Ankarada Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşəbbüsü və Ankara Universitetinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə təntənəli tədbir keçirilib.
Açılış mərasimində Ankara Universitetinin rektoru, professor Necdet Univar rəhbərlik etdiyi təhsil qurumunda vaxtı ilə Ümummilli lider Heydər Əliyevə fəxri doktor adının verildiyini xatırladıb. “Elm və təhsil sahələrində əməkdaşlığımız “Bir millət, iki dövlət” kəlamı prizmasından uğurla davam edir. Liderlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uğurlu siyasətləri yolumuza işıq tutur”, - deyən N.Univar, Azərbaycanla uğurlu əməkdaşlığın bir nümunəsi kimi ikili diplom proqramını da göstərib.
Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyası: 80 il elmin keşiyində” mövzusunda məruzə ilə şıxış edib. AMEA rəhbəri çıxışında bildirib ki, akademiya yarandığı vaxtdan etibarən mühüm elmi nailiyyətlərlə zəngin yol keçərək, respublikamızın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınıb. “AMEA-nın tarixində ilk dəfədir ki, akademiyanın yubileyi ölkədən kənarda, qardaş Türkiyədə qeyd olunur”, – deyə akademik vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə diqqət və qayğısından danışan akademik İsa Həbibbəyli, “Azərbaycan elminin intibahı dövrü məhz Ulu öndərin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Heydər Əliyevin siyasəti həm də Azərbaycan-Türkiyə qardaşlığına xidmət edib”, - deyə bildirib. O, tədbirin Türkiyənin elm və ali təhsil qurumları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinə, yeni birgə layihələrin formalaşmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkər çıxışında Türkiyə-Azərbaycanın sarsılmaz birliyinə diqqət çəkərək son illərdə TÜBA ilə AMEA arasında elmi əməkdaşlığın daha da genişləndirildiyini bildirib.
TÜRKSOY-un Baş katibi Sultan Raev və başqaları çıxış edərək iki ölkə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Tədbirdə AMEA-nın prezidentinin “TÜBA-nın fəxri üzvü” seçildiyi elan olunub. Fəxri üzvlük diplomunu akademik İsa Həbibbəyliyə TÜBA-nın prezidenti, professor Müzəffər Şəkər təqdim edib.
Sonra tədbir panel müzakirələri ilə davam edib.
XQ