III MƏQALƏ
Azərbaycan reallıqları və geosiyasi seçim
Ulu öndərə həsr edilmiş I və II məqalədə gətirilən faktlar və aparılan təhlil göstərir ki, Heydər Əliyev dövrün ümumi geosiyasi xüsusiyyətləri ilə Azərbaycan reallıqlarını mükəmməl nəzərə almışdır. Ümummilli liderin Azərbaycan Respublikası üçün etdiyi geosiyasi seçimi dahiyanə formada dövrün tələblərinə tam cavab verirdi. Milli maraqları regional gerçəkliklər və qlobal ümumi geosiyasi treklərlə harmonik səviyyədə uyğunlaşdıran Ulu öndər milli özşüur, milli özünüdərk və milli identikliklərin vəhdəti əsasında dövlət identikliyini ən müasir tələblərə cavab verən məzmunda müəyyən etmişdi.
İndi hər kəsə aydındır ki, milli özünüdərklə dövlət identikliyinin qarşılıqlı münasibətlərində Azərbaycan reallıqlarının özünəməxsus təsiri mövcuddur. Həm də Azərbaycan bu istiqamətdə təcrübə toplamış dövlətdir. Ona da şübhə yoxdur ki, həmin təcrübənin əsasında ulu öndər Heydər Əliyevin hazırladığı konsepsiya və praktiki fəaliyyət dayanır.
Heydər Əliyev çox dərin qatlarda azərbaycanlıların özşüurunu və bunun fonunda dövlətçilik şüurlarının özəlliklərini dəqiq bilirdi. Hər bir addımında Azərbaycanın özünməxsusluğunu və azərbaycanlılığın mədəni, mənəvi, əxlaqi, psixoloji parametrlərini yüksək həssaslıqla nəzərə alırdı. Bizcə, Ulu öndərin böyük uğurlarında bu məqam ayrıca rol oynamışdır. Bu fikirlərdən çıxış edərək iki aspektdə ümumiləşdirmə apara bilərik.
Birinci aspekt, ümumiyyətlə, milli özünüdərklə dövlət identikliyinin fəlsəfi tədqiqi nəticəsində gəlinən qənaətlərlə bağlıdır. Milli özünüdərk milli özşüurdan daha dərin qatlarda və koqnitiv miqyasda fərdin refleksiyasını ifadə edir. Burada empatiya əsas yer tutur. Fərd özünü anlamağa yönəlmiş şüuri fəaliyyəyti ilə nail olduğu dərkdən kollektiv miqyasda toplum üçün xarakterik olan mənəvi, əxlaqi, ideya özəlliklərinə baş vura bilir. Bunu o, sosial-mədəni və tarixi təcrübədə millətin əldə etdiyi biliklər çərçivəsində “mən-soydaş” qarşılıqlı münasibətləri daxilində edir. Bununla özşüurla kollektiv şüuri təcrübə arasında idraki əlaqə yaranır.
Tədqiqat göstərir ki, bundan çıxış edərək hər bir fərd digər vətəndaşlarla idraki və psixoloji səviyyələrdə refleksiv bağlantı yaradır. Bu, çoxlu sayda insanın ortaq fəaliyyət sahəsi kimi formalaşanda özşüurdan özünüdərkə keçmək mümkün olur. Dövlət identikliyi baxımından burada xüsusi faktorlar aparıcı rol oynayırlar. Bu aspekt üzərində dayanaq.
Öncə, belə bir sual meydana gəlir: vurğuladığımız fəlsəfi xarakterli müqayisələrin fonunda Ümummilli liderin fəaliyyəti sayəsində formalaşmış Azərbaycan nümunəsi hansı özəllikləri meydana çıxarmışdır?
Heydər Əliyevin milli şüura yanaşmasının bir aspekti
Müasir Azərbaycan dövlətçiliyində milli özşüurun milli şüurun tərkib hissəsi kimi araşdırılması göstərir ki, azərbaycanlıların münasibətlərini və dəyər təsəvvürlərini qiymətləndirmə sisteminin özünəməxsus parametrləri vardır. Onların sırasında adət-ənənə, dil və din xüsusi yer tutur. Araşdırma göstərir ki, bu əsas faktorlar arasındakı münasibətlərin nisbəti də tarixi dönəmdən asılı olaraq dəyişə bilir.
Ulu öndər Heydər Əliyev keçən əsrin 90-cı illərində tarixi dövrün tələblərini nəzərə alaraq adət-ənənə, dil və din faktorlarını vahid azərbaycançılıq məfkurəsi çərçivəsində cəmiyyətdə birlik və harmoniya yarada bilən nisbətdə qarşılıqlı əlaqədə konseptuallaşdırdı. Multikultural dəyərləri bu üç əsas faktoru ziddiyyətsiz birləşdirən başlıca mexanizm etdi.
Beləliklə, milli özşüurun milli özünüdərk səviyyəsinə keçməsində Heydər Əliyev cəmiyyətin bütövlüyünü təmin edə bilən dəyər qiymətləndirməsini aparmışdır. Buna etnosun nümayəndələrinin təsəvvürlərini birgəyaşamı təmin edən və bu anlamda toplumun tamlığına xidmət göstərən məcraya yönəltmək əsaslı təsir etdi.
Vurğulanan aspektdə proseslərin dinamikası baxımından aparıcı məqam birgəyaşamın qeyd olunan vahidliyinin təkrar-təkrar kəsintisiz açıq və qeyri-xətti axıcılıq halına gətirməkdən ibarətdir.
Heydər Əliyev həmin kontekstdə olduqca perspektivli bir ideoloji addım atdı. Ulu öndər bəyan etdi ki, etnik və dini mənsubluğundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Yəni burada hər hansı ayrı-seçkilik mümkün deyildir. Bu, hər bir fərdin Azərbaycanın sosial tamlığına daxil edilməsi demək idi. Burada sosial tamlıq cəmiyyətin bütövlüyü anlamındadır.
Həmin kontekstdə dəyər təsəvvürləri və münasibətlərin qiymətləndirilməsi sisteminin əsasını milli özşüur təşkil edir. Bu üsulla insan yerini sosial-mədəni və siyasi həyatda müəyyənləşdirir. Ulu öndər milli şüurun məhz bur funksiyasını ciddi surətdə aktuallaşdırdı və onu azərbaycanlıların həyat tərzinin mühüm aspektinə çevirdi.
Milli özşüur, cəmiyyətin sosial-siyasi birliyi
Yuxarıda vurğuladığımız kontekstdə məsələnin başqa bir ümumi cəhətinə baxaq. Bu aspekt Heydər Əliyevin bütöv cəmiyyət miqyasında fövqəladə səmərəli fəaliyyətini anlamağa imkan verir.
Məsələ onunla bağlıdır ki, fəlsəfi tədqiqatlara görə, milli özüurun başlıca funksiyası cəmiyyətin mental və sosial-siyasi birliyini yaratmaqdan ibarətdir. Azərbaycan nümunəsində bunun konkret ifadəsi Ümummilli liderin sayəsində azərbaycançılığın cəmiyyətin bütövlüyü aspektində təsirində əksini tapmışdır. Azərbaycançılıq xalqın mentallığına əsaslı təsir etmiş və cəmiyyətin sosial-siyasi həyatında aktiv surətdə xüsusi yer tutmuşdur. Bunun əyani təsdiqlərindən biri dövlət identikliyini müəyyən edərkən Ulu öndərin milli xüsusiyyətləri tam olaraq nəzərə almasıdır.
Fikrimizi sübut etmək üçün Heydər Əliyevin dövlət identikliyinin təməlində gördüyü əsas tezislərə baxaq. Onlar aşağıdakılardır: birincisi, “Azərbaycan tarixən Şərq və Qərb sivilizasiyasını vəhdət halından birləşdirmişdir”, ikincisi, “müasir mərhələdə Azərbaycanın “sosial-siyasi yönümündən və tarixi-mədəni ənənələrindən irəli gələn xüsusiyyətlər beynəlxalq münasibətlər sistemində” onun “roluna və yerinə səciyyəvi təsir göstərir”, üçüncüsü, “Azərbaycan öz xüsusiyyətlərini dərindən dərk edərək və eyni zamanda müasir dövrdə baş verən dəyişikliklərin irəli sürdüyü tələbləri nəzərə alaraq, addım-addım irəliləyir və “xarici dünya ilə əməkdaşlıq binasını” ucaldır”.
Bu ümumi yanaşmanı ifadə edən tezislər əsasında dövlət identikliyinin 3 əsas parametrini Ulu öndər müəyyən etmişdir.
Birincisi, müasir Azərbaycan Respublikası sivilizasiyalı dövlət kimi demokratikliyi və hüquqiliyi özündə ehtiva edir.
İkincisi, azərbaycanlıların milli özşüuru və milli özünüdərki “sülhsevər dövlət identikliyini” formalaşdıran başlıca faktorlardır. Ən krtitik dönəmlərdə belə Azərbaycan dövlətçiliyində sülh, barış, əməkdaşlıq aparıcı yer tutmuşdur. O cümlədən Azərbaycan qonşu ölkələrlə sülh içində yaşamağı dövlət kimi varlığının əsas əlaməti hesab etmişdir. Yəni sülh məsələsi Azərbaycanın dövlət identikliyinin əsas parametridir, bizim dövlət mahiyyət və funksiyaca sülhsevərdir!
Müasir Azərbaycan dövlətçiliyində sülhün yeri və rolunu Heydər Əliyev yüksək dərəcədə dəqiqliklə müəyyən etmişdir ki, bunun nəticəsində Azərbaycan ciddi böhrandan xilas olaraq, dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. İndi o, geniş bir geosiyasi məkanda siyasi-diplomatik hərəkətliliyin mərkəzi halına gəlmişdir.
Üçüncüsü, Heydər Əliyev Azərbaycan hər dövlətlə “bərabərhüquqlu, tarazlaşdırılmış münasibələr” yaradır, ümumdünya və regional təşkilatlara daxil olaraq, “beynəlxalq münasibətlərin genişləndirilməsi”nə və “müəyyən səbəblər üzündən itirilmiş əlaqələrin bərpa olunmasını”na çalışır.
Məhz bu məqamda identiklik məsələsində milli özşüur, milli özünüdərk, azərbaycançılıq və multikulturalizm kimi faktorların rolunun əhəmiyyəti ön sıraya çıxır. Belə ki, vurğuladığımız təməl tezislər və onlardan məntiqi alınan 3 qrup parametrin dövlət identikliyinin əlamətləri olması üçün onları sistemləşdirən, məzmunca sintez edən və funksiyaca eyni hədəfə yönəldən mexanizmlər olmalıdır. Onları Ulu öndər məhz milli özşüur və milli özünüdərk prizmasında, lakin tarixi dövrün xüsusiyyətlərini nəzərə alaraq ənənə ilə müasirliyin qarşılıqlı münasibətlərində müəyyən etmişdir.
Konkret olaraq, həmin mexanizmləri Heydər Əliyev azərbaycançılıq məfkurəsi və multikulturalizm siyasəti əsasında müəyyənləşdirmişdir. Azərbaycançılıq məfkurəsi milli özşüurun və milli özünüdərkin “ideya hüdudunu” müəyyən edir. Yəni istənilən halda özşüur və özünüdərk dövlətçilik kontekstində kollektiv birgəyaşamın ortaq şüuri faktına çevrilir (yəni “milliləşir”). Bu keyfiyyətdə azərbaycançılıq məfkurə olaraq milli özünüdərkin dövlət identikliyinin “məna sahəsi”ni stimullaşdıran, formalaşdıran və ona xüsusi istiqamət verən başlıca parametr rolunu oynayır. Bu o deməkdir ki, milli özünüdərk ölkənin ideya məfkurəsi ilə tam harmoniya təşkil etməlidir. Əks halda, dövlət identikliyi real nəticəvericilik funksiyasını yerinə yetirə bilməz.
Bir fəlsəfi qənaət
Əlbəttə, Heydər Əliyev irsi o qədər zəngindir ki, tədqiqinə uzun illər lazımdır. Burada biz sadəcə bir fəlsəfi qənaəti yekun olaraq ifadə edəcəyik.
Heydər Əliyev nəinki özünün fəaliyyəti dövründə, həm də özündən sonrakı mərhələdə çox uğurlu ola biləcək dövlətçilik strategiyasını hazırlamışdır. Bu strategiyanın digərlərindən əsas fərqi ondan ibarətdir ki, Ulu Öndər çox müxtəlif faktorları müstəqil dövlətçiliyə xidmət edə biləcək üsul və məntiqdə vahid sistem (və ya şəbəkə) halında sintez edə bilmişdir.
Bu üstün xüsusiyyəti bizlər indi dərk edirik, lakin Heydər Əliyev onu ideya, məfkurə, siyasi kurs və dövlətçilik fəlsəfəsi kimi həm emosiyalarında yaşamışdır, həm də konseptuallaşdırmışdır. Bu iki aspektin vəhdətində isə müstəqil dövlət quruculuğuna xüsusi məzmun və məqsəd vermişdir. Onun əsas əlaməti Ümummilli liderin Güclü Azərbaycan yaratmaq strategiyasıdır. Ulu öndərin fəaliyyətinin bütün istiqamətləri bu Ana məqsədə xidmət etmişdir. Bu məqsəd naminə lazımi iqtisadi, hüquqi, mənəvi və sosial-siyasi baza formalaşdırmışdır.
Bu bağlılıqda Heydər Əliyevin ümumi strategiya daxilində xüsusi strateji kurs müəyyən etməsi ayrıca bir fenomenal hadisədir. Keçən əsrin son onilliyində həmin kurs enerji strategiyası (və ya neft strategiyasını) kimi müəyyən edildi. Enerji strategiyası iqtisadi, hüquqi, idarəetmə və bütövlükdə islahatlar həyata keçirmə kimi sferalarla sıx əlaqədə həyata keçirildi. Burada müdafiə qüdrətinin artırılması ayrıca yer tuturdu. Paralel olaraq siyasi-hüquqi institutlaşmada islahatlar aparılırdı (məsələn, məhkəmə sferasında).
Bununla da Ulu öndər Azərbaycana çox böyük uğurlar qazandıran mükəmməl enerji diplomatiyasının möhkəm əsaslı konsepsiyasını yaratdı. Bu tarixi xidməti Azərbaycan xalqı heç zaman unutmayacaq! Bu gün bütövlükdə Azərbaycan Heydər Əliyevi dərin duyğularla yad edir! Ulu öndər millətin qəlbində əbədi yaşayacaq əvəzolunmaz şəxsiyyət və dahi siyasi xadimdir!
Çox fərəhlidir ki, bu gün Ulu öndərin dövlətçilik fəlsəfəsini böyük uğurla davam etdirən Prezidentimiz var! Tam əminik ki, Zəfərlər davam edəcək və Azərbaycan çox qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu tam başa çatdıracaq!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

