Moskvanın cənubunda baş vermiş partlayış nəticəsində iki polis əməkdaşı da daxil olmaqla üç nəfər həlak olub. Məlumatı “Euronews” verib.
Rusiya hakimiyyəti dekabrın 24-ü gecəsi Moskvada iki polis məmurunun və daha bir nəfərin ölümünə səbəb olan partlayışın səbəblərini araşdırır. İki hüquq-mühafizə orqanı əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib. Paytaxtın cənubundakı Yeletskaya küçəsində baş verən hadisə terror aktı kimi qiymətləndirilib.
Məlumata görə, polis əməkdaşları yol polisi maşınının yaxınlığında şübhəli bir şəxsi - maska geymiş və başını örtmüş bir kişini görüblər. Onu saxlamağa yaxınlaşarkən partlayıcı qurğu işə düşüb. Bir fərziyyəyə görə, partlayıcı qurğu maşının altında olub. Hüquq-mühafizə orqanları ilə sıx əlaqəsi olan “112” Telegram kanalı naməlum şəxsin “yol polisi maşınına qaçaraq içərisində naməlum qurğu olan bir bağlama atdığını” bildirib.
Digər bir resurs, “Beware, News” Telegram kanalı yazır ki, üçüncü qurban, ehtimal ki, bombanı işə salan şəxsin özüdür.
Ukrayna mediası Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən bildirib ki, partladılmış Daxili İşlər Nazirliyinin əməkdaşları müharibədə iştirak edib və ukraynalı hərbi əsirlərə işgəncə veriblər. İki gün əvvəl Yeletskaya hadisəsindən bir az aralıda, Moskvada avtomobil partlayışı nəticəsində Rusiya ordusunun generalı həlak olub.
P.ƏMİRCANOV
XQ

