, yazıçı postsovet məkanının ən nüfuzlu siyasi xadimlərindən biri olan İlham Əliyev və ümummilli lider Heydər Əliyev haqqında dolğun faktlara əsaslanan fundamental əsərlərin müəllifi kimi tanınır.

Özbəkistan Yazıçılar İttifaqının “Cahan ədəbiyyatı” jurnalının baş redaktoru Əhmədcan Melibayev bildirib ki, dünya şöhrətli lider Heydər Əliyevin ideyaları türkdilli dövlətlər arasında, xüsusilə də bu ölkələrin mədəni əməkdaşlığında hər zaman mühüm rol oynayıb. O əlavə edib ki, Yazıçılar İttifaqının təşəbbüsü ilə nəşr olunan “Türk dövlətlərinin ədəbiyyat inciləri” seriyası çərçivəsində hazırlanmış 100 cildlik külliyyatın 16 cildi Azərbaycan ədəbiyyatına həsr edilib.

Əhmədcan Melibayev çıxışının sonunda Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini elan edib və ona vəsiqə təqdim edib.

Təqdimatda filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, yazıçı İsmat Kuçiyev, professor Cəmilə Şermuxammedova və digər ziyalılar çıxış edərək kitabın elmi və mənəvi dəyərindən söz açıblar.

Sonda Elmira Axundova bildirib ki, altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabını yazarkən Zərifə xanım və Heydər Əliyev haqqında topladığı məlumatlar əsasında bu əsəri ayrıca yazmaq qərarına gəlib.

Elmira Axundova təqdimata görə Özbəkistan Yazıçılar İttifaqına, səfir Hüseyn Quliyevə, tərcüməçi Babaxan Məhəmməd Şərifə və bütün iştirakçılara təşəkkürünü bildirib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd



Sosial həyat