“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında Əsasnamə təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, habelə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara edilmiş dəyişikliklərə əsaslanır.
Ədliyyə Nazirliyinə sistemin fəaliyyəti, saxlanması və səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə informasiya sisteminin “Hökumət buludu” (G-cloud) platformasında yerləşdirilməsini təmin edəcək. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sistemin formalaşdırılması, idarə olunması və inteqrasiyası ilə bağlı texniki tələblərin yerinə yetirilməsi nəzərdə tutulur.
Qərarın əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə bələdiyyələrin fəaliyyətində şəffaflığın və effektivliyin artırılmasıdır.