Tibbi məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü nəticəsində vətəndaşlar artıq bir sıra yeni tibbi məlumaltara — “Sağlamlıq haqqında tibbi arayış” və “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış”a “mygov” platforması üzərindən baxa və rəqəmsal (PDF) formada əldə edə bilirlər. Əvvəllər yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə və ya fiziki şəkildə əldə edilə bilən bu məlumatlara indi "mygov" veb portalı və mobil tətbiqi üzərindən təhlükəsiz və operativ şəkildə çıxış imkanı yaradılıb.
Sağlamlıq haqqında tibbi arayış
Bu arayış vətəndaşlar tərəfindən işə qəbul, hərbi xidmət, təhsil və digər sosial proseslərdə təqdim olunmaq məqsədilə istifadə olunan rəsmi tibbi sənəddir. Artıq bu sənədə fiziki formada ehtiyac qalmadan, “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür:
• “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
• “Sağlamlıq haqqında tibbi arayış” seçilir.
• Məlumatlarla tanış olunur.
Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış
Sürücülük vəsiqəsi almaq və ya mövcud vəsiqəni yeniləmək üçün tələb olunan rəsmi tibbi sənəd olan bu arayışa da indi “mygov” platforması üzərindən rahatlıqla çıxış mümkündür:
• “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
• “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış” seçilir.
• Məlumatlarla tanış olunur.
Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.
P.ƏMİRCANOV
XQ