Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi və nazirliyin 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı” keçirilib.
XQ Səhiyə Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, səhiyyə sektorunun rəsmi nümayəndələri, Azərbaycanda və xaricdə fəaliyyət göstərən ali və orta tibb təhsili müəssisələrinin təmsilçiləri, aparıcı səhiyyə müəssisələrinin rəhbərləri həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər.
Əvvəlcə beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə tər gül dəstələri düzüblər.
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları, həmçinin Zəfər Parkını ziyarət ediblər. Qonaqlara Vətən müharibəsindəki tarixi Qələbəmizi əks etdirən ekspozisiya barədə məlumat verilib və abidə önünə gül dəstələri qoyulub.
Daha sonra ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın açılış mərasimi keçirilib.
Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tədbirin mahiyyətini vurğulayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycanda tibb təhsilinə böyük diqqət yetirdiyini diqqətə çatdırıb: “Ulu Öndərin göstərişi ilə 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni bina tikilib. Bu, ümummilli lider Heydər Əliyevin səhiyyəyə, tibb təhsilinə, orta tibb personalının hazırlığına verdiyi böyük diqqətin təzahürü idi”.
Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti və gərgin zəhməti sayəsində hər sahənin inkişaf etdiyini vurğulayan nazir deyib: “Bu tərəqqi ölkə səhiyyəsinin timsalında bariz şəkildə görünür. Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü humanitar təşəbbüslər və qayğıya ehtiyacı olan şəxslərə sonsuz diqqəti bu sahənin inkişafında mühüm rol oynayır”.
Teymur Musayev hazırda Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin kollektivinin orta ixtisas tibb kadrlarının müasir tələblərə uyğun səviyyədə yetişdirilməsi yolunda yorulmadan çalışdığını diqqətə çatdırıb: “Bu gün bu qabaqcıl tibb təhsili ocağının qarşısında ölkə səhiyyəsi üçün savadlı, bacarıqlı, dünya təbabətinin yeniliklərindən xəbərdar olan, yüksək ixtisaslı orta tibb mütəxəssisləri hazırlamaq vəzifəsi dayanır”.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşmasının şahidiyik. Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi birləşdirib, çoxsaylı uğurlara birgə imza atacağıq”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.
Öz növbəsində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “TDT-nin üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”nın Bakıda keçirilməsindən məmnunluq duyduğunu qeyd edib.
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva öz çıxışında qeyd edib ki, konfransın məqsədi tibb bacıları və mamaların səhiyyədə oynadığı mühüm rolu vurğulamaq, onların peşəkar inkişafının dəstəklənməsinə şərait yaratmaq və bu sahələrin inkişafı ilə bağlı aktual məsələlərin müzakirəsini təmin etməkdir.
Öz çıxışlarında Türkiyə səfiri Birol Akgün, Özbəkistan səfiri Baxrom Aşrafxanov, Qazaxıstan səfiri Alim Bayel və Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov vurğulayıblar ki, xalqlarımız arasında mövcud olan tarixi və mədəni ortaqlıqlar dövlətlər arasında əlaqələrin əsasını təşkil edir. Eyni zamanda, dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir. Tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən səfirlər elmi-praktik konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra Türk Dövlətlərinin inkişafını və Azərbaycanda səhiyyə sahəsində əldə olunan nailiyyətləri əks etdirən qısa videoçarxlar nümayiş olunub.
Beynəlxalq konfransda çıxış edən Türkiyə Respublikası Ege Universiteti Sağlamlıq Elmləri Fakültəsinin dekanı Esin Çeber Turfan, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin Tibb Bacısı İşi üzrə baş mütəxəssisi Rixsi Salixodjayeva, Qazaxıstan Respublikası “EMİLİ” Ali Tibb Kollecinin direktoru Nurjan Bijanov, Qırğızıstan Respublikasının Bişkek Ali Tibb kollecinin direktoru Çolpon Usubaliyeva və digərləri tədbirin Azərbaycanda keçirilməsindən məmnunluqlarını ifadə ediblər. Onların sözlərinə görə, bu cür tədbirlər Türk dövlətlərinin səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmasına, həm də təcrübə mübadiləsinin aparmasına imkan yaradır.


.jpg)