Ümummilli lider Heydər Əliyevin ölməz xatirəsi xalqın yaddaşında, dövlətin dayaqlarında, müstəqil Azərbaycanın siyasi təfəkküründə yaşayır. Ulu öndərin vəfatının 22-ci ildönümü günündə Fəxri xiyabana üz tutan insan axını bu həqiqətin növbəti canlı təcəssümünə çevrildi.
Səhər tezdən xiyabana axışan insanların sayı günboyu azalmadı. Yaşlılar asta addımlarla, gənclər qaynar baxışlarla, uşaqlar maraqla irəliləyirdi. Yaşlı nəsil üçün Heydər Əliyev adı böyük məna daşıyır. Onlar bu insanı həyatda görmüş, bu imzanın mühüm qərarlarını öz talelərində hiss etmişlər. Dövlətçiliyin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı, qeyri-müəyyənliyin cəmiyyəti bürüdüyü bir dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqı fəlakətdən xilas etmiş, sabaha inam yaratmışdı. Bu səbəbdən Fəxri xiyabana gələn ağsaqqalların baxışlarında xatirə yox, şahidlik var idi.
Gənclər Heydər Əliyevin hakimiyyətdə olduğu illəri görməsələr də, o dövrün ağırlığını, qərarların hansı şəraitdə verildiyini yaxşı bilirlər. Onlar “Heydər baba” deyəndə bunu evdə, ailədə, böyüklərin söhbətlərində formalaşmış sevgi kimi yaşayırlar. Bu sevgi sabit ölkədə böyüməyin, gələcək barədə tərəddüd etməməyin, dövlət anlayışını gündəlik həyatın bir parçası kimi qəbul etməyin nəticəsidir. Ona görə də gənclər üçün Heydər Əliyev keçmişdə qalan ad yox, reallığın başlanğıc nöqtəsidir.
Fəxri xiyabanda qarşılaşdığımız Vətən müharibəsi qazisi, 25 yaşlı Sinan Axundov Heydər Əliyevin adını daha fərqli bir anlayışla çəkir. Onun sözlərinə görə, cəbhədə döyüşərkən tarix barədə düşünməyə vaxt olmur, amma arxanda dayanan dövlətin haradan başladığını bilirsən:
– Biz səngərdə olanda anlayırdıq ki, dövlət təsadüfən yaranmayıb. Arxamızda ordu var idi, nizam var idi. Bunlar bir gündə qurulmur. Heydər Əliyev olmasaydı, bu dövlət bu gün bizə bu qədər arxayınlıq verə bilməzdi. Biz ona görə döyüşə bilirdik. Vətən müharibəsində fəal iştirak etmiş Sinan Axundov “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, həmçinin “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Bir qədər kənarda dayanan məktəbli diqqəti cəlb edir. Yaxınlıqdakı 6 nörməli məktəbdə təhsil aldığını deyən 13 yaşlı Elmir Qədirov Ulu öndəri canlı görməsə də, ailədə və məktəbdə Ümummilli lider haqqında danışılanlar canlı dastana çevrilib. Elmirlə söhbət edəndə o artıq Fəxri xiyabana gün ərzində ikinci dəfə gəlirdi. Səbəbini sadə, amma düşündürücü şəkildə izah etdi.
Gənc yaşına baxmayaraq, dedikləri vətəndaş düşüncəsini ifadə edir: “Mən Heydər Əliyevi görməmişəm, amma onun qurduğu dövlətin içində böyümüşəm. Təhsil alıramsa, məktəbə rahat gedirəmsə, bayrağımız bu qədər güclüdürsə, bu, onun siyasətinin nəticəsidir”.
***
Heydər Əliyevin siyasi irsi yalnız keçmişin xatirəsi deyil. Bu irs bu gün də Azərbaycanın dövlətçilik fəlsəfəsində yaşayır. Güclü mərkəzi hakimiyyət, balanslı xarici siyasət, milli maraqlara söykənən qərarlar onun formalaşdırdığı siyasi məktəbin əsas cizgiləridir. Məhz bu məktəb sonrakı dövrdə ölkənin inkişaf yolunu müəyyənləşdirib.
Bu il Fəxri xiyabana, Ulu öndəri ziyarət etməyə gələn insanlar arasında gənclərin sayı xeyli artıb. Bunu ancaq bir amilə bağlamaq olar. Zaman bizi dahi şəxsiyyətdən nə qədər də uzağa aparsa, ona olan sevgi və rəğbət bir o qədər pöhrələşir, yeni nəsillərin düşüncəsində daha sağlam kök salır. Fəxri xiyabanda müşahidə olunan bu mənzərə bir daha sübut edir ki, böyük liderlərin təsiri zamanla zəifləmək əvəzinə, cəmiyyətin yaddaşında daha aydın və daha məsuliyyətli formada yaşayır.
Cəmiyyətin xüsusilə gənc təbəqəsi arasında apardığımız kiçik sorğu onu deməyə əsas verir ki, yaşlı nəsildən fərqli olaraq bugünkü gənclik gözünü açdığı ilk gündən etibarən Azərbaycanı müasir, müstəqil və güclü dövlət kimi görüb. Onlar sovet təfəkkürünün, ideoloji asılılığın və siyasi qeyri-müəyyənliyin içindən keçməyiblər. Dövlətçiliyin sınaqdan çıxdığı çətin mərhələləri yaşamayan bu nəsil sabitlik, təhlükəsizlik və milli özünəinam mühitində formalaşıb. Məhz bu reallıq gənclərin tarixə və onu yaradan şəxsiyyətlərə münasibətini də fərqli şəkildə formalaşdırır.
Ölkəsi ilə birgə boy atan, müstəqil Azərbaycanın inkişaf mərhələlərini gündəlik həyatının ayrılmaz hissəsi kimi qəbul edən gənclər bu gün aydın şəkildə dərk edirlər ki, mövcud reallıq təsadüf nəticəsi deyil. Onların əldə etdiyi imkanlar, təhsil mühiti, dövlət institutlarına inam və beynəlxalq aləmdə güclənən Azərbaycan obrazı ulu öndər Heydər Əliyevin siyasi xəttinin nəticəsidir. Bu baxımdan gənc nəsil öz taleyində böyük rəhbərin yaratdığı təməlin üzərində boy atdıqlarını getdikcə daha çox anlayır.
Ümummilli liderin anım günündə məzarını ziyarət edən 29 yaşlı Nicat İsmayılovun sözlərinə görə, bu cür ziyarətlər daha çox daxili hesabat, mənəvi borcun xatırlanmasıdır: “Biz sabit dövlətdə yaşayırıqsa, gələcəyə daha arxayın baxırıqsa, bunun haradan başladığını unutmaq olmaz. Bu ziyarətlər dahi şəxsiyyətə olan borcumuzu sözlə yox, mövqeyimizlə ifadə etməkdir”. Nicatın fikrincə, Ulu öndərin xatirəsi təkcə anım və doğum günləri ilə məhdudlaşmamalıdır. Onun Azərbaycanın inkişaf yolu naminə atdığı hər bir strateji addım eyni hörmət və diqqətlə xatırlanmalı, bu irsə münasibət gündəlik düşüncənin bir hissəsinə çevrilməlidir. Nicat hesab edir ki, belə məqamlar həm də Fəxri Xiyabanın ziyarət olunması üçün rəmzi tarixlərdir: “Biz Ümummilli liderə olan borcumuzu heç vaxt tam şəkildə qaytara bilmərik. Bu ziyarətlər ona duyduğumuz minnətdarlığın, təşəkkürün kiçik, amma səmimi ifadəsidir. Biz bu gün Ulu öndərin, eləcə də onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan dövləti qarşısında göstərdikləri xidmətləri yüksək qiymətləndiririk”.
22 il… Tarix üçün qısa zaman kəsiyidir. Ancaq Azərbaycan xalqının yaddaşında bu 22 il bir həqiqəti daha da möhkəmləndirib. Heydər Əliyev təkcə müəyyən bir dövrün lideri deyil, həm də qurduğu dövlətin bu gününün və sabahının da yol göstərənidir. Onun formalaşdırdığı siyasi xətt və təsbit etdiyi milli prioritetlər bu gün də yaşayır, işləyir və öz nəticəsini verir. Bu yaddaş nəsildən-nəslə ötürülür. Ulu öndəri görməyən, onunla eyni dövrü yaşamayan gənc nəsil də bu irsin daşıyıcısına çevrilir. Onlar Heydər Əliyevi sabitlikdə, müstəqil qərarlarda, güclü dövlət institutlarında tanıyırlar.
Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin Naxçıvan dövrü xüsusi əhəmiyyət kəsb edir. Həmin dövrdə blokada şəraitində olan regionun xilası naminə atılan addımlar bütövlükdə Azərbaycanın gələcək inkişaf modelinin konturlarını cızmışdır. Fəxri xiyabanda Naxçıvan Muxtar Respublikanın keçmiş ədliyyə naziri Nizami Nadirxanlı Ulu öndərin xilaskarlıq missiyasını, onun irsinin keçmiş, indiki və gələcək zaman müstəvisindəki dəyişməz rolunu yüksək qiymətləndirərək bildirdi ki, dahi rəhbərin müəyyənləşdirdiyi siyasi kurs yeni nəsillər üçün mayak rolunu oynayır. Nizami müəllimin fikrincə, müasir Azərbaycanın dövlətçilik təməllərinin müəllifi məhz Heydər Əliyevdir. O, ölkə rəhbərliyinə qayıdışından sonra bütün sahələrdə, xüsusən də hüquq-mühafizə və idarəetmə sistemində institusional quruculuğu sistemli şəkildə həyata keçirmişdir. Mövcud dövlət strukturları, idarəetmə mexanizmləri və qanunvericilik bazası Ulu öndərin zəkasının məhsuludur. O, dərin zəkası və siyasi təcrübəsi ilə dövləti yenidən qurmağı bacarmışdır.
Müsahibimiz Prezident İlham Əliyevin fəaliyyətinə toxunaraq, siyasi varisliyin uğurlu nəticələrindən bəhs edir. O, dövlət başçısına olan inamını ifadə edərək qeyd edir ki, Heydər Əliyevin başladığı, lakin yekunlaşdıra bilmədiyi bütün strateji layihələri Prezident İlham Əliyev tamamlamışdır. Xüsusilə 2003–2020-ci illər aralığında reallaşdırılan iqtisadi islahatlar, ordu quruculuğu, diplomatik həmlələr və sosial proqramlar vahid məqsədə – Qarabağın işğaldan azad edilməsinə xidmət edirdi.
Nəticədə, üçrəngli bayrağımız Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordu tərəfindən tarixi torpaqlarda yenidən dalğalandı.
Nizami Nadirxanlı 44 günlük Vətən müharibəsini illərlə işlənmiş mükəmməl dövlət strategiyasının məntiqi yekunu adlandırır. O, keçmişdə prezidentin iştirakı ilə keçirilən görüşləri xatırlayaraq bildirir ki, dövlət başçısı torpaqların azad olunacağına dair elə böyük inamla danışırdı ki, həmin qətiyyət ətrafdakıları da buna inandırırdı. Hətta bəzən tərəddüd edənlər olsa da, Prezident İlham Əliyevin "Azad edəcəyik" vədi reallığa çevrildi.
Fəxri xiyabanda insan seli arasında qarşılaşdığımız Milli Məclisin sabiq deputatı Şaitdin Əliyev ilə söhbətimiz Heydər Əliyev şəxsiyyətinin mənəvi və bəşəri tərəflərinə işıq salır. Sabiq millət vəkili Ulu öndərin məzarını ziyarət edərkən keçirdiyi hissləri dilə gətirərək, dahi rəhbərin siyasi yolunu böyük məktəb adlandırdı. Onun sözlərinə görə, Heydər Əliyev xalqını və dövlətini canından artıq sevən, müdrik kəlamları ilə yaddaşlara həkk olunan lider idi. O, 1990-cı illərin əvvəllərində ölkənin düşdüyü ağır vəziyyəti, torpaqların işğalı və daxili xaosu xatırladaraq, məhz Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanın fəlakətdən xilas olduğunu bildirir.
Şaitdin müəllim Heydər Əliyevlə birlikdə müqəddəs Məkkə ziyarətində iştirak etdiyi anları unudulmaz xatirə kimi bölüşdü. O, dövlətin ən çətin günlərində Ulu öndərin Kəbə evində etdiyi duaların şahidi olduğunu, həmin dualarda Azərbaycan üçün dirçəliş və xalq üçün rifah diləndiyini qeyd edir. Həmin səmimi duaların qəbul olunduğunu bu gün müstəqil və qüdrətli Azərbaycanın simasında görmək mümkündür.
Müsahibimiz Heydər Əliyevin İslam dünyasına həmrəylik çağırışını, müsəlman ölkələrinin bir-birinə dayaq olması gərəkdiyini vurğulayan fikirlərini xatırladır. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımıza ünvanlanan "Hara gedirsinizsə gedin, Azərbaycan sizin dövlətinizdir" mesajı dünya azərbaycanlılarının təşkilatlanmasında müstəsna rol oynamışdır. Sabiq deputat Prezident İlham Əliyevin atdığı addımların Heydər Əliyev siyasətinin təntənəsi olduğunu, verilən vədlərin yerinə yetirildiyini və torpaqların azadlığa qovuşduğunu iftixar hissi ilə qeyd edir.
Əslən Qərbi Azərbaycanın Əzizli kəndindən olan şair Tofiq Həsrət Heydər Əliyevi Türk dünyasının nadir liderlərindən biri kimi xarakterizə etdi. O, sovet ideologiyasının hökm sürdüyü dövrlərdə Heydər Əliyevin cəsarətli addımlarından söz açaraq qeyd etdi ki, 1981-ci ildə tarixi şəxsiyyətlərə abidələrin ucaldılması, 1982-ci ildə Şuşada Vaqif məqbərəsinin açılışı, eləcə də 1971-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında, doğma torpaqlarda Aşıq Ələsgərin qəbirüstü abidəsinin ucaldılması milli yaddaşın bərpası istiqamətində atılmış tarixi addımlar idi.
Şairin fikrincə, Ermənistan ərazisində belə təşəbbüslərin reallaşdırılması o dövr üçün mümkünsüz görünsə də, Heydər Əliyev iradəsi bunu mümkün etmişdir. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilməsi, "Gülüstan" poemasına görə təzyiqlərə məruz qalan Bəxtiyar Vahabzadənin qorunması və ona "Xalq şairi" adının verilməsi kimi faktlar Ulu öndərin milli qeyrət və ədəbiyyat sevgisinin bariz nümunələridir. Belə liderin irsi zamanın sınaqlarından çıxaraq əbədi yol göstəricisinə çevrilmişdir.
Qərbi Azərbaycan İcmasının fəaliyyəti və Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətlərindən söz açan Hamamlı rayonunun Qursalı kənd icmasının sədri Vaqif Namazov bildirdi ki, Heydər Əliyev hər zaman deportasiyaya məruz qalmış soydaşlarımızın taleyi ilə yaxından maraqlanmış, onların hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün zəmin hazırlamışdır. İcma sədri vurğuladı ki, Ulu öndər Qərbi Azərbaycan məsələsini heç vaxt unudulmağa qoymamış, tarixi ədalətin bərpa olunacağına dair inamını hər çıxışında ifadə etmişdir. Heydər Əliyevin məcburi köçkünlərlə keçirdiyi görüşlərdə səsləndirdiyi fikirlər, onlara göstərdiyi qayğı bu gün Qərbi Azərbaycan İcmasının konseptual fəaliyyətinin təməlini təşkil edir.
Vaqif Namazovun sözlərinə görə, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını irəli sürməsi məhz Heydər Əliyev ideyalarının davamıdır. İcma sədri əmindir ki, necə ki, Qarabağ azad olundu, eləcə də tarixi torpaqlara dinc qayıdış təmin ediləcəkdir. O, Heydər Əliyevin siyasi irsinin Qərbi azərbaycanlılar üçün də böyük ümid mənbəyi olduğunu, həmin irsin işığında tarixi ədalətin tam bərpa olunacağını bəyan edir.
Müsahiblərimizin söylədikləri bir daha göstərdi ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və memarıdır. Onun müəyyənləşdirdiyi prinsiplər, qoyduğu ənənələr və dövlətçilik fəlsəfəsi müstəqil Azərbaycanın əbədi müstəqilliyinin qarantıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər və davam edən genişmiqyaslı quruculuq işləri sübut edir ki, Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir. Azərbaycan xalqı dahi rəhbərinin əziz xatirəsini qəlbində yaşadaraq, onun açdığı yolla işıqlı gələcəyə doğru inamla irəliləyir.
Tacir SADIQOV,
Yusif ŞƏRİFZADƏ
XQ








