Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Bərdə şəhəri, Heydər Əliyev adına Parkda təşkil olunan tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Qarabağ Regional DOST Mərkəzinin direktoru Vasif Qəribov, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Universitetinin müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yarmarkanın açılışında çıxış edənlər tədbiri bölgədə yaşayan həssas qruplara aid şəxslərin yaradıcılıq potensialının nümayiş etdirilməsi, inklüzivliyin təşviqi baxımından mühüm addım kimi dəyərləndiriblər. Belə yaradıcılıq platformalarının sosial inteqrasiyaya, cəmiyyətin üzvləri arasında bərabər imkanların təmin edilməsinə xidmət etdiyi vurğulanıb.
Tədbir çərçivəsində Qarabağ “DOST Evi” filialının fəaliyyətini, eləcə də filialın təlimçi və benefisiarlarının əl işlərini əks etdirən guşələr təqdim olunub.
Böyük maraqla qarşılanan Yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların həyata keçirdiyi xidmət və proqramlar barədə də məlumatlar verilib.
"Könüllü DOST" proqramı, “RehaPoint" xidməti, "Himayədar ailə" qayğı modeli və digər layihələrə dair təqdimatlar, maarifləndirici materiallar nümayiş olunub, uşaqlar üçün əyləncə zonası yaradılıb.
Tədbirin bədii hissəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları, həmçinin Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin tələbə və müəllim heyəti birgə konsert proqramı ilə çıxış ediblər.
Mustafa Kamal
XQ