Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi və Fizika fakültəsinin nəzdində fəaliyyət göstərən STEAM Mərkəzinin birgə təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” mövzusunda təlim proqramına start verilib.
Universitetdən XQ-yə bildirilib ki, təlimlərin əsas məqsədi STEAM yanaşmasının təhsil sistemində tətbiqi, müasir pedaqoji metod və texnologiyaların mənimsədilməsi, eləcə də layihə əsaslı öyrənmənin təşviqi vasitəsilə müəllim və tələbələrin peşəkar bacarıqlarının inkişaf etdirilməsidir.
STEAM təlimləri ADPU-nun STEAM Mərkəzinin əməkdaşları – fizika üzrə fəlsəfə doktoru Vəfa Abdurahmanova, baş müəllim Gülşən Musayeva və müəllimlər Lalə Mansurova, Cavid Tapdıqlı və Çinarə Məmmədli tərəfindən aparılır. Təlimlərdə ADPU-nun əməkdaş və tələbələri ilə yanaşı, Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, eləcə də ümumtəhsil orta məktəblərində fəaliyyət göstərən müəllimlər iştirak edirlər.
Təlim proqramı STEAM yanaşması və onun pedaqoji əsasları, layihə əsaslı öyrənmə modeli, STEAM təhsilində qiymətləndirmə mexanizmləri, 3D modelləşdirmə və 3D çap texnologiyaları, Snapmaker cihazı və onun istifadəsi, “MakeCode” mühiti ilə tanışlıq, mikrobitin quruluşu və funksiyaları, mikrobit vasitəsilə sadə layihələrin hazırlanması kimi mövzuları əhatə edir. Bununla yanaşı, ümumtəhsil orta məktəblərində STEAM fənninin tədris proqramının müzakirəsi, STEAM fənni üzrə standartların seçilməsi və STEAM layihələrinin qurulması məsələlərinə xüsusi diqqət yetirilir.
Təlim müddətində iştirakçılara STEAM metodologiyaları, 5E və 7E modelləri əsasında dərslərin planlaşdırılması və təşkili, layihələrin hazırlanması və idarə olunması, 3D modelləşdirmənin və 3D çapın tətbiq sahələri, təhsildə Snapmaker texnologiyasının rolu, CNC qurğularının quruluşu və iş prinsipi, mikrobitin texniki xüsusiyyətləri, proqramlaşdırmanın əsasları, Arduino platforması ilə iş bacarıqları praktiki və nəzəri şəkildə tədris olunur.
Qeyd edək ki, STEAM təlimlərinin 2 fevral tarixinədək davam etməsi nəzərdə tutulub.



.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
