Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair tapşırıq və göstərişlərinə uyğun olaraq, Beyləqan rayonunda yol infrastrukturunun bərpası və yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayon ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan bu işlər 2026-cı ildə də davam etdirilir və mərhələli şəkildə genişləndirilir.
Beyləqan şəhərində şəhid Vasif Quliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işləri artıq yekunlaşdırılıb.
Rayon icra hakimiyyətindən verilən məlumata görə küçədə yol örtüyü əsaslı şəkildə yenilənmiş, müasir standartlara cavab verən asfalt-beton qatının döşənməsi təmin olunmuşdur. Görülən işlər nəticəsində uzun müddət istismar müddətini başa vurmuş, hərəkət üçün çətinlik yaradan yol hissələri tamamilə aradan qaldırılmışdır.
Asfaltlanma işləri küçənin böyük bir hissəsini əhatə etməklə, nəqliyyat vasitələrinin və piyadaların rahat gediş-gəlişinə şərait yaradıb.
Layihənin icrası zamanı yolun keyfiyyətinə, davamlılığına və təhlükəsizlik tələblərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək, vətəndaşların gündəlik həyatına birbaşa təsir edən bu sahə daim diqqət mərkəzində saxlanılacaqdır.
M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri



