Tramp Ukrayna üzrə danışıqlar üçün sabah İstanbula getməyə hazırdır

post-img

ABŞ Prezidenti Donald Tramp lazım gələrsə, Ukrayna ilə bağlı danışıqlar üçün mayın 16-da İstanbula gəlməyə hazır olduğunu açıqlayıb. O, bunu mayın 15-də Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə deyib.

Məlumatı “İzvestiya.ru” verib. 

“Biz buna son qoymağa çalışacağıq. Getməyi düşünürəm, lakin bu gün və sabah gördüyümüz işlərə görə bu, çox çətindir. Amma bilirsiniz ki, əgər bir şey baş versəydi, uyğun olsa, cümə günü gedərdim”, - Tramp bildirib.

O, Rusiya ilə Ukrayna arasında danışıqların “yaxşı gedəcəyinə” inanır.

Mayın 12-də Tramp Rusiya və Ukrayna rəsmiləri arasında İstanbulda keçirilən görüşün çox mühüm hadisə olduğunu deyib. O, danışıqlar zamanı münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verəcək mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə birbaşa danışıqların aparılmasını və mayın 15-də dialoqun bərpasını təklif edib. Daha sonra dövlət başçısı danışıqlar üçün ekspertlərin tərkibini təsdiqləyib. Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.

P.ƏMİRCANOV
XQ

Dünya