Azərbaycanda və dünyanın bir çox müsəlman ölkələrində 5-7 iyun tarixlərində keçiriləcək müqəddəs Qurban bayramına böyük hazırlıqlar gedir. Qurban bayramı ərəfəsində yerlərdə görüşlər keçirilir, insanların əhval-ruhiyyəsi öyrənilir, kəsiləcək qurbanlıq heyvanlara baxılır, onların saxlanma, kəsilmə şəraiti araşdırılır, başlıcası isə imkansız ailələrin ehtiyacları ilə maraqlanılır, şəhid ailələri, qazilərlə görüşlər təşkil olunur.
Gəncə
Gəncə şəhərində qurbanlıq heyvanların kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün xüsusi məntəqələr yaradılıb. Belə ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M.Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində qurbanlıq heyvanların satışı və kəsimi üçün məntəqələr təşkil olunacaq.
Bayram günlərində şəhər ərazisində qurbanlıq heyvanların kəsimi və satışının düzgün təşkili məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə “İşçi qrupu” yaradılıb. “İşçi qrupu”nun üzvləri məntəqələrə baxış keçiriblər. Qrupun rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev satışı və kəsimi həyata keçirəcək məsul şəxslərlə görüşərək onlara izahat verib. O bildirib ki, Qurban bayramı günlərində vətəndaşlar və sahibkarlar qurbanlıq heyvanların kəsimini yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirməlidirlər. Diri heyvanların satışı isə həmin məntəqələrin yanında xüsusi ayrılmış sahələrdə təşkil olunacaq. Qurbanlıq heyvanların kəsimindən əvvəl baytar həkimlər tərəfindən müayinə olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Goranboy
Goranboyda Qurban bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev “Konstitusiya və suverenlik ili” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, Qurban bayramı ərəfəsində rayonun müəyyən xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəalla birgə Xan Qərvənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yaşar Ağalarov və Vətən Müharibəsi şəhidi Nahid Ağalarovun atası Musa Ağalarovun evində olub.
Burada Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan şəhid ailələri və qazilərlə görüş keçirilib. İcra hakimiyyətinin başçısı şəhid ailələri və qazilərin sosial qayğıları ilə maraqlanıb, çay süfrəsi arxasında səmimi söhbətlər aparıb.
Şəmkir
Bayram günlərində Şəmkir rayonu ərazisindəki heyvan kəsimi məntəqələrində qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarətin təşkili ilə bağlı Şəmkir RİH başçısının müvafiq sərəncamı ilə komissiya yaradılıb.
Komissiyanın sədri, RİH başçısının müavini Rüfət Sahibsoy tərəfindən rayon ərazisindəki heyvan kəsimi məntəqələrinə baxış keçirilib. Baxış zamanı məntəqə sahibləri və əməkdaşları ilə söhbətlər aparılıb, bayram günlərində qurbanlıq heyvan kəsiminin kütləviliyi nəzərə alınaraq qida təhlükəsizliyi sahəsində mövcud qayda və normalara əməl edilməsinin xüsusilə zəruri olduğu diqqətə çatdırılıb, bununla bağlı müvafiq tapşırıqlar verilib. Bayram günlərində məntəqələrin fəaliyyətinə, həmçinin ətraf mühitin heyvan mənşəli tullantılarla çirkləndirilməsinin qarşısının alınmasına komissiya tərəfindən ciddi nəzarət olunacağı qeyd edilib.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri