Samux: əməkdaşlıq və razılıq ab-havası

post-img

Samux rayonunun Aşağı Ağasıbəyli kəndində növbəti səyyar görüş baş tutub. Kənd stadionunda keçirilən bu görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev kənd sakinləri ilə bir araya gələrək onların qayğı və təkliflərini dinləyib.

Rayon rəhbəri çıxışında ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə belə səyyar görüşlərin davamlı şəkildə keçirildiyini vurğulayıb. O, bu təşəbbüslərin əsas məqsədinin vətəndaşlarla birbaşa ünsiyyət qurmaq, onların problemlərini yerində dinləmək və operativ şəkildə həll yollarını müəyyənləşdirmək olduğunu bildirib.

“Bu görüşlər təkcə bir idarəçilik forması deyil, eyni zamanda dövlətin vətəndaşa olan diqqət və qayğısının bariz nümunəsidir,” – deyə Firdovsi Əliyev qeyd edib. O, ölkədə aparılan sosial-iqtisadi islahatların regionlara da öz müsbət təsirini göstərdiyini və əhalinin rifah halının yüksəlməsinə xidmət etdiyini xüsusi vurğulayıb.

Sakinlərin müraciətləri əsasən infrastruktur, içməli su təminatı və kəndin sosial-məişət problemləri ilə bağlı olub. İcra başçısı hər bir müraciəti diqqətlə dinləyərək, aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib. Xüsusilə kəndin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı bildirilib.

Görüş, sakinlərin məmnuniyyəti və rəhbərliyin problemlərin həllinə olan həssas yanaşması ilə yadda qalıb.

Görüşdə İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri







Sosial həyat