Qərbi Azərbaycana qayıdış kimi ictimaiyyəti maraqlandıran mövzularda tədbirlər davam etdirilməlidir. Universitetləri də cəlb edərək dəyirmi masalar və seminarlar keçirilməlidir.
Bu fikriləri AZƏRTAC-a açıqlamasında tanınmış Türkiyəli tarixçi, elm xadimi İlbər Ortaylı səsləndirib.
Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusundaki beynəlxalq konfransda iştirak edən alim bildirib ki, Türk dünyası üçün vacib olan bütün sahələr daim gündəmdə olmalıdır.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün aktual mövzular aktiv müzakirə olunmalıdır. “Türk dövlətləri bütün məsələlərdə bir olmalıdır. Alimlər və ictimai xadimlər proseslərə cəlb olunmalıdır. Türkiyədə daha çox azərbaycanlı görmək istərdik. Bu bir-birimizi tanımaq üçün vacib amildir”, deyə Ortaylı vurğulayıb.
O, qeyd edib ki, Türkiyədə bir çox insan uzun müddət Azərbaycanda və Qərbi Azərbaycanda yaşanan proseslərdən xəbərsiz olub. “Sovet dövründə biz azərbaycanlıları görmürdük və problemlərindən xəbərsiz idik”, deyə, alim etiraf edib.