Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət edən Monitorinq qrupu yaradılır

post-img

Nazirlər Kabinetinin təsdiq etdiyi yeni “Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən qeyd edilən istiqamətdə nəzarətin həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Monitorinq qrupu yaradılacaq.

İctimai əsaslarla fəaliyyət göstərəcək Monitorinq qrupunun tərklibinə Nazirliklə yanaşı, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələrinin daxil edilməsi nəzərdə tutulub.

Qrupun tərkibinə Monitorinq qrupu üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının və regional mərkəzlərinin nümayəndələri Monitorinq qrupunun fəaliyyətində iştirak edə, müvafiq qanunvercilik lə müəyyən edilmiş, müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi ilə bağlı zəruri məlumatları ala bilər.

Monitorinq qrupunun fəaliyyət istiqamətlərinə sosial xidmət sahəsini tənzimləyən digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq nəzarətin həyata keçirilməsi, sosial xidmət müəssisələrində göstərilən xidmətlər üzrə təhlillər aparılması, öncədən risklərin qiymətləndirilməsi və gələcəkdə nöqsanlara yol verilməsinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməsi üçün tövsiyələr hazırlanması və s. daxildir. Qrupun məqsədi sosial xidmət müəssisələrində çətin həyat şəraitində olan şəxslərə (ailələrə) göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və səmərəliliyin artırılmasına nail olmaqdr.

Monitorinq qrupunun tərkibi ən azı 9 nəfərdən ibarət olmaqla üç ildən bir yenidən təşkil ediləcək və əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən təsdiq ediləcək.  Qrupa sədrliyi Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri həyata keçirəcək.

Sosial həyat