Ağ mələfə “oğrusu”

post-img

Esse

...Bununla neçənci dəfə idi ki, zivədən asdığı ağ mələfələr yoxa çıxırdı. Mələfələrlə yanaşı, qadın zivədən qurutmaq üçün al-əlvan yastıq, yorğan-döşək üzləri, dəsmallar da asırdı. Arada yaş əyin-baş paltarları da olurdu. Ancaq oğru, elə bil, təkcə ağ mələfəyə tamah salırdı. Köhnə məhəllədə indiyəcən belə bir oğurluq halı olmamışdı. 

Bir müddət bundan əvvəl məhəlləyə təzə qonşu köçmüşdü. Bir ana, bir bala – qaçqın düşənlərdən idilər. Qaçqın oğlan qadının oğlu yaşda olardı. Boy-buxunda da elə onun oğlu ilə tən gəlirdi.

Lənət şeytana! Qadının ağlına gələn elə həmin oğlan oldu. Əgər elə idisə... 

Qaçqın oğlanın əyin-başı tökülüb gedirdi.

Zivədən oğlunun yuyulmuş paltarlarını da asırdı. Nimdaş olsa da, yararlı idi. Oğru qaçqın oğlan idisə, bəs niyə onları əkişdirmirdi? Əlbəttə, çox güman ki, əyninə geyinib yaxalanmaqdan qorxur... Ağ mələfələri isə, yəqin ki, qəpik-quruşa olsa da, dəyər-dəyməzinə xırıd edir.

Hə, başqa nə ola bilərdi ki?

* * *

Qaçqın oğlana rəhmi gəlsə də, qərara aldı ki, onu güdüb iş başında yaxalasın, bu pis əməli bəri başdan ona tərgitdirsin, oğlunun nimdaş əyin-başından da dilə tutub ona peşkəş etsin..

* * *

Xəlvətə çəkilib pusquda duran qadının gözü zivədə qalmışdı.

...Hə, bax, beləcə... Qaçqın oğlan dördgöz olub ətrafı diqqətlə süzəndən sonra ehtiyatla zivəyə yaxınlaşdı. Dayanıb yenə hər tərəfə bir də baxdı. Arxayın olub zivədəki ağ mələfəni dartdı. Çəkib cəld büküb qatladı. Qoltuğuna vurub, zivədən aralanmağına macal tapmamış qadın başının üstünü aldı.

– Bununla neçənci dəfədir ki...

Oğlan onun əlindən qurtarmağa çalışıb ağladı: – Buraxın, gedim, mən oğru deyiləm. Sonra oğlan yalvarışa keçdi. – Anam da bilməsin...

Qadın çımxırdı: 

– Axı bununla neçənci dəfədir ki, ağ mələfələri çırpışdırırsan...

Oğlan ağlamağını kəsib göz yaşları içərisində boğula-boğula:

– Mən ağ mələfələrə baxa bilmirəm, – dedi, – atamı ağ mələfəyə büküb gətirmişdilər... 

Aydın TAĞIYEV

 

Sosial həyat