I yazı
“Facebook”da dostluğumda olan “Hikmət akademiyası” adlı sosial şəbəkə izləyicisi dahi danimarkalı fizik, kvant nəzəriyyəsinin yaradıcılarından biri, 1922-ci ildə fizika üzrə Nobel mükafatçısı Nils Borun (1885-1962) yüksək insani keyfiyyətləri barədə maraqlı paylaşım edib. Orada yazılır:
“Nils Borun atası dövrünün görkəmli fiziklərindən olub. Nils hələ məktəbdə oxuyarkən atasının fizika və fəlsəfə üzrə dostları hər cümə axşamı Bor ailəsinin qonağı olardılar. Alimlər hər dəfə elm dünyasında baş verənləri qızğın müzakirə edərdilər. Nils və qardaşları isə bir küncdə oturaraq bu söhbətlərə sonsuz maraqla qulaq asardılar.
Qəribəsi budur ki, özlərinin qaynar diskussiyalarından baş ayırmayan yaşlı elm adamları onların bir neçə addımlığında Danimarka elminə dünya şöhrəti gətirəcək balaca Nils Bor olduğunun fərqində olmayıblar...
Maraqlıdır ki, gənclik illərində gənc Nilsi ölkəsində fizikdən daha çox, istedadlı futbolçu kimi tanıyırdılar. 1922-ci ildə Nobel mükafatı alanda yerli qəzetlər hətta belə bir başlıqla çıxmışdı: “Məşhur futbolçu Nobel mükafatı aldı”. Lakin qəzetdə dərc olunmuş məqalədə N.Borun Nobel mükafatını nəyə görə, futbola və ya digər hansısa başqa işə görə aldığı belə məlum deyildi.
Sovet İttifaqında 1937-ci ilin repressiyalarına məruz qalmış görkəmli fizik Lev Landau (yeri gəlmişkən Bakıdan anadan olub–red.) 1938-ci il aprelin 17-də təhlükəsizlik orqanları tərəfindən saxlanılmışdı. Landaunun həbsini eşidən Bor dəhşətə gəlir və alimin fizika, bütövlükdə, dünya elmi üçün son dərəcə əhəmiyyətli şəxs olduğu barədə Stalinə məktub göndərərək Landaunun həbsdən azad olunmasını xahiş edir. Məhz Borun müraciətindən sonra Landau 1939-cu il aprelin 29-da azadlığa buraxılıb. Bu, o dövr üçün görünməmiş bir hadisə idi.
Borun Landauya dəstəyi sonrakı illərdə də davam etmişdir. Onlar ailəvi dost olmuşlar. Danimarkalı fizik 1961-ci ildə Sovet İttifaqına səfərə gələndə Landau ilə birlikdə bir çox tədbirlərdə iştirak etmişdilər. Yeri gəlmişkən, sizə təqdim edilən fotoda dahi fiziklərin Moskva Dövlət Universitetində tələbələrlə görüşü əks olunub.
Qeyd etmək lazımdır ki, N.Bor, öz növbəsində, L.Landaunun elmi yaradıcılığına böyük təsir göstərmişdir. Təsadüfi deyil ki, L.Landau ömrünün sonuna kimi Boru özünə müəllim hesab etmişdir.
Dahi alim bütün həyatı boyu istedadlı gənclərə diqqət və qayğı göstərib. Landau bir dəfə bununla bağlı Bora belə bir sualla müraciət edib:
– Sizin öz ətrafınıza çox sayda yaradıcı nəzəriyyəçiləri cəlb etməyinizin sirri nədir?
Bor belə cavab verib:
– Hansısa xüsusi bir sirr yoxdur, sadəcə, biz gənclər qarşısında ağılsız görünməkdən qorxmuruq.
Təqdim etdi:
M.HACIXANLI
XQ

