Tramp ABŞ ordusu üçün rekord büdcə təklif edir

post-img

Tramp administrasiyası müdafiə maliyyəsi üçün rekord tələb hazırlayır. Bloomberg xəbər verir ki, Konqresdə gərgin müzakirələr gedir.

ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ili üçün 1,01 trilyon dollar məbləğində milli təhlükəsizliyin maliyyələşdirilməsi üçün Konqresə müraciət etmək niyyətindədir. Sənədlə tanış olan administrasiya rəsmilərinin sözlərinə görə, bu, 2025-ci il hədəfindən 13 faizdən çoxdur.

Büdcə prioritetlərinə strateji əhəmiyyət kəsb edən layihələr, xüsusilə də “Qızıl Qübbə” raketdən müdafiə sistemi, gəmiqayırma, nüvə arsenalının modernləşdirilməsi, sərhəd təhlükəsizliyi, hərbçilərin maaşlarının 3,8% artırılması daxildir.

Bildirilir ki, sorğu, həmçinin Energetika Departamenti, Federal Təhqiqatlar Bürosu və bir sıra digər qurumlar üçün əlavə maliyyələşdirməni əhatə edir və 2024-cü maliyyə ili səviyyəsində ümumi ÜDM-in 3,2%-nə bərabərdir. Müqayisə üçün qeyd edək ki, hazırkı ümumi milli təhlükəsizlik xərcləri 892,3 milyard dollardır.

Təkcə Müdafiə Nazirliyinin maliyyə tələbi 961 milyard dollar olacaq ki, bu da yanvarda təsdiqlənmiş 848,3 milyard dollar səviyyəsindən xeyli yüksəkdir. Bundan əvvəl Co Bayden administrasiyası 2026-cı il üçün müdafiə büdcəsini 876,8 milyard dollar proqnozlaşdırmışdı.

Büdcə bu gün rəsmi olaraq Konqresə təqdim ediləcək. Bu tələbin Konqresdə mübahisələrə səbəb olacağı gözlənilir. Qanunvericilər dəfələrlə Pentaqonu tam yoxlamadan keçmədiyinə görə tənqid ediblər. ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin hesabatına görə, 2017-2024-cü illər arasında Müdafiə Nazirliyində ən azı 10,8 milyard dollarlıq fırıldaqçılıq aşkar edilib. Müdafiə naziri Pit Heqset sosial mediada qeyd edib ki, tarixən yüksək həcmli müraciətlərə baxmayaraq, departament "hər bir vergi ödəyicisinin dollarını ağıllı şəkildə - döyüş qabiliyyətinə və hazırlığına xərcləmək" niyyətindədir. 

Prezident Tramp da öz növbəsində tələbin miqyasını qlobal təhlükələrin artması ilə izah edib.

"Biz ordu qurmalıyıq. Xərclərə çox diqqət yetiririk, amma ordu qurmalıyıq", - dövlət başçısı bildirib.

S.ELAY

XQ

Dünya