“Qohum evliliyi” tarixdə qaldı

post-img

Belə “ailə calağı”nın barı sağalmaz  xəstəliklər olub

Ötən ilin iyun ayında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclasında komitə sədri Hicran Hüseynova gündəlikdə olan 4 məsələyə 2 qanun layihəsinin də daxil edildiyini bildirimişdi. Qeyd edilmişdi ki, Ailə, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. 

Müzakirələrdə bildirilmişdi ki, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsinə dair təkliflər yer alıb. Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı, qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, eləcə də bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi müzakirəyə çıxarılmışdı. Çıxış edənlər təklif olunan dəyişikliklərin zəruri olduğunu bildirmişdilər.

Bu gündən qanuna edilən dəyişiklik qüvvəyə minir. Artıq “yaxşını yada vermə – heyifdir, pisi də yada vermə – ayıbdır” köhnəlmiş əxlaqı tarixə gömülür.  Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa həyata vəsiqə alıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Belə ki, artıq qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, eyni zamanda, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva qanuna edilən dəyişikliyin təsdiqinə münasibətini belə ifadə etdi:  

– Bu vacib məsələ çoxdan qoyulmalı və həyata keçirilməli idi. Siz görəsiniz ki, bu müalicə müəssisəsinə nə qədər məhz qohum nikah qurbanları olan uşaqlar gətirirlər. O körpələrin nə günahı var ki, dünyaya göz açandan həkimlərin ümidinə yaşayırlar. Müvafiq qanun dəyişikliyinin təsdiq olunması, qohum nikahlara qoyulan qadağa gələcəyin sağlam nəsli deməkdir. 

Bu məsələdə valideynlərin səhlənkarlığını da qeyd etmək lazımdır. Uşaq 2 yaşına çatır, hələ ayaqları üstündə dura bilmir. Ata-ana evdəki yaşlıların sözü ilə həkimə aparmağı artıq hesab edirlər. “Filankəsin uşağı 4 yaşında yeriyib”– fikrinə söykənirlər. Uşaq 4–5–6 yaşında olanda anlayırlar ki, onlar müalicəyə 5–6 il gecikiblər. 

Qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. Bunu ginekoloqlar və genetiklər daha yaxşı bilirlər. Məsələn, akondoplazia (cırtdan boyluluq) xəstəliyi autosomal dominant xəstəlikdir. Hamiləliyin bəlli bir həftəsində perinatoloq ultrasəs müayinəsi ilə sümüklərin qısalığından şübhələnib xəstəliyi genetik diaqnozla təsdiqləyə bilər. 

Skrininq testi ilə hamiləliyin 11–14-cü həftəsi arasında hər hansı patologiya aşkarlanırsa, ya da ananın yaşı 35-dən çoxdursa, bu zaman Daun, Edwards, Patau sindromu üçün risklər olur. Perinatal diaqnostikada dölün xəstə olduğu aşkarlananda tibbi əsas və valideynlərin razılığı ilə hamiləlik yarımçıq dayandırılır. 

Azərbaycanda genetiklər tərəfindən diaqnozu qoyula bilməyən irsi xəstəlik yoxdur. Müayinələrlə növündən, mutasiyanın şəklindən asılı olmayaraq,  patologiyanın səbəbi aydınlaşdırılır. Amma hər zaman klinik genetik araşdırma üçün ortada səbəb, patologiya və ya xəstə uşaq olmalıdır. İnsanda hər hansı problem yoxdursa, genetikasını araşdırmaq doğru deyil. Dünyanın hər yerində belədir ki, genetikası yoxlanılacaq insanların əvvəldən yazılı razılığı alınır. Nəticələr bəlli olandan sonra genetiklər həmin şəxslərə nəticəni izah edirlər. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirdi: 

– Qohum və erkən evlilikdə narahatedici məqam Azərbaycanda xəstə doğulan uşaqların artan statistikasıdır. Əlilliyi rəsmiləşdirilənlərin sayı 70 minə yaxındır. Qohum evliliyinin ən ağır fəsadlarından biri belə nikahlardan doğulan uşaqların sağlamlıq vəziyyətidir. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2–4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4–8 faizdir. Yəni, bu risk 2 dəfə artır. 

Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı da digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik kimi anormallıqlardır. Buna görə də qanuna edilən dəyişiklikləri zəruri hesab edirəm. 

Tibb elmləri doktoru, professor Hicran Bağırova isə dedi:

– Qanuna dəyişikliyin təsdiqi gələcəyimiz olan uşaqların sağlam həyatına vəsilədir. Hər insanın DNK-nı formalaşdıran 23 cüt xromosom və funksiyalarını müəyyənləşdirən, kodlaşdıran genlər var. Həmin genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohumla evlənəndə zərərli genlərin qarşılaşma ehtimalı yüksək olduğundan doğulan uşaqların müəyyən xəstəliklərə tutulması riski yüksək olur. Çoxillik təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. 

Genetik xəstəliklərin bəziləri isə uşaqlıq, yaxud daha gec, gənclik dövründə aşkarlanır. Hətta 40 yaşlarında da özünü büruzə verən genetik xəstəlik mövcuddur. Qanuna dəyişiklik edilməsi gələcəkdə doğulan uşaqların sağlam olmasına zəmanət verir. Sağlam uşaq şansları normal olanda problem yaranmır. Bütün bunlardan sonra gənclər, eləcə də valideynlər bir şeyi bilməlidirlər ki, ailəyə, cəmiyyətə sağlam uşaq bəxş etməyin ən düzgün yolu qohumlarla, eyni zamanda, erkən nikaha girməməkdir.

“Leyla” Klinikasının aparıcı mütəxəssisi, pediatr Sahib Cəfərov da qanuna edilən dəyişikliyin problemin həllinə kömək edəcəyini söylədi:

– Statistikaya görə, respublikamızda qeydə alınan nikahların təxminən 60 faizi qohumlar arasındadır. İrsi xəstəliklərin yayılması 15 faizdir. Bunlar arasında ən çox yayılanı talassemiyadır. Bu xəstəliyin daşıyıcıları arasında qohumla evlənmə faizi yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşaqların aşağı çəki ilə dünyaya gəlməsi faktlarına ən çox qohum evliliklərində rast gəlinir. İnsan bu zaman bəlli bir genetik yüklə, mutasiya ilə doğulur. Xəstəliyin irsiyyət tipinə görə uşaq mütləq ya xəstə, ya da daşıyıcı olur. Bəzən elə xəstə gətirirlər ki, uşağın yalvarış dolu, imdad diləyən baxışlarının qarşısında utanırsan. Bilirsən ki, artıq müalicənin köməyi olmayacaq. 

Uzun illərin təcrübəsinə əsaslanıb valideynlərə demək istəyirəm ki, qohumluq bağlarını möhkəmlətmək və ya nəyinsə naminə balalarınızı oda atmayın. Qohum və erkən evliliyi unudun. Xəstəliklə uzunmüddətli mübarizə insanın ömrünü həm mənəvi, həm də fiziki cəhətdən qısaldır. Əminəm ki, qanuna edilən dəyişikliyin təsdiqi gələcəkdə sağlam nəsil yaranmasına təkan olacaq.

Həkim-genetik Mircavid Müslümov da qanuna dəyişikliyin günün tələbindən irəli gəldiyini vurğuladı:

– Hazırda dünyada 8 mindən çox genetik xəstəlik müəyyən edilib. Statistikaya əsasən yeni doğulanların təxminən 2 faizi irsi xəstəliklər və ciddi inkişaf qüsurları ilə dünyaya gəlir. Genetik xəstəliklər, ya ana bətnində döldə öz-özünə və ya irsi olaraq valideynlərdən genetik kodlarda baş verən dəyişikliyin bizlərə ötürülməsi ilə əmələ gəlir. Normal halda hər kəs düşünür ki, nəslimizdə genetik xəstəlik yoxdur, buna görə də uşağımızda problem olmaz. Amma bu, tamamilə yanlış fikirdir. İstər qohum, istərsə də yad evliliklərdə genetik xəstə uşaq doğulması ehtimalı var. 

Qohumla qurulan ailələrdə yad evliliklərə nisbətən qüsurlu uşağın doğulma ehtimalı iki dəfə çoxdur. Təbii ki, yadlarla qurulan evliliklərin daha çox olması arzuolunandır ki, gizli keçən xəstəliklər özünü büruzə verməsin və xəstə uşaqlar doğulmasın. Dünyada ailə quranların 20 faizi qohumlardır. Xəstə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Qohum evliliklərində ən çox rast gəldiyimiz qan, sümük-əzələ, ürək-damar sistemi və metobolik xəstəliklərdir. Araşdırmalara görə, daun sindromu hər 800 doğuşdan bir olursa, tək gen xəstəlikləri hər 100 doğulanın birində üzə çıxır. 

Qohum evliliklərə hüquqi baxımdan son qoyulması cəmiyyətə sağlam uşaq verməyin düzgün yoludur.

Zərifə BƏŞİRQIZI
XQ









Sosial həyat