2027-ci ildə genişmiqyaslı qlobal münaqişənin baş verməsi ehtimalı böyükdür. Ən azından, təhlükəsizlik və risklər üzrə məsləhətçi Castin Kramp bu ssenarini real hesab edir və Britaniyanın iri şirkətlərinə belə bir vəziyyətdə necə davranmalı olduqları barədə tövsiyələr verir. The Telegraph qəzetinin yazdığına görə, vəziyyətin gərginləşməsi fonunda getdikcə daha çox biznes lideri bu riski ciddi qəbul edir və müvafiq hazırlıqlara başlayır.
Kramp keçmiş tank komandiri və hazırda kəşfiyyat və təhlükəsizlik sahəsində fəaliyyət göstərən Sibylline konsaltinq şirkətinin rəhbəridir. Onun müştəriləri arasında Britaniyanın aparıcı supermarket şəbəkələri və Silikon Vadisinin texnologiya nəhəngləri də var. Bu şirkətlər münaqişə şəraitində fəaliyyətlərini davam etdirmək üçün təcili planlar hazırlayırlar.
Kramp fikirlərini açıq şəkildə ifadə edir: o, qlobal münaqişənin başlanmasına iki ildən az vaxt qaldığını düşünür. Onun sözlərinə görə, “hazırda baş vermə ehtimalı olan çoxsaylı böhran ssenariləri var və bunlara qarşı tədbirlər artıq görülür”.
“CEO-lar müharibə şəraitində fəaliyyət ssenarilərini sınaqdan keçirmək istəyirlər, çünki bunun real olduğunu düşünürlər. Onlar əmin olmaq istəyirlər ki, biznesləri belə bir situasiyada davam gətirə bilər,” – deyə o bildirir.
Kramp, həmçinin İran və Tayvan ətrafında artan gərginliyi, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və digər regionlarda təsir dairəsini genişləndirmə planlarını, eləcə də ABŞ-da Donald Trampın beynəlxalq münasibətlərdə “1940-cı illərin qaydalara əsaslanan nizamına” qarşı çıxışını qlobal təhlükələrin əsas mənbəyi kimi qeyd edir. Onun fikrincə, bu fonda müharibə planlaşdırmaq panikaya düşmək deyil, rasional davranışdır. O, 2027-ci ili maksimum təhlükə dövrü kimi qiymətləndirir.
Əgər Böyük Britaniya münaqişəyə cəlb olunsa, ölkə daxilində ciddi işçi çatışmazlığı yarana bilər. Kramp qeyd edir ki, İkinci Dünya müharibəsi zamanı tətbiq edilən və 18-41 yaş arası kişiləri əhatə edən məcburi hərbi çağırışın yenidən gündəmə gəlməsi “çox ağır nəticələrə” səbəb ola bilər.
Bununla belə, o ehtimal edir ki, Britaniya silahlı qüvvələrinin ehtiyat kontingenti, eləcə də “strateji ehtiyat” kimi tanınan, hələ də hərbi xidmətə yararlı olan 1,8 milyon veteran səfərbər edilə bilər. Hazırda təxminən 32 min könüllü ehtiyatda olan əsgər və dəqiq sayı açıqlanmayan daimi ehtiyatda olan keçmiş hərbçilər ehtiyat çağırışına tabedir.
Kramp xatırladır ki, COVID-19 pandemiyası dövründə supermarketlərdə yaşanan xaos – xüsusilə də tədarük zənciri problemləri səbəbindən ərzaq məhsullarına tətbiq edilən məhdudiyyətlər – genişmiqyaslı münaqişə şəraitində daha da kəskin şəkildə təkrarlana bilər. Həmin dövrdə supermarketlərdə müştərilərə bir nəfərə düşən pomidor konservi və digər məhsulların sayına məhdudiyyət qoyulmuşdu.
S.ELAY
XQ