Bakıda Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul- Demokratiya və Milli Birlik Günü münasibətilə anım mərasimi keçirildi. Qardaş ölkənin ən yeni tarixi üçün əlamətdar olan toplantıda Türkiyə və Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələri, Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi, Milli Məclisin deputatları və KİV mənsubları iştirak etdilər.
Əvvəlcə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildi.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün geniş nitqi ilə 2016-cı il 15 iyul hadisələrində türk xalqının milli iradə və birliyini ortaya qoyaraq Zəfər qazanmasından və bu zaman qardaş Azərbaycanın mənəvi dəstəyindən danışdı:
–15 iyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu Zəfər hamımızındır!
Səfir həmin ağır dəqiqələrdə Prezident İlham Əliyevin dəstək zəngini xüsusi olaraq qeyd etdi:
–Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin ölkəmizə güclü dəstəyini də xatırlayırıq. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları öz canları bahasına türk millətinin milli mənafelərindən heç vaxt vaz keçməyəcəyini bir daha ortaya qoydu. Sahib olduğumuz yüksək dəyərlərə bağlı olduğumuzu bütün dünyaya göstərdik.
Mərasimdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov iki qardaş ölkənin hər zaman bir olduğunu, əlaqələrimizin bundan sonra da ən yüksək səviyyədə davam edəcəyini fəxrlə qeyd etdi:
–Azərbaycanın bu hadisə zamanı Türkiyə dövlətinə və xalqına birmənalı dəstəyi böyük qardaşlıq nümunəsi idi. Türkiyə bu sınaqdan daha da güclü çıxdı. Qardaş ölkənin bugünkü uğurları məhz həmin tarixdən başlayır. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində Türkiyənin dəstəyini heç vaxt unutmayacaq.
Sonda 15 iyul 2016-cı il hadisələrini əks etdirən sənədli videomaterial nümayiş olundu. Anım günü nikbin notlarla başa çatdı. Belə ki, gənc ifaçıların iştirakı ilə “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərin ölməz ruhuna ehtiramın ifadəsi olaraq qəbul olundu.
Kəmalə Abdinova
XQ